Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 2014-cü il 14 may tarixli 111-IV FR
nömrəli Fərmanı ilə təsdiq edilmiş, 21 iyun
2016-cı il tarixli 30-V FR nömrəli Fərmanı ilə
əlavə və dəyişikliklər edilmişdir.
Naxçıvan Muxtar Respublikasının
İqtisadiyyat Nazirliyi haqqında
Ə S A S N A M Ə
1. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra-Nazirlik) Naxçıvan Muxtar Respublikasının iqtisadi siyasətini, iqtisadi və sosial proqnozlarını işləyib hazırlayan, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən sənayenin inkişafı, muxtar respublika iqtisadiyyatında struktur və innovasiya, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, sahibkarlığın inkişafı, sahibkarlığa dövlət dəstəyi, rəqabətin qorunması, inkişafı və təşviqi, haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, dövlət əmlakının idarə olunması, onun özəlləşdirilməsi, dövlət əmlakı barəsində sərəncam verilməsi, dövlət əmlakının və onun barəsində bağlanan əqdlərin qeydiyyatının aparılması, dövlət müəssisələrinin sağlamlaşdırılması və özəlləşdirməyə hazırlanması, dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması, daxili ticarət, xarici iqtisadi və ticarət əlaqələri, sosial-iqtisadi inkişaf və mənzil-kommunal təsərrüfatı sahələrində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.3. Nazirlik öz vəzifələrini və hüquqlarını həyata keçirərkən Naxçıvan Muxtar Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Nazirliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Nazirlik Naxçıvan şəhərində yerləşir.
2. Nazirliyin fəaliyyət istiqamətləri
2.0. Nazirlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
2.0.1. muxtar respublikanın iqtisadi və sosial inkişafı sahəsində dövlət siyasətini hazırlayır və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin edir;
2.0.2. sənaye sahəsində dövlət siyasətini hazırlayır və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin edir;
2.0.3. maliyyə, o cümlədən büdcə, vergi, pul-kredit və valyuta, bank, sığorta, qiymətli kağızlar bazarı, qiymət-tarif, dövlət satınalmaları və digər sahələrdə dövlət siyasətinin hazırlanmasında iştirak edir;
2.0.4. sənaye parklarının və xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti sahəsində dövlət siyasətini hazırlayır və həyata keçirilməsini təmin edir;
2.0.5. muxtar respublikada investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlayır və həyata keçirilməsini təmin edir;
2.0.6. sahibkarlığın inkişafı və sahibkarlığa dövlət dəstəyi sahəsində dövlət siyasətini hazırlayır və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin edir;
2.0.7. muxtar respublikada rəqabətin qorunması, inkişafı və təşviqi, o cümlədən haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində dövlət siyasətini hazırlayır və həyata keçirilməsini təmin edir;
2.0.8. istehlakçıların hüquqlarının qorunması və istehlak mallarının (işlərin, xidmətlərin) keyfiyyətinin təmin olunması sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlayır və həyata keçirilməsini təmin edir;
2.0.8-1. dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlayır və həyata keçirilməsini təmin edir;
2.0.8-2. dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının müsabiqə və aşkarlıq əsasında həyata keçirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üçün tədbirlər görür;
2.0.9. daxili ticarət, istehlak bazarı və xidmət sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlayır və həyata keçirilməsini təmin edir;
2.0.10. yeyinti məhsullarının idxalı və ixracı zamanı onların keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirir;
2.0.11. muxtar respublikada xarici iqtisadi əlaqələrin və xarici ticarət fəaliyyətinin inkişafı və tənzimlənməsi sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlayır və həyata keçirilməsini təmin edir;
2.0.12. muxtar respublikanın sosial-iqtisadi inkişafı sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlayır və həyata keçirilməsini təmin edir;
2.0.13. mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlayır və həyata keçirilməsini təmin edir;
2.0.14. muxtar respublikanın iqtisadi və sosial inkişaf proqnozlarını hazırlayır;
2.0.15. makroiqtisadi proqnozlaşdırmanı həyata keçirir, dövlət və icmal büdcələrin gəlir və xərclərinin əsaslandırılmasında iştirak edir;
2.0.16. muxtar respublikanın iqtisadiyyatında struktur və innovasiya siyasətini hazırlayır və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirir;
2.0.17. muxtar respublikanın iqtisadi təhlükəsizliyi və davamlı inkişafı, iqtisadi maraqlarının qorunması sahəsində tədbirlərin hazırlanmasını və həyata keçirilməsini aidiyyəti dövlət orqanları ilə birlikdə təmin edir;
2.0.18. aidiyyəti dövlət orqanları ilə birlikdə sosial-iqtisadi inkişaf, o cümlədən prioritet sahələrin inkişafı üzrə konsepsiyaların və dövlət proqramlarının hazırlanmasını, icrasının əlaqələndirilməsini və nəzarətini (monitorinqini) həyata keçirir;
2.0.19. dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlayır və həyata keçirilməsini təmin edir;
2.0.20. qanunvericiliklə müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən dövlət əmlakını idarə edir və onun barəsində sərəncam verir, dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq məqsədilə zəruri tədbirlər görür;
2.0.21. dövlət əmlakının və onun barəsində bağlanmış əqdlərin qeydiyyatını aparır, dövlət əmlakının inventarlaşdırılmasını təşkil edir;
2.0.22. qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin edir, dövlət müəssisələrinin özəlləşdirməyə hazırlanması və sağlamlaşdırılması sahəsində tədbirlər görür;
2.0.23. qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilmiş müəssisələrin inkişafına dəstək verir və onların fəaliyyətinin stimullaşdırılması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir, dövlət müəssisələri özəlləşdirildikdən sonra onların yeni mülkiyyətçiləri tərəfindən həmin müəssisələrə investisiya qoyuluşu üzərində nəzarəti təmin edir;
2.0.24. müvafiq sahənin inkişafını təmin edir;
2.0.25. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir.
3. Nazirliyin vəzifələri
3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Nazirliyin vəzifələri aşağıdakılardır:
3.0.1. muxtar respublikanın iqtisadi və sosial inkişafının əsas istiqamətlərini hazırlamaq, aidiyyəti dövlət orqanlarının iştirakı ilə onların həyata keçirilməsini təmin etmək;
3.0.1-1. inhisarsızlaşdırma, bazarda rəqabət mühitinin inkişafı, istehlakçıların hüquqlarının müdafiəsi və dövlət satınalmaları sahələrində dövlət proqramlarının və inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.0.2. muxtar respublikanın sosial-iqtisadi vəziyyətini, inkişaf dinamikasını təhlil etmək, proqnozlaşdırmaq, iqtisadiyyatın dövlət tənzimlənməsi, iqtisadi və sosial inkişafın prioritet istiqamətləri barədə təkliflər hazırlamaq və aidiyyəti dövlət orqanlarına təqdim etmək;
3.0.3. aidiyyəti dövlət orqanları ilə birlikdə toplu maliyyə və tədiyyə balanslarını proqnozlaşdırmaq;
3.0.4. dövlət büdcəsinin formalaşdırılması üçün muxtar respublikanın iqtisadi və sosial inkişafının proqnoz göstəricilərini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
3.0.5. muxtar respublikanın iqtisadiyyatında, o cümlədən sənayesində struktur siyasətinin əsas istiqamətlərini hazırlamaq və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin etmək;
3.0.6. iqtisadiyyatda, o cümlədən sənayedə innovasiya və elmi-texniki siyasətin formalaşmasını aidiyyəti dövlət orqanları ilə birlikdə təmin etmək;
3.0.7. aidiyyəti dövlət orqanları ilə birlikdə muxtar respublikanın iqtisadi və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər hazırlamaq və həyata keçirmək;
3.0.8. maliyyə, o cümlədən dövlət büdcəsi, vergi, pul-kredit və valyuta, bank, sığorta, qiymətli kağızlar bazarı, qiymət-tarif, dövlət satınalmaları və digər sahələrdə dövlət siyasətinin işlənib hazırlanmasında və tənzimlənməsində, prioritetlərin müəyyən olunmasında iştirak etmək;
3.0.9. muxtar respublikanın sosial siyasətinin, o cümlədən sosial sahələrin inkişafına dövlət dəstəyi mexanizmlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.0.10. əmək ehtiyatları və məşğulluq sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək;
3.0.11. qiymət-tarif siyasətinin ümumi prinsiplərinə, dövlət tərəfindən qiymətləri tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına, o cümlədən sosial əhəmiyyətli və təbii inhisar subyektlərinin məhsullarının qiymətlərinin tənzimlənməsinə, habelə tənzimlənən qiymətlərin formalaşdırılmasına dair təkliflər vermək, tətbiqi qaydalarına nəzarəti həyata keçirmək, ayrı-ayrı sahələr üzrə müəssisə və təşkilatlara, investorlara güzəştlərin verilməsinə dair təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
3.0.12. muxtar respublikada əsas fondların təzələnməsi siyasətinin hazırlanmasında, onların yenidən qiymətləndirilməsində, amortizasiya normalarının hazırlanmasında və tətbiq edilməsində iştirak etmək;
3.0.13. muxtar respublikada aparılan iqtisadi siyasətə uyğun olaraq aidiyyəti dövlət orqanları ilə birlikdə rüsumların və vergilərin, digər icbari ödənişlərin dərəcələri ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
3.0.14. təbii, o cümlədən enerji resurslarından səmərəli istifadə mexanizminin, muxtar respublikanın yanacaq-enerji balansının işlənib hazırlanmasında və onun strukturunun təkmilləşdirilməsində iştirak etmək;
3.0.15. dövlət aktivlərinin idarə edilməsinə dair dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində, dövlət mülkiyyətinin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək;
3.0.16. sənayenin, o cümlədən onun ayrı-ayrı sahələrinin mövcud vəziyyətini təhlil etmək, gələcək inkişafını proqnozlaşdırmaq, sənaye sektorunun inkişafı və islahatı prioritetlərinin müəyyən olunmasına və dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
3.0.17. Nazirliyə həvalə olunan hallarda və qaydada dövlət müəssisələrində və ya nizamnamə kapitalında dövlətin payı olan müəssisələrdə dövlətin maraqlarını təmsil etmək;
3.0.18. Nazirliyə həvalə olunan hallarda və qaydada nizamnamə kapitalında dövlətin payı olan sənaye müəssisələrinin yenidən qurulması, təkmilləşdirilməsi və sağlamlaşdırılması məqsədi ilə təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək, bu məqsədlə aidiyyəti dövlət orqanlarından və təşkilatlardan belə müəssisələrin vəziyyəti haqqında lazımi məlumatlar almaq, onları təhlil etmək;
3.0.19. muxtar respublikanın sənaye məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsini genişləndirmək məqsədi ilə tədbirlər hazırlamaq və həyata keçirmək;
3.0.20. yerli resurslardan səmərəli istifadə etməklə rəqabətqabiliyyətli son sənaye məhsulu istehsalının, yeni sənaye sahələrinin, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılmasının və fəaliyyətinin, habelə sənaye sahələri üzrə innovasiya fəaliyyətinin stimullaşdırılması, dəstəklənməsi və təşviqi ilə bağlı təkliflər vermək;
3.0.21. sənaye parklarının və xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti sahəsində dövlət siyasətini və tənzimlənməsini hazırlamaq və həyata keçirmək;
3.0.22. sənaye istehsalının regional strukturunun təkmilləşdirilməsi, sənaye zonalarının (sənaye klasterlərinin) yaradılması və ərazi planlaşdırılması sənədlərindən sənaye zonaları üçün ərazilərin planlaşdırılması ilə bağlı aidiyyəti dövlət və yerli özünüidarə orqanları ilə birlikdə tədbirlər həyata keçirmək;
3.0.23. sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, təkmilləşdirilməsi və onların infrastruktur təminatının yaxşılaşdırılması məqsədi ilə təkliflər vermək, müvafiq tədbirlər hazırlamaq və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirmək;
3.0.24. aidiyyəti dövlət orqanları ilə birlikdə investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qorunması və təşviqi sahələrində dövlət siyasətini və dövlət tənzimləmə mexanizmini hazırlamaq və həyata keçirmək;
3.0.25. muxtar respublikada investisiya imkanlarını araşdırmaq, investisiya tələbatını öyrənmək, investisiya mühitinin yaxşılaşdırılmasına və investisiyaların stimullaşdırılmasına dair təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
3.0.26. aidiyyəti dövlət orqanları ilə birlikdə muxtar respublika iqtisadiyyatına investisiyalar cəlb etmək, onlardan istifadə olunması tədbirlərini hazırlayıb həyata keçirmək, investorlara kömək etmək, investisiya fəaliyyəti ilə bağlı beynəlxalq iqtisadi (ticarət) və maliyyə (kredit) təşkilatları, xarici dövlətlərin müvafiq qurumları, hüquqi və fiziki şəxsləri ilə əməkdaşlıq etmək;
3.0.27. investisiya qoyuluşu sahəsində dövlət zəmanəti ilə alınan kreditlərin layihələri üzrə müqavilələrin (sazişlərin, kontraktların) və ya təkliflərin iqtisadi ekspertizasını aparmaq, belə kreditlərə dair xarici investorlarla danışıqlarda iştirak etmək, onların icrasına nəzarəti həyata keçirmək;
3.0.28. dövlətə, dövlət orqanları və müəssisələrinə, nizamnamə kapitalında dövlətin payı olan müəssisələrə və digər dövlət təsisatlarına ayrılan qrant, maliyyə və texniki yardım layihələrinin və müvafiq müqavilə (saziş, kontrakt) layihələrinin iqtisadi ekspertizasını həyata keçirmək, onların iqtisadi nəticələrini qiymətləndirən sənədləri araşdırmaq, prioritet sahələri və əməkdaşlıq üçün əhəmiyyət kəsb edən layihələri müəyyənləşdirmək, həmin layihələrə dair danışıqlar aparmaq və ya danışıqlarda iştirak etmək, ayrılmış qrantları, maliyyə və texniki yardımları əlaqələndirmək, onlardan məqsədyönlü və səmərəli istifadə olunmasına nəzarəti həyata keçirmək, müvafiq hesabatları və sənədləri almaq;
3.0.29. dövlət büdcəsi hesabına əsaslı vəsait qoyuluşunun istiqamətlərini müəyyənləşdirmək, dövlət investisiya qoyuluşlarının səmərəliliyinin artırılması ilə bağlı tədbirlər görmək;
3.0.30. dövlət investisiya təkliflərini (layihələrini) qiymətləndirmək, dövlət investisiya proqramının layihəsini tərtib etmək, təsdiq olunduqdan sonra həmin proqramda nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsini və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək, habelə aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət investisiya proqramına daxil olan layihələrin icrasının monitorinqi ilə bağlı tədbirlər görmək;
3.0.31. sahibkarlığın inkişafı və sahibkarlığa dövlət dəstəyi sahəsində dövlət siyasətini və dövlət tənzimləməsini hazırlamaq və həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək;
3.0.32. sahibkarlığa dövlət dəstəyinin əsas istiqamətlərinin, ümumi şərtlərinin, formalarının və mexanizmlərinin hazırlanmasını təmin etmək və onların həyata keçirilməsində iştirak etmək;
3.0.33. sahibkarlığa dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsi vəsaitlərinin, xarici və beynəlxalq kreditlərin (qrantların və digər maliyyə vəsaitlərinin) cəlb edilməsi üçün tədbirlər görmək;
3.0.34. dövlət orqanlarından və təşkilatlarından, yerli özünüidarə orqanlarından, digər şəxslərdən sahibkarların hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıran (pozan) hərəkətlərin dayandırılmasını tələb etmək;
3.0.35. sahibkarlığın inkişafı, sahibkarlıq mühiti, sahibkarlığa dövlət dəstəyi, özəl sektorda investisiya fəaliyyəti sahələrində mövcud vəziyyəti təhlil etmək, həmin sahələrin daha da inkişaf etdirilməsi məqsədi ilə təkliflərin hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
3.0.36. sahibkarların maarifləndirilməsi, o cümlədən sahibkarların iqtisadi və hüquqi informasiya ilə təmin edilməsi üçün tədbirlər görmək, kiçik və orta müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə beynəlxalq təcrübənin tətbiqini təmin etmək, onların rəqabət qabiliyyətinin artırılması istiqamətində təkliflər hazırlamaq;
3.0.37. sahibkarlıq fəaliyyətinin inkişafı və təşviqi üçün əhəmiyyət kəsb edən investisiya layihələrinin reallaşdırılması məqsədi ilə tədbirlər görmək;
3.0.38. sahibkarlığın inkişafı və əhalinin işgüzar fəaliyyətinin artırılması sahəsində dövlət maliyyə yardımının göstərilməsini Nazirliyin strukturuna daxil olan qurum vasitəsilə həyata keçirmək;
3.0.39. lisenziyalar və icazələr sisteminin tətbiqi sahəsində dövlət siyasətini və dövlət tənzimləməsinin əsas istiqamətlərini hazırlamaq və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirmək, lisenziya və icazə verən dövlət orqanlarına metodiki rəhbərliyi və informasiya təminatını yerinə yetirmək, muxtar respublikada lisenziya reyestrini aparmaq;
3.0.40. dövlət orqanları tərəfindən sahibkarlara lisenziyaların, sertifikatların və şəhadətnamələrin verilməsi sahəsində qanunvericiliyə riayət edilməsinə nəzarət etmək, lisenziyalaşdırma qaydalarının tətbiqinə dair izahatlar vermək;
3.0.41. təbii inhisar subyektlərinin fəaliyyətinin dövlətin iqtisadi siyasətinə müvafiq olaraq həyata keçirilməsinin monitorinqini aparmaq və təbii inhisar subyektlərinin siyahısına dair təkliflər vermək, bu məqsədlə həmin müəssisələrdən texniki-iqtisadi göstəriciləri almaq, onları təhlil etmək və bununla bağlı tədbirlər görmək;
3.0.42. rəqabətin qorunması, inkişafı və təşviqi, haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində dövlət siyasətini hazırlamaq, həmin siyasətin və bu sahədə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək;
3.0.43. istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması, istehlak mallarının (işlərinin, xidmətlərinin) keyfiyyətinin təmin olunması sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlamaq, istehlakçıların hüquqlarının qorunmasını, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunmasına, istehlak bazarında malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək;
3.0.44. rəqabətin təşviq etdirilməsi və qorunması, rəqabət mühiti yaradan iqtisadi strukturların, kiçik və orta müəssisələrin inkişaf etdirilməsi üzrə səlahiyyətləri daxilində tədbirlər görmək;
3.0.45. inhisarçılıq fəaliyyətinin qarşısının alınması, reklam fəaliyyəti və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət və yerli özünüidarəetmə orqanlarının, muxtar respublikada dövlət qeydiyyatından keçən qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) fəaliyyətlərini səlahiyyətləri daxilində əlaqələndirmək;
3.0.46. mülkiyyət formasından asılı olmayaraq, əmtəələrin istehsalı, satışı (əldə edilməsi), işlərin görülməsi və xidmətlərin (o cümlədən maliyyə xidmətləri) göstərilməsi ilə məşğul olan hüquqi və fiziki şəxslər və ya onların birlikləri (bundan sonra – təsərrüfat subyektləri), dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən antiinhisar (rəqabət) qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətini həyata keçirmək, rəqabətin məhdudlaşdırılmasına, yaxud aradan qaldırılmasına, təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirlər hazırlamaq və həyata keçirmək;
3.0.47. antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması, sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması, bazar subyektləri tərəfindən tətbiq olunan haqsız rəqabət hallarının aşkarlanması, onların aradan qaldırılması, bazarda ilkin (qeyri-inhisar) vəziyyətin bərpa edilməsi və qanun pozuntusuna yol vermiş şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görmək;
3.0.48. əmtəə və maliyyə xidmətləri bazarlarında istehsal və xidmətlərin həcmi, idxal-ixrac əməliyyatlarına dair və qanunvericiliyə uyğun olaraq digər mənbələrdən əldə olunan məlumatlar əsasında rəqabətin vəziyyətini araşdırmaq və təsərrüfat subyektlərinin hökmran mövqeyini müəyyən etmək;
3.0.49. təsərrüfat subyektlərinin, dövlət və bələdiyyə müəssisələrinin yaradılması, yenidən təşkili, ləğv edilməsi, onlar arasında bağlanmış əqdlərin həyata keçirilməsi, o cümlədən nizamnamə kapitalındakı qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş payların (səhm zərfinin) alınması zamanı antiinhisar qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada razılıq alınmaqla aparılmalı olan belə hərəkətlərin həyata keçirilməsinə razılıq vermək;
3.0.50. hökmran mövqedən sui-istifadə edən, inhisarçılıq fəaliyyəti göstərən, öz hərəkətləri ilə rəqabəti məhdudlaşdıran və istehlakçıların mənafelərini pozan təsərrüfat subyektləri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görmək;
3.0.51. qanunvericiliklə müəyyən olunmuş qaydada maliyyə-sənaye qruplarının fəaliyyətinə nəzarət etmək, onların fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması, qanun pozuntusuna yol vermiş şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görmək;
3.0.52. maliyyə-sənaye qruplarının dövlət qeydiyyatından keçməsinə, yaradılması haqqında müqavilə şərtlərində və qrup iştirakçılarının tərkibində edilən dəyişikliklərə antiinhisar (rəqabət) qanunvericiliyinin tələblərinə uyğunluğu barədə rəy vermək;
3.0.53. qanunvericiliyə uyğun olaraq dövlət satınalmaları zamanı antiinhisar (rəqabət) qanunvericiliyinin tələblərinə riayət edilməsinə nəzarət etmək;
3.0.54. təbii inhisar subyektlərinin hər biri üçün tətbiq edilməli olan tənzimləmə üsullarını müəyyən etmək və onların tətbiqini təmin etmək;
3.0.55. təbii inhisar subyektlərinin, maliyyə-sənaye qruplarının, müvafiq əmtəə bazarında payı qanunvericiliklə müəyyən edilmiş həddən çox olan müəssisələrin dövlət reyestrlərini aparmaq;
3.0.56. süni şəkildə qiymətlərlə manipulyasiya edilməsinə, qiymət ayrı-seçkiliyinə və qiymətlərin dempinqinə qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.0.57. qiymətlərin artmasına təsir göstərən inhisarlaşma, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması məqsədilə hər bir əmtəə bazarı üzrə monitorinqlər aparmaq və tədbirlər görmək;
3.0.58. təsərrüfat subyektlərinin antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması nəticəsində əldə etdikləri mənfəətin dövlət büdcəsinə ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görmək;
3.0.59. standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən, insanların həyatı və sağlamlığı, ətraf mühit üçün təhlükə yaradan, qanunvericiliyə uyğun olaraq sertifıkatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış, mənşəyi məlum olmayan, saxlanma və yararlılıq müddəti ötmüş malların (işlərin, xidmətlərin) satışının (icrasının) qarşısını almaq üçün belə malların (işlərin, xidmətlərin) satışı (icrası) ilə məşğul olan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.0.60. istehlakçıların hüquqlarının müdafiəsi və haqsız rəqabətin qarşısının alınması məqsədilə saxtalaşdırmaya qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.0.61. buraxılması və ya satılması qadağan olunmuş malların satılmasına, malların saxlanılması və ya satışı zamanı mal qonşuluğunun və satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.0.62. istehlakçıların çəkidə (ölçüdə), qiymətdə, hesabda aldadılmasına, mallar (işlər və xidmətlər) barədə istehlakçılara tam və düzgün məlumatların (keyfiyyəti, kəmiyyəti və sair) verilməməsinə, satış (icra) və mallara (işlərə və xidmətlərə) müvafiq zəmanətlərin verilməsi zamanı istehlakçılarla müqavilə şərtlərinin və qanunvericiliyin tələblərinin pozulmasına qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.0.63. özgənin ticarət markalarından və əmtəə (xidmət) nişanlarından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan qeyri-qanuni istifadə olunmasına qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək, zəruri hallarda aşkar edilmiş nöqsan və qüsurların aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanlarına təqdimatlar vermək;
3.0.64. istehlakçıların hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.0.65. yolverilməz reklam vasitəsilə satıcılar, istehsalçılar və reklamçılar tərəfindən istehlakçıların aldadılmasının qarşısını almaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək və belə reklamların yayımının dayandırılması üçün aidiyyəti təşkilatlara icrası məcburi olan göstərişlər vermək;
3.0.66. səlahiyyətləri daxilində satılan malların (işlərin, xidmətlərin) keyfiyyətinin yüksəldilməsi, nomenklaturunun və çeşidinin genişlənməsi barədə təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
3.0.67. öz səlahiyyətləri daxilində taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirmək, onların keyfiyyətinin müəyyən edilmiş qaydada təyin edilmiş ixtisaslaşdırılmış laboratoriyalarda vahid metodika əsasında qiymətləndirilməsini təmin etmək;
3.0.68. malın mənşə ölkəsini təsdiq edən sertifikat vermək, tabeliyindəki hüquqi şəxs olan qurumlar vasitəsilə malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar keçirmək;
3.0.69. malların (işlərin, xidmətlərin) keyfiyyəti və təhlükəsizliyi sahəsində tələblərin (standartların, təhlükəsizlik normalarının, keyfiyyətə nəzarət sistemlərinin, malların qablaşdırılması qaydalarının, yeyinti məhsullarının daşınması və saxlanması qaydalarının, ekoloji, baytarlıq, sanitar və fitosanitar normaların, malların, işlərin və xidmətlərin göstərilən normalara uyğunluğunun təmin edilməsi metodlarının) tətbiqi məqsədilə müvafiq orqanlarla qarşılıqlı fəaliyyət göstərmək;
3.0.70. istehlakçıların maarifləndirilməsi, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində mütəxəssislərin hazırlanması üzrə zəruri tədbirlər görmək;
3.0.71. aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və informasiya bankı yaratmaq;
3.0.72. ticarət və ictimai iaşə obyektlərində qida təhlükəsizliyinin idarə edilməsi sistemləri ilə bağlı müvafiq planların hazırlanması, tətbiqi, eləcə də həmin obyektlərin modernləşdirilməsi və texniki cəhətdən yenidən qurulması sahəsində zəruri metodiki və məsləhət xidmətləri göstərmək;
3.0.73. qanunvericiliyin pozulması ilə bağlı səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxmaq, təqsirkar şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq etmək;
3.0.74. Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının keyfiyyətinin təmin olunması ilə bağlı tədbirlər görmək;
3.0.75. daxili ticarət və xidmət sahələrində dövlət siyasətini və dövlət tənzimləməsini hazırlamaq, aidiyyəti dövlət orqanları ilə birlikdə bu siyasətin həyata keçirilməsi, habelə daxili ticarətin və istehlak bazarının inkişafı ilə bağlı tədbirlər görmək;
3.0.75-1.qanunvericiliklə müəyyən edilmiş qaydada antidempinq, kompensasiya və mühafizə tədbirləri üzrə araşdırmanı həyata keçirmək;
3.0.76. aidiyyəti dövlət orqanları ilə birlikdə xarici iqtisadi əlaqələrin və xarici ticarət fəaliyyətinin inkişafı və tənzimlənməsi sahələrində dövlət siyasətini hazırlayıb həyata keçirmək, bu sahədə vəziyyəti araşdırmaq və tədbirlər görmək;
3.0.77. xarici iqtisadi əlaqələr və xarici ticarət fəaliyyəti ilə bağlı xarici dövlətlərin müvafiq qurumları, hüquqi və fiziki şəxsləri ilə, beynəlxalq iqtisadi (ticarət) və maliyyə (kredit) təşkilatları, habelə digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, həmin təşkilatlarda müəyyən edilmiş qaydada muxtar respublikanı təmsil etmək;
3.0.78. aidiyyəti dövlət orqanları ilə birlikdə muxtar respublikanın daxili bazarının qorunmasına dair təhlillər aparmaq, müvafiq təkliflər hazırlamaq və qəbul edildikdən sonra onların həyata keçirilməsi üçün tədbirlər görmək;
3.0.79. xarici ticarətdə muxtar respublikanın rəqabət qabiliyyətinin artırılmasını, ixrac potensialının inkişaf etdirilməsini, yerli malların və xidmətlərin xarici bazarlara çıxarılması üçün əlverişli şərait yaradılmasını, ixracatçıların maraqlarının müdafiə olunmasını təmin etmək üçün tədbirlər hazırlamaq və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirmək;
3.0.80. xarici iqtisadi və ticarət fəaliyyəti iştirakçılarının iqtisadi, hüquqi informasiya ilə təmin edilməsi üçün tədbirlər görmək, xarici iqtisadi və ticarət fəaliyyəti məsələləri üzrə informasiya sistemlərini yaratmaq;
3.0.81. mal və xidmət bazarlarının konyunkturunu təhlil etmək, əldə olunan nəticələrə əsasən fəaliyyət istiqamətləri üzrə təkliflər hazırlamaq;
3.0.82. xarici ticarət fəaliyyətinin tənzimlənməsi tədbirlərinin tətbiq edilməsi haqqında aidiyyəti dövlət orqanına təkliflər vermək;
3.0.83. ticarət sahəsində muxtar respublikaya qarşı ayrı-seçkilik hallarının mövcud olub-olmadığını müəyyənləşdirmək, belə hallar aşkarlandıqda onların aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirmək;
3.0.84. ixrac nəzarəti sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və bu siyasətin həyata keçirilməsində iştirak etmək;
3.0.85. aidiyyəti dövlət və yerli özünüidarə orqanlarını, muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatlarını cəlb etməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf istiqamətlərini hazırlamaq, həyata keçirilməsi üçün tədbirlər görmək;
3.0.86. iqtisadi və sosial sahələrdə məqsədli proqramları və konsepsiyaları aidiyyəti dövlət orqanlarının iştirakı ilə hazırlamaq, qəbul edildikdən sonra onların əlaqələndirilməsini və icrasına nəzarəti (monitorinqi) həyata keçirmək;
3.0.87. aidiyyəti dövlət və yerli özünüidarə orqanları ilə birlikdə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin və dövlət tənzimləməsinin, bu sahədə islahatların istiqamətlərinin işlənib hazırlanmasını və həyata keçirilməsini təmin etmək, bununla bağlı işlərin icra vəziyyətinin monitorinqini aparmaq;
3.0.88. aidiyyəti dövlət orqanları ilə birlikdə korporativ idarəetmə prinsip və üsullarının tətbiqində iştirak etmək, korporativ idarəetmənin keyfiyyətinin yüksəldilməsi, o cümlədən müasir korporativ idarəetmə sistemlərinin tətbiq edilməsi ilə bağlı tədbirlər görmək;
3.0.89. iqtisadiyyatın səfərbərlik hazırlığına və səfərbərliyinə, habelə dövlət material ehtiyatlarının formalaşdırılmasına və istifadə olunmasına dair təkliflərin hazırlanmasında iştirak etmək;
3.0.90. müəyyən edilmiş hallarda və qaydada ayrı-ayrı fəaliyyət növlərinə lisenziya, icazə, sertifikat və digər hüquqmüəyyənedici sənədlər vermək, onların fəaliyyətini dayandırmaq və ləğv etmək, muxtar respublikanın kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxsləri tərəfindən qrant alınmasına (verilməsinə) dair müqavilələri (qərarları) qeydiyyata almaq, bununla əlaqədar olaraq digər vəzifələri həyata keçirmək;
3.0.91. dövlət əmlakının idarə edilməsinə dair dövlət proqramının, dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və özəlləşdirmədən sonra fəaliyyətinin dəstəklənməsinə dair dövlət proqramının və dövlət əmlakının özəlləşdirilməsinə dair dövlət proqramlarının layihələrini hazırlamaq və onların həyata keçirilməsini təmin etmək;
3.0.92. dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının fəaliyyətini əlaqələndirmək;
3.0.93. qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət əmlakının özəlləşdirilməsini həyata keçirmək və dövlət əmlakının alıcıları ilə bağlanmış alğı-satqı müqavilələrinin şərtlərinə riayət edilməsinə nəzarət etmək;
3.0.94. dövlət əmlakı barəsində sərəncam vermək, dövlət əmlakının idarə edilməsinə və ondan səmərəli istifadə olunmasına nəzarət etmək, bu məqsədlə tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq, dövlət müəssisələrində, nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərdə monitorinq və araşdırmalar aparmaq;
3.0.95. dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasına nəzarəti həyata keçirmək, dövlət müəssisə və təşkilatları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət əmlakının inventar siyahılarının tərtib olunmasını təşkil etmək, daşınmaz dövlət əmlakının təyinatının dəyişdirilməsinə razılıq vermək;
3.0.96. dövlət əmlakından istifadə olunması barədə aidiyyəti dövlət orqanları ilə birlikdə statistik hesabat formalarını hazırlamaq, dövlət əmlakının inventar siyahıları, habelə əmlakdan istifadə barədə hesabatlar əsasında dövlət əmlakından təyinatı üzrə səmərəli istifadə olunması vəziyyətini təhlil etmək, bu sahədə müvafiq qanunvericiliyi pozan müəssisə və təşkilatların rəhbərliyinin hərəkətləri barədə məlumatları aidiyyəti dövlət orqanlarına təqdim etmək;
3.0.97. dövlət əmlakının reyestrinin aparılmasını təşkil etmək, bu məqsədlə mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, dövlət təşkilatlarından zəruri məlumatlar almaq, bu sahədə qanunvericiliyi pozan vəzifəli şəxsləri müəyyən edilmiş qaydada məsuliyyətə cəlb etmək;
3.0.98. daşınmaz dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsini təşkil etmək və bu sahədə nəzarəti həyata keçirmək;
3.0.99. qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz dövlət əmlakını, o cümlədən dövlət müəssisələrinin istifadəsində və dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi torpaqları icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək, daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsinə dair razılıq vermək və bu sahədə nəzarəti həyata keçirmək;
3.0.100. dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrindən səmərəli istifadə olunmasına nəzarət etmək və dövlət təşkilatlarının yerləşdirilməsi barədə təkliflər vermək;
3.0.101. dövlət əmlakının girov qoyulmasına razılıq vermək və bu barədə əqdlərin qeydiyyatını aparmaq, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus obyektlərin (əsas vəsaitlərin) girov qoyulmasına razılıq vermək;
3.0.102. dövlət əmlakının satıcısı səlahiyyətlərini həyata keçirmək, nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus obyektlərin (əsas vəsaitlərin) satılmasına razılıq vermək;
3.0.103. öz səlahiyyətləri daxilində tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq, dövlət mülkiyyətində olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus obyektlərin (əsas vəsaitlərin) müəyyən olunmuş qaydada balansdan-balansa verilməsinə razılıq və silinməsinə dair rəy vermək;
3.0.104. qanunvericiliyə uyğun olaraq dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı kimi çıxış etmək, dövlət təşkilatları tərəfindən dövlət müəssisələrinin (o cümlədən onların filial və nümayəndəliklərinin) qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılmasına, yenidən təşkilinə, ləğv olunmasına və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslərin yaradılmasında dövlət əmlakının pay şəklində qoyuluşuna razılıq vermək;
3.0.105. qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyəti əsasında yaradılan və ya səhmləri (payları) dövlətə məxsus olan müəssisələrin idarə edilməsini təşkil etmək, öz səlahiyyətləri daxilində həmin müəssisələrin rəhbərlərini təyin etmək və ya təyin edilməsi ilə bağlı təqdimat vermək, onlarla əmək müqavilələri bağlamaq;
3.0.106. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət müəssisələrinin nizamnamələrini təsdiq etmək və nizamnamə kapitalında dövlətə məxsus payın (səhmlərin) miqdarı 20 faiz və ondan artıq olan hüquqi şəxslərin nizamnamələrinin təsdiq edilməsinə razılıq vermək;
3.0.107. birgə müəssisələrdə dövlətə məxsus payın (səhmlərin) miqdarının dəyişdirilməsinə razılıq vermək və öz səlahiyyətləri daxilində həmin paydan səmərəli istifadə edilməsinə nəzarəti həyata keçirmək;
3.0.108. qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, müəssisələrin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) saxlanılmasını və idarə olunmasını təmin etmək, onlardan səmərəli istifadəyə nəzarəti həyata keçirmək, o cümlədən idarəetmə məqsədilə payları (səhmləri) qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və ya fiziki şəxslərə vermək;
3.0.109. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət müəssisələrinin, dövlət əmlakının (obyektlərinin) və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin (payların) idarəetməyə verilməsi barədə təkliflər vermək, bununla bağlı müsabiqələr təşkil etmək, müqavilələr bağlamaq və həmin müqavilələrin icrasına nəzarəti həyata keçirmək;
3.0.110. dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan ödəniş qabiliyyəti olmayan müəssisələrin fəaliyyətini, maliyyə vəziyyətini təhlil edib rəy vermək, zəruri hallarda qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirilən müəssisə və obyektlərin müflisləşmə prosedurunu həyata keçirmək;
3.0.111. qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan olunmuş dövlət müəssisələrinin əmlakının və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin dövlətə məxsus əmlakının satışını təşkil etmək;
3.0.112. dövlət əmlakının bələdiyyə mülkiyyətinə verilməsi barədə təqdimat vermək və qanunvericiliklə müəyyən olunmuş qaydada qəbul olunmuş qərar əsasında əmlakın bələdiyyə mülkiyyətinə verilməsini həyata keçirmək;
3.0.113. Naxçıvan Muxtar Respublikasının adından əmlakın alınmasını və satılmasını təşkil etmək;
3.0.114. dövlət əmlakı barəsində bağlanmış əqdlər Naxçıvan Muxtar Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlət mülkiyyətində olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək;
3.0.115. dövlət və özəlləşdirilən müəssisələrə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün öz səlahiyyətləri daxilində tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq;
3.0.116. öz səlahiyyətləri daxilində dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi ilə əlaqədar iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafının təhlilində, proqnozlaşdırılmasında və perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, müvafiq inkişaf proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.0.117. öz səlahiyyətləri daxilində özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrində və özəlləşdirmə prosesində olan müəssisələrdə rəqabətədavamlı malların istehsalı üçün lazımi tədbirlər həyata keçirmək, dövlət müəssisələrinin mövcud vəziyyətini, inkişaf meyillərini və özəlləşdirilməsi imkanlarını təhlil etmək və müvafiq təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək;
3.0.118. dövlət əmlakının özəlləşdirilməsi prosesini ictimai nəzarət və şəffaflıq prinsipləri əsasında həyata keçirmək;
3.0.119. öz səlahiyyətləri daxilində dövlət əmlakının, o cümlədən dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın və müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda satışını həyata keçirmək;
3.0.120. öz səlahiyyətləri daxilində özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət müəssisələrinin restrukturizasiyasını və özəlləşdirməqabağı sağlamlaşdırılması tədbirlərini həyata keçirmək;
3.0.121. özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət müəssisə və obyektlərinin əmlakının, birgə müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının qiymətləndirilməsini təşkil etmək, qanunvericiliyə uyğun olaraq dövlət əmlakının ilkin (start) satış qiymətini müəyyən etmək, zəruri hallarda bu məqsədlə məsləhətçilər və müstəqil qiymətləndiricilər cəlb etmək;
3.0.122. özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qanunvericilik aktlarına uyğun olaraq qiymətləndirilməsini və satışını həyata keçirmək;
3.0.123. öz səlahiyyətləri daxilində dövlət müəssisə və təşkilatlarının tərkibindən onların hər hansı bölməsinin (bina, tikili, qurğu və digər əmlakın) çıxarılmasını və ayrıca özəlləşdirilməsini həyata keçirmək, habelə dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşən təşkilatların, dövlət müəssisələrinin və dövlət təsərrüfat cəmiyyətlərinin fəaliyyəti üçün lazım olmayan və yararsız olan əmlakı onların müraciətləri əsasında sərəncama götürmək;
3.0.124. özəlləşdirilən müəssisə və obyektlərə, habelə ləğv olunan dövlət təşkilatlarına və müəssisələrinə məxsus olmuş sosial-mədəni, kommunal-məişət, mülki müdafiə, səfərbərlik təyinatlı obyektlərin və qanunvericiliklə özəlləşdirilməsi nəzərdə tutulmayan digər əmlakın aidiyyəti üzrə balansdan-balansa verilməsi barədə təkliflər vermək və qəbul olunmuş qərar əsasında əmlakın balansdan-balansa verilməsinə nəzarəti həyata keçirmək;
3.0.125. dövlət əmlakının özəlləşdirilməsinə dair alğı-satqı və girov müqavilələri bağlamaq, onların qeydiyyatını aparmaq və icrasını təmin etmək;
3.0.126. öz səlahiyyətləri daxilində dövlət müəssisə və obyektlərinin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsini təşkil etmək, bu barədə müqavilələr bağlamaq və həmin müqavilələrin icrasına nəzarəti həyata keçirmək;
3.0.127. dövlət əmlakının özəlləşdirilməyə hazırlanması, qiymətləndirilməsi və satışı prosesinə maliyyə məsləhətçilərini cəlb etmək və onlarla müvafiq müqavilələr bağlamaq;
3.0.128. öz səlahiyyətləri daxilində dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsi barədə qərar qəbul etmək və təsisçi qismində çıxış etmək, onların dövlət qeydiyyatına alınmasını və özəlləşdirilməsini təmin etmək, səhmdar cəmiyyətlərinin və nizamnamə kapitalında dövlətin payı olan birgə müəssisələrin idarəetmə orqanlarında dövlətin nümayəndəsini təyin etmək;
3.0.129. dövlət əmlakının özəlləşdirilməsi prosesində təsis olunmuş və tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinə məxsus daşınar və daşınmaz əmlakın satılmasına, icarəyə verilməsinə, digər qaydada özgəninkiləşdirilməsinə razılıq vermək;
3.0.130. səhmlərinin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinə məxsus daşınmaz əmlakı icarəyə vermək, daşınar əmlakın icarəyə verilməsinə razılıq vermək və bu sahədə nəzarəti həyata keçirmək;
3.0.131. birgə müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının özəlləşdirilməsinə dair əqdlər bağlamaq;
3.0.132. dövlət əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən və onun barəsində həyata keçirilən digər əməliyyatlardan əldə edilən vəsaitin uçotunun aparılmasını və onun dövlət büdcəsinə daxil olmasını təmin etmək, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını həyata keçirmək;
3.0.133. dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitdən qanunvericiliklə müəyyən edilmiş ayırmaları dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, mülkiyyət hüquqlarının qorunması ilə bağlı Naxçıvan Muxtar Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsiletmə xərclərinin ödənilməsi məqsədilə istifadə etmək;
3.0.134. özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələri və onların özəlləşdirilməsi ilə bağlı məsələlərin icrası ilə əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, onların, habelə xarici ölkələrin müvafiq qurumlarının keçirdiyi tədbirlərdə iştirak etmək;
3.0.135. öz səlahiyyətləri daxilində özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə, habelə onların özəlləşdirilməsi ilə bağlı həmin müəssisələrə xarici investisiyaların cəlb olunması strategiyasını müəyyənləşdirmək və həyata keçirmək;
3.0.136. öz səlahiyyətləri daxilində özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə, o cümlədən onların özəlləşdirilməsi ilə bağlı həmin müəssisələrə investisiyaların cəlb edilməsi məqsədilə tədbirlər həyata keçirmək, bu məsələlərlə əlaqədar investisiya layihələrinin (proqramlarının) iqtisadi səmərəliliyi və məqsədəuyğunluğu barədə rəy vermək, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə və onların özəlləşdirilməsi ilə bağlı həmin müəssisələrə investisiyaların cəlb edilməsi sahəsində bağlanılmış müqavilələrin icrası zamanı dövlət mənafelərinin qorunmasına nəzarəti həyata keçirmək;
3.0.137. öz səlahiyyətləri daxilində özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə, o cümlədən onların özəlləşdirilməsi ilə bağlı həmin müəssisələrə verilən maliyyə və texniki yardımların əlaqələndirilməsinə, həmin məsələlərlə əlaqədar verilmiş xarici kreditlərin (yardımların) məqsədli və səmərəli istifadə olunmasına nəzarəti həyata keçirmək;
3.0.138. öz səlahiyyətləri daxilində özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə, o cümlədən onların özəlləşdirilməsi ilə bağlı investisiya qoyuluşuna dair təkliflərin ekspertizasını həyata keçirmək;
3.0.139. öz səlahiyyətləri daxilində özəlləşdirilmiş dövlət müəssisələrinin səmərəli fəaliyyət göstərməsi üçün əlverişli mühitin yaradılması, investisiya mühitinin yaxşılaşdırılması və investisiyaların stimullaşdırılması ilə bağlı təkliflər hazırlamaq və tədbirlər həyata keçirmək;
3.0.140. özəlləşdirilmiş müəssisələrin yeni mülkiyyətçiləri tərəfindən özəlləşdirmə barədə bağlanılmış əqdlərdə nəzərdə tutulmuş öhdəlik və şərtlərin, o cümlədən investisiya qoyuluşu (onun istiqamətləri, həcmi və müddətləri), sosial, iqtisadi və digər tələblərin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;
3.0.141. öz səlahiyyətləri daxilində dövlət müəssisələrinin özəlləşdirmədən sonrakı fəaliyyətinin dəstəklənməsi və investisiya qoyuluşunun səmərəliliyinin təmin olunması məqsədilə mütəmadi olaraq onların fəaliyyət göstəricilərini araşdırmaq və monitorinqini aparmaq;
3.0.142. öz səlahiyyətləri daxilində özəlləşdirilən müəssisə və obyektlərin yenidən təşkilinin və ləğvinin qanunvericiliyə uyğunluğunu təhlil etmək və bu sahədə qanun pozuntuları aşkar olunduqda aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq;
3.0.143. öz səlahiyyətləri daxilində özəlləşdirilən müəssisələrin sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi, rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə onlara investisiya qoyuluşu, maliyyə, kredit, vergi, informasiya-metodiki, kadrların hazırlanması və digər sahələrdə kömək göstərilməsi üçün müvafiq təhlillər aparmaq, müasir texnologiyaların tətbiqi üzrə təkliflər hazırlamaq, innovasiya prosesinin sürətləndirilməsi tədbirlərinin həyata keçirilməsini təmin etmək;
3.0.144. dövlət müəssisələrinin istifadəsində olan, habelə özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələrinin uçotu, hüdudlarının müəyyən edilməsi və dəqiqləşdirilməsi məqsədilə aparılan yerquruluşu işlərində dövlətin adından mülkiyyətçi qismində iştirak etmək, bu işlərin aparılması üçün müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.0.145. dövlətin payı olan hüquqi şəxslərdə dövlət büdcəsinə çatacaq dividendlərin hesablanmasını və verilməsini araşdırmaq, bu sahədə qanun pozuntuları aşkar olunduqda aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq;
3.0.146. özəlləşdirmə prosesində əmək kollektivi üzvlərinin hüquqlarının və sosial ədalət prinsipinin qorunmasını təmin etmək;
3.0.147. öz səlahiyyətləri daxilində dövlət, özəlləşdirilən müəssisə və obyektlərin vergi və digər borclarının vaxtında ödənilməməsi səbəbindən yaranan borclarla əlaqədar ödəmənin əmlaka yönəldilməsinə razılıq vermək;
3.0.148. özəlləşdirilən müəssisələrin fəaliyyətinin dəstəklənməsi məqsədilə öz səlahiyyətləri daxilində özəlləşdirilən müəssisə və obyektlərin dövlət müəssisələri ilə qarşılıqlı münasibətlərini tənzimləmək və onların fəaliyyətini əlaqələndirmək, dövlət ehtiyaclarının təmin edilməsi üçün özəlləşdirilən müəssisə və obyektlərə dövlət sifarişlərinin verilməsi işinin təşkilində iştirak etmək;
3.0.149. öz səlahiyyətləri daxilində dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə istehsalın səmərəliliyinin artırılması ilə bağlı dövlət müəssisələrinin uzunmüddətli inkişaf planlarını razılaşdırmaq, dövlət müəssisələrinin, habelə zəruri hallarda özəlləşdirilən müəssisə və obyektlərin perspektiv inkişaf və biznes planlarına dair rəy vermək, investisiya qoyuluşunun genişləndirilməsi ilə bağlı tövsiyələr vermək;
3.0.150. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;
3.0.151. fəaliyyət istiqamətləri ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin muxtar respublikada həyata keçirilməsini təmin etmək;
3.0.152. fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
3.0.153. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, fəaliyyət istiqamətləri ilə bağlı elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.0.154. fəaliyyət istiqamətləri ilə bağlı ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.0.155. Nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların vəzifələrini yerinə yetirmək üçün istifadə etdikləri məqsədli büdcə və digər vəsaitlərin xərclər smetalarını təsdiq etmək və onların təyinatı üzrə istifadəsi üzərində nəzarətin həyata keçirilməsini təmin etmək;
3.0.156. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
3.0.157. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin etmək;
3.0.158. fəaliyyət istiqamətləri üzrə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
3.0.159. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;
3.0.159-1. dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında qanunvericiliyə uyğun satın alınmasına nəzarət etmək, mübahisəli məsələləri araşdırmaq, qanunvericiliyin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurunu dayandırmaq və satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırmaq;
3.0.159-2. açıq tender və kotirovka sorğusu metodları istisna olmaqla, satınalan təşkilatın satınalmaları digər satınalma metodlarının tətbiqi ilə həyata keçirməsi haqqında qərarlarını təsdiq etmək;
3.0.159-3. tenderin yekun protokolunun surətini almaq, həmin sənəd əsasında satınalan təşkilatın tender prosedurlarının keçirilməsi ilə əlaqədar qərarını təsdiq etmək;
3.0.159-4. satınalma müqaviləsi imzalanarkən, malların (işlərin və xidmətlərin) hər vahidinin qiymətini və meyarlarını dəyişdirməmək şərtilə, malların (işlərin və xidmətlərin) həcmini 15 faizə qədər artırıb-azaltmağa satınalan təşkilata razılıq vermək;
3.0.159-5. dövlət satınalmalarının təşkili və aparılması üzrə satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərmək, məsləhətlər vermək, mütəxəssislərin ixtisas səviyyəsinin artırılması üçün kurslar yaratmaq, seminarlar və konfranslar keçirmək, müvafiq tədris-metodiki materialları hazırlamaq;
3.0.159-6. dövlət satınalmaları üzrə illik hesabatları hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
3.0.159-7. qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) satışı (icrası) zamanı qiymət intizamına nəzarət etmək;
3.0.160. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların işini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək;
3.0.161. Nazirliyin fəaliyyət istiqamətləri və vəzifələri dairəsində elmi tədqiqatların aparılmasını təşkil etmək;
3.0.162. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək.
4. Nazirliyin hüquqları
4.0. Nazirliyin vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:
4.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
4.0.2. təbii inhisar subyektlərindən qanunvericiliklə müəyyən edilmiş illik hesabatları, investisiya layihələrini, digər sənədləri, məlumatları almaq və təhlil etmək;
4.0.3. müvafiq sənədləşdirmə aparmaqla mallardan sınaq nümunələri götürmək, keyfiyyətinin və təhlükəsizliyinin normativ sənədlərin tələblərinə uyğunluğunu qiymətləndirmək, müvafiq tələblərə cavab verməyən mallar barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək, aşkar edilmiş nöqsan və qüsurların aradan qaldırılması ilə bağlı zəruri hallarda müvafiq dövlət orqanlarına təqdimatlar vermək;
4.0.4. fəaliyyət istiqamətləri üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada laboratoriya və məsləhət xidmətləri göstərmək;
4.0.5. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.6. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
4.0.7. fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;
4.0.8. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi şirkətləri, elmi təşkilatları müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
4.0.9. müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
4.0.10. fəaliyyət istiqamətləri ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin (sazişlərin, konvensiyaların) Naxçıvan Muxtar Respublikasında icrasına nəzarət etmək və həmin müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görmək;
4.0.11. fəaliyyət istiqamətləri üzrə aidiyyəti dövlət orqanlarına təkliflər vermək;
4.0.12. beynəlxalq tədbirlərin, o cümlədən forumların, konfransların, sərgilərin və digər tədbirlərin işində iştirak etmək və belə tədbirlərin muxtar respublikada və ondan kənarda keçirilməsini təşkil etmək;
4.0.13. müəyyən olunmuş qaydada istifadəsində olan dövlət əmlakına dair hüquqları həyata keçirmək;
4.0.14. səlahiyyətləri daxilində dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, investisiya fəaliyyətinin, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi ilə bağlı tədbirlər həyata keçirmək.
5. Nazirliyin fəaliyyətinin təşkili
5.1. Nazirliyin aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Nazirliyin sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
5.2. Nazirliyin strukturu, Nazirliyin aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say tərkibi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.3. Nazirliyin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Naziri (bundan sonra – nazir) rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.4. Nazirin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan müavini vardır. Nazir müavini ona nazirin həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
5.5. Nazir:
5.5.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. müavinin, habelə Nazirliyin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
5.5.3. Nazirliyin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.11-ci bəndində Nazirliyin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;
5.5.4. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini təsdiq edilmək üçün müəyyən olunmuş qaydada təqdim edir;
5.5.5. müəyyən edilmiş struktur, əmək haqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
5.5.6. Nazirliyin aparatının işçilərini, habelə Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların rəhbərlərini və onların müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir;
5.5.7. Nazirliyin aparatının işçiləri, habelə Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların rəhbərləri və onların müavinləri barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
5.5.8. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirlikdə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.5.9. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
5.5.10. dövlət orqanları, idarə, müəssisə və təşkilatları, hüquqi və fiziki şəxslər, habelə beynəlxalq təşkilatlarla münasibətdə Nazirliyi təmsil edir;
5.5.11. Nazirliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;
5.5.12. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;
5.5.13. Nazirliyin aparatının işçilərinə, habelə Nazirliyin strukturuna daxil olan qurumların rəhbərlərinə və onların müavinlərinə ixtisas dərəcələri verir.
5.6. Nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.
5.7. Nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını müavininə tapşıra bilər.
5.8. Nazirlikdə nazirdən (kollegiyanın sədri), nazirin müavinindən və Nazirliyin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.
5.9. Nazirliyin kollegiyası üzvlərinin sayını və tərkibini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.10. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.
5.11. Nazirliyin kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:
5.11.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;
5.11.2. qəbul edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Nazirliyə tapşırılmış konkret normativ hüquqi aktlar;
5.11.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;
5.11.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;
5.11.5. Nazirin təşəbbüsü ilə Nazirliyin kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;
5.11.6. bu Əsasnamənin 5.11.1-5.11.5-ci yarımbəndlərinə uyğun olaraq, Nazirliyin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktları ləğv edir və ya onlarda dəyişikliklər edir.
5.12. Nazirliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.
5.13. Nazirliyin kollegiyasının üzvləri arasında fikirayrılığı yarandığı hallarda nazir bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
5.14. Nazirliyin kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.
5.15. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər.