Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına sənaye sahələrinə kredit vəsaitlərinin ayrılmasının Metodiki Təlimatı

 Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına sənaye sahələrinə kredit vəsaitlərinin ayrılması şərtlərinin və təyinatı üzrə istifadəsinə nəzarətin qiymətləndirilməsinə dair

Metodiki Təlimat

 1. Ümumi müddəalar

1.1.   Muxtar Respublikada sənaye sahələrinə (sənaye məhəllələri istisna olmaqla) güzəştli kreditlərin ayrılması ilə bağlı sahibkarlıq subyektləri tərəfindən təqdim edilmiş məlumatlar üzrə vəziyyətin qiymətləndirilməsinə dair Metodiki Təlimat (bundan sonra - Metodiki Təlimat) “Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 07 avqust 2018-ci il tarixli 133-V FR nömrəli Fərmanına, həmin Fərmanla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”nə,  “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”na  və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.

 

1.2. Bu Metodiki Təlimat sənaye müəssisələrinin yaradılmasına güzəştli kreditlərin ayrılması ilə bağlı sahibkarlıq subyektləri tərəfindən təqdim edilmiş məlumatların və digər zəruri sənədlərin vəziyyətin qiymətləndirilməsi (bundan sonra - qiymətləndirmə) qaydasını və qiymətləndirmə zamanı Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun (bundan sonra - Fond) əməkdaşlarının, müraciət etmiş hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir.

 

  1. Qiymətləndirmənin məqsədi və formaları

 

2.1. Sənaye müəssisələrinə güzəştli kreditlərin alınması ilə bağlı sahibkarlıq subyektləri tərəfindən təqdim edilmiş məlumatlar üzrə vəziyyətin qiymətləndirilməsinə dair Metodiki Təlimatın məqsədi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 07 avqust 2018-ci il tarixli 133-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”na uyğun olaraq ayrılmış kreditlərdən düzgün, o cümlədən təyinatı üzrə istifadə və istifadəsinə nəzarətin təmin olunmasından ibarətdir.

2.2. Qiymətləndirmənin aşağıdakı formalarından istifadə olunur:

2.2.1.   Güzəştli kreditin ayrılması ilə bağlı ilkin qiymətləndirmə - kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektlərində müraciətin daxil olduğu tarixdən etibarən aparılır.

 

2.2.2.   Ayrılmış kredit vəsaiti ilə biznes planda nəzərdə tutulan öhdəliklər üzrə qiymətləndirmə - kredit ayrılmış sahibkarlıq subyektləri tərəfindən sənayenin sahələri üzrə görüləcək işlərlə bağlı Fonda məlumat verildikdən sonra aparılır.

2.2.3.    Ümumi qiymətləndirmə - Güzəştli kredit ayrılmış sahibkarlıq subyektlərində təqdim edilmiş məlumatlar üzrə rübdə bir dəfədən az olmayaraq aparılır.

2.2.4.   Növbədənkənar qiymətləndirmə - Güzəştli kredit ayrılmış sahibkarlıq subyektlərində biznes plana uyğun olaraq qaydalarda müəyyən olunmuş öhdəliklərdən kənarlaşma, eləcə də sahibkarlıq subyekti tərəfindən kreditin təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsi və s. haqqında məlumat daxil olduqda aparılır.

 

  1. 3.  Qiymətləndirmənin aparılması

 

3.1.Güzəştli kreditin ayrılması ilə  bağlı ilkin qiymətləndirmə üzrə:

Güzəştli kreditin ayrılması ilə bağlı ilkin qiymətləndirmə kredit almaq üçün müraciət etmiş hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunmuş biznes plana və qanunvericiliklə müəyyən olunmuş meyarlara uyğunluğunun qiymətləndirilməsi məqsədilə aparılır.

Qiymətləndirmə zamanı aşağıdakılar nəzərdən keçirilir:

    -Yaradılacaq sahənin muxtar respublika ərazisində olduğu nəzərə alınaraq muxtar respublikada yaşayan və daimi qeydiyyatda olan hüquqi və ya fiziki şəxslərin müraciətinin qeydiyyata alınması;

    -Kredit almaq üçün müraciət etmiş şəxsin bu sahədə təcrübəsinin olub-olmaması;

    -Kredit almaq üçün müraciət etmiş hüquqi və ya fiziki şəxsə bundan öncə Fondun vəsaiti hesabına eyni adlı və ya digər layihə üzrə dövlət maliyyə dəstəyi göstərilmişsə həmin layihənin mövcud olmasının araşdırılması, əks təqdirdə hər hansı səbəbdən layihəsinin icrasına xitam verilmişsə kreditin verilməsinə imtina olunması; 

 -Kiçik və orta həcmli istehsal sahələrinin yaradılması üçün 2.500,0 manatdan 500.000,0 manata qədər, reallaşdırılacaq iri həcmli layihələr üçün dəyərinin maksimum 50 faizi həcmində kreditin verilməsi;

    -Kredit ayrılacaq hüquqi və ya fiziki şəxslərin kredit borcunun və ya zaminlik öhdəliklərinin olub-olmamasının araşdırılması, əks təqdirdə gələcəkdə kreditin qaytarılması risklərinin olacağı nəzərə alınaraq kreditin verilməsinə imtina edilməsi;

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin kredit müqabilində girov predmetinin olub-olmaması; 

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin yaşayış minimumu nəzərə alınmaqla ödəmə imkanlarının araşdırılması;

    -Kredit almaq üçün müraciət etmiş sahibkarlıq subyektinin aidiyyəti sahəyə uyğun müvafiq ərazinin (torpaq, tikili və s) olub-olmaması;

  -Yaradılması nəzərdə tutulan sənaye sahələri dövlət və bələdiyyə mülkiyyətində olan ərazilərdə (torpaq, tikili və s.) icarə müqaviləsi əsasında fəaliyyət göstərdikdə kreditorla Fond  arasında kreditin qaytarılması müddəti ərzində istehsal sahəsində quraşdırılmış daşınar əmlakların (avadanlıq, qurgu və digər vasitələrin) yüklülüyünə dair tərəflər (tərəflər dedikdə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu və kreditor hüquqi və ya fiziki şəxs) arasında ipoteka müqaviləsinin bağlanması (ipoteka müqaviləsi əlavə olunur);   

-İstehsal sahələrinin yaradılmasına dair, o cümlədən tikinti işlərinin aparılmasına dair müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarından razılığın alınması.

3.2. Ayrılmış kredit vəsaiti ilə biznes planda nəzərdə tutulan öhdəliklər üzrə görülmüş işlərin qiymətləndirilməsi:

Ayrılmış kredit vəsaitindən təyinatı üzrə istifadə olunması məqsədilə biznes planda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi, o cümlədən kredit vəsaitinin və özəl investisiya qoyuluşunun qiymətləndirilməsi məqsədilə aparılır.

Qiymətləndirmə zamanı aşağıdakılar nəzərdən keçirilir:

 

- “Biznes Plan”dakı maliyyə planına uyğun olaraq rəsmi qaydada alınmış daşınar əmlakların (avadanlıq, qurgu, xammal-material və digər vasitələrin) alqı-satqı müqaviləsinin bağlanılması;

 - İstehsal sahələri yaradılarkən təmir-tikinti işlərinin aparılmasına dair çəkilən xərclərin rəsmiləşdirilməsi və Fonda təqdim olunması.

 

3.3. Ümumi qiymətləndirmə:

Ümumi qiymətləndirmə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 07 avqust 2018-ci il tarixli 133-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”na müvafiq olaraq həyata keçirilir.

3.4. Növbədənkənar qiymətləndirmə:

Növbədənkənar qiymətləndirmə kənarlaşma ilə bağlı məlumat daxil olduqda və ya Fondun təşəbbüsü ilə sahibkarlıq subyektinə verilmiş kreditlərin təyinatı üzrə istifadə olunması vəziyyətinin qiymətləndirilməsi məqsədilə aparılır.

Qiymətləndirmə zamanı aşağıdakılar nəzərdən keçirilir:

-   Vəsaitdən təyinatı üzrə istifadə olunmasında  mövcud vəziyyət;

-   Biznes planda və digər normativ-hüquqi sənədlərdə nəzərdə tutulmuş öhdəliklərin icrası.

 

3.5.      Zərurət yarandığı hallarda qiymətləndirmənin aparılması prosesinə Fondun təşəbbüsü ilə aidiyyəti dövlət orqanlarının nümayəndələri və müstəqil ekspertlər cəlb oluna bilər.

3.6. Qiymətləndirmə Fondun və müvəkkil kredit təşkilatının aidiyyəti əməkdaşlarının və sahibkarlıq subyektinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə aparılır.

 

  1. 4.  Qiymətləndirmənin nəticələri

4.1.        Aparılan qiymətləndirmənin nəticələrinə dair müvafiq akt tərtib olunur və qiymətləndirmə iştirakçıları tərəfindən imzalanır.

4.2.   Qiymətləndirmə zamanı yeni müraciət etmiş sahibkarlıq subyektində aşkara çıxan pozuntular 30 (otuz) gün ərzində aradan qaldırılmadıqda imtina olunur. Kredit ayrılmış sahibkarlıq subyektlərinə isə verilmiş kredit vəsaitinin vaxtından əvvəl geri qaytarılması məqsədilə qanunvericiliyə müvafiq zəruri tədbirlər görülür.

4.3.   Kredit ayrılmış şəxs     və  ya      onun         səlahiyyətli  nümayəndəsi tərəfindən qiymətləndirmə aktının imzalanmaması qiymətləndirmənin nəticələrinə təsir göstərmir.

4.4.   Kredit ayrılmış şəxs və      ya      onun         səlahiyyətli nümayəndəsi tərəfindən  qiymətləndirmə aktına qeydlər əlavə oluna bilər.

 

  1. 5.           Qiymətləndirmə iştirakçılarının hüquq və vəzifələri

5.1.   Qiymətləndirmə iştirakçıları aşağıdakılardır:

5.1.1.Fondun əməkdaşları;

5.1.2.   Qiymətləndirmənin aparılması prosesinə cəlb olunmuş aidiyyəti dövlət orqanlarının nümayəndələri və müstəqil ekspertlər;

5.1.3.Kredit ayrılmış   şəxs və ya onların səlahiyyətli nümayəndələri.

5.2. Fondun hüquqları:

5.2.1.   Zərurət yarandığı hallarda qiymətləndirmənin aparılması prosesinə aidiyyəti dövlət orqanlarının nümayəndələrini və müstəqil ekspertləri cəlb etmək;

5.2.2.   Qiymətləndirmənin aparılması üçün kredit ayrılmış sahibkarlıq subyektlərindən zəruri olan sənədləri tələb etmək;

5.2.3.   Qiymətləndirmə aktına əlavə etmək üçün sahibkarlıq subyektinin razılığı ilə qiymətləndirmə zamanı foto və video çəkiliş aparmaq;

5.2.4.   Zəruri hallarda digər dövlət orqanları və müəssisələr ilə əməkdaşlıq etmək və zəruri məlumatları əldə etmək;

5.2.5.   Qiymətləndirmə ilə əlaqədar qanunvericiliklə qadağan olunmayan digər hüquqlardan istifadə etmək.

5.3.   Fondun vəzifələri:

5.3.1.   Qiymətləndirmənin nəticələrini sahibkarlıq subyektinin rəhbərliyi ilə müzakirə etmək;

5.3.2.Qiymətləndirmənin nəticələrinə dair müvafiq akt tərtib etmək;

5.3.3.   Aparılmış qiymətləndirmə barədə mütəmadi olaraq iqtisadiyyat nazirinə hesabat təqdim etmək;

5.3.4.   Bu Metodiki Təlimata uyğun olaraq qiymətləndirmənin nəticələrinə dair digər tədbirlər görmək.

5.4.   Sahibkarlıq subyektlərinin hüquqları:

5.4.1.Qiymətləndirmənin aparılması prosesində iştirak etmək;

5.4.2. Qiymətləndirmənin nəticələrinə dair tərtib olunmuş aktla tanış olmaq;

5.5.   Sahibkarlıq subyektlərinin vəzifələri:

5.5.1.    Ayrılmış kredit vəsaitinin aidiyyəti üzrə sərf olunması istiqamətində mütəmadi olaraq Fonda məlumat vermək;

5.5.2.     Qiymətləndirmənin aparılması prosesində iştirak edən şəxsə (şəxslərə) vəzifələrini icra etmək üçün şərait yaratmaq;

5.5.3.    Qiymətləndirmənin aparılması zamanı tələb olunan müvafiq sənədləri təqdim etmək;

5.5.4.    Qiymətləndirmənin aparılması zamanı zərur’t yaranarsa foto və video çəkilişlərin aparılması üçün şərait yaratmaq;

5.5.5.    Qiymətləndirmənin nəticəsi üzrə Fondun  tövsiyə və tapşırıqlarını icra etmək.