"Naxçıvan Muxtar Respublikasında dövlət

əmlakının özəlləşdirilməsinin II Dövlət

Proqramı"nın təsdiq edilməsi barədə

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN FƏRMANI

 

"Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidenti Möhtərəm Heydər Əliyevin 10 avqust 2000-ci il tarixli Fərmanı icra üçün əsas götürülərək rəhbərliyə alınsın.

Muxtar Respublikada iqtisadiyyatda aparılan struktur islahatlarını, sahibkarlığın inkişafını və sağlam rəqabət mühitinin formalaşdırılmasını sürətləndirmək, iqtisadiyyata investisiyalar cəlb etmək yolu ilə onun səmərəliliyinin artırılmasına nail olmaq məqsədi ilə qərara alıram:

1."Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı" təsdiq edilsin.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

-"Naxçıvan Muxtar Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"nın həyata keçirilməsi prosesində yol verilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görsün;

- "Naxçıvan Muxtar Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirilməyə açıq elan edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış müəssisə və obyektlərin II Dövlət Proqramı çərçivəsində özəlləşdirilməsi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Naxçıvan Muxtar Respublikasının Dövlət Əmlakı Nazirliyi:

- dövlət özəlləşdirmə paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının istifadəsi üçün qanunvericilik çərçivəsində lazımi şərait yaratsın;

- öz səlahiyyətləri daxilində "Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı "nın icrasını təmin edən digər tədbirlər həyata keçirsin.

 

 

Naxçıvan Muxtar Respublikası

        Ali Məclisinin Sədri                                         VASİF  TALIBOV

 

 

Naxçıvan şəhəri, 23 avqust 2000- ci il.

№  104- I