Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”da dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanının 3.4-cü bəndinə uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”da (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 486; 2007, № 5, maddə 459; 2008, № 6, maddə 498, № 8, maddə 721; 2015, № 7, maddə 837; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 353) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 11.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının Dövlət Gerbi (“Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanunu ilə müəyyən edilmiş təsvirə uyğun olaraq);”;
1.2. 142.6-cı bənddə “birləşdirilməli” sözü “birləşdirilməlidir” sözü ilə əvəz edilsin və həmin bənddən “və həmin sənədi təsdiq etmək səlahiyyəti olan şəxsin elektron və ya gücləndirilmiş elektron imzası ilə təsdiqlənməlidir” sözləri çıxarılsın;
1.3. 143-cü bənd aşağıdakı redaksiyada verilsin:
“143. Elektron sənədin əsli və surəti “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanır və təsdiq edilir.”;
1.4. 152-ci bənd aşağıdakı redaksiyada verilsin:
“152. Elektron sənəd dövriyyəsi sistemi tətbiq olunan təşkilatlarda alınan və göndərilən elektron sənədlərin hərəkəti, həmçinin təşkilatdaxili yazışmalar sistem vasitəsilə qeydə alınır. Sistem iştirakçılarına sənədlərin təhvil verilməsi sistem vasitəsilə təsdiq olunur. Elektron sənəd dövriyyəsi zamanı yalnız dərkənarların və göndərilən sənədlərin elektron imza ilə təsdiq edilməsi tələb olunur.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2019-cu il
№ 510