Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi haqqında ümumi məlumat
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 1 may tarixli Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 10 aprel 2014-cü il tarixli Sərəncamı ilə İqtisadiyyat və Sənaye Nazirliyi yaradılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 19 yanvar tarixli Sərəncamı ilə İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirilərək İqtisadiyyat Nazirliyi adlandırılmışdır.
Bu qurum da hər tərəfli dövlət qayğısı ilə əhatə olunmuş, nazirliyin inzibati binası yenidən qurularaq maddi-texniki bazası gücləndirilmişdir. Eyni zamanda nazirliyin tabeliyindəki qurumlar üçün müasir standartlara uyğun yeni binalar tikilmiş, maddi-texniki bazaları möhkəmləndirilmişdir. Belə ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC üçün 2008-ci ilin 28 noyabr ayında yeni bina tikilərək istifadəyə verilmiş, ən müasir avadanlıqlarla təchiz edilmiş, 07 aprel 2011-ci tarixdə “Naxçıvan Biznes Mərkəzi” MMC yaradılmışdır.
Ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən iqtisadi inkişaf modelinin strateji istiqamətlərindən biri mövcud təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal sürətdə təsərrüfat dövriyyəsinə cəlb olunmasıdır. Bu da öz növbəsində regionların sosial-iqtisadi inkişafı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və bir sıra konkret sahələr üzrə mühüm dövlət proqramlarının qəbul edilməsinə şərait yaratmışdır. Bu mühüm sənədlərin bir çoxu indi də uğurla icra olunur. Bu proqramların fərqləndirici xüsusiyyətləri onların iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə almaqla və gələcəyə hesablanmaqla hazırlanmışdır.
Ölkədə aparılan ardıcıl və sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri dövlət əmlakının qorunması və dövlət mülkiyyətinin özəlləşdirilməsi təşkil edir. Dövlətin iqtisadi siyasətinin əsas məqsədlərinə uyğun olaraq muxtar respublikada da özəlləşdirmə prosesi uğurla həyata keçirilməkdədir. Bu istiqamətdə dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi və özəlləşdirilməsi, cəmiyyətlərin fəaliyyətinin bərpası və ya yeni istehsal və xidmət sahələrinin qurulması, müəssisə, təşkilat və obyektlərin, nəqliyyat vasitələrinin, torpaq sahələrinin özəlləşdirilməsi, dövlət mülkiyyətində olan obyektlərin icarəyə verilməsi, dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadəsinə nəzarət olunması təmin edilmişdir.
Muxtar respublikamızda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas məqsədi özəl sektorun inkişafı, bu istiqamətdə bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılmasından ibarətdir. Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə sahibkarlığın inkişafı istiqamətində də ardıcıl, səmərəli və sistemli tədbirlər həyata keçirilmiş, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi formlaşdırılmışdır. Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 7 avqust tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılmışdır.
Sahibkarların fəaliyyətlərinə kənar müdaxilələrin qarşısının alınması, hüquqlarının müdafiəsi məqsədilə “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 2002-ci il 30 sentyabr tarixli Fərmanına müvafiq olaraq sahibkarlar nəzarət kitabçaları ilə təmin edilmiş, nazirlikdə yaradılmış “Qaynar xətt” vasitəsilə sahibkarlıq subyektləri ilə maarifləndirmə istiqamətində işlər aparılmış, onların problemləri öyrənilmiş və nazirliyin səlahiyyətləri daxilində həllinə köməklik göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamına əsasən “Naxçıvan Biznes Mərkəzi” MMC nəzdində və sahibkarlıq subyektlərində xalçaçılıq, misgərlik, taxta üzərində oyma sahələri üzrə emalatxanalar yaradılmışdır.
Sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması, sahibkarların problemlərinin öyrənilməsi, onlara dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə hə il ənənəvi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sahibkarlarla görüşü keçirilir. Sahibkarların fəaliyyətinin qiymətləndirilməsi məqsədilə 2009-cu ildə “Biznesdə uğur” mükafatı təsis edilmişdir. Ötən müddət ərzində muxtar respublikanın biznes mühitinin möhkəmləndirilməsi və sahibkarlığın inkişafına verdiyi dəstəyə görə “Biznesdə uğur” mükafatı “İlin sahibkarı”, “İlin şirkəti”, “İlin məhsulu” və “İlin ixracatçısı” nominasiyaları üzrə təqdim edilmişdir.
İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu qurumlar:
“Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində yaradılmış kartof cipsi, alma sirkəsi, milli şirniyyat istehsalı sahələri fəaliyyət göstərməkdədir.
“Naxçıvan Meyvə-Tərəvəz Məhsulları”Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublika əhalisinin ərzaq məhsullarına olan tələbatının daha dolğun və keyfiyyətlə ödənilməsi, daxili bazarda süni qiymət artımının qarşısının alınması və yerli istehsalçıların fəaliyyətinin stimullaşdırılması istiqamətində “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti mühüm rola malikdir.
“Orqanik Məhsul Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan Muxtar Respublikasında nümunəvi fermer təsərrüfatlarının yaradılması istiqamətində pilot layihələrin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 05 dekabr 2016-cı il tarixli 111s nömrəli Sərəncamına müvafiq olaraq Nazirlik tərəfindən təsis edilmişdir.
“Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti daxili bazarı yerli məhsullarla təmin edən müəssisələrdən biridir. Zəngin duz yataqları Naxçıvan şəhərindən 12 kilometr aralıda, dəniz səviyyəsindən 1173 metr yüksəklikdəki Duzdağ ərazisində yerləşir. Bu mədənlərdə duz istehsalının tarixi e.ə. III-II minilliklərə təsadüf edir. Duzdağ yatağından sənaye üsulu ilə duz çıxarılmasına isə ilk dəfə 1927-ci ildə başlanıb.