Maliyyə-sənaye qrupları haqqında

Azərbaycan Respublikasının Qanunu

 

Bu Qanun Azərbaycan Respublikasında maliyyə-sənaye qruplarının yaradılması, fəaliyyəti və ləğv edilməsinin hüquqi əsaslarını müəyyən edir.

Maliyyə-sənaye qrupu daxilində bu Qanunla tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları ilə, maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə ilə və qrup iştirakçıları arasında bağlanmış digər müqavilələrlə tənzimlənir.

I fəsil

 Ümumİ müddəalar

Maddə 1.     Maliyyə-sənaye qrupu anlayışı

Maliyyə-sənaye qrupu bu Qanunda nəzərdə tutulmuş qayda və şərtlərə uyğun olaraq, maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə əsasında öz aktivlərini tamamilə və ya qismən birləşdirmiş hüquqi şəxslərin (əsas və törəmə müəssisələrin) məcmusudur.

Maddə 2.     Maliyyə-sənaye qrupunun məqsədi

Maliyyə-sənaye qrupu istehsalın rəqabət qabiliyyətini və səmərəliliyini yüksəltmək, əlverişli texnoloji və kooperasiya əlaqələri yaratmaq, ixracat potensialını artırmaq, elmi-texniki tərəqqini sürətləndirmək, investisiya layihələri və proqramlarını birgə həyata keçirmək məqsədi ilə qrup iştirakçılarının maddi və maliyyə ehtiyatlarını müqavilə əsasında birləşdirmək və investisiyalar cəlb etmək üçün yaradılır.

Maddə 3.     Maliyyə-sənaye qrupunun iştirakçıları

1.   Maliyyə-sənaye qrupunun yaradılmasına dair müqaviləni imzalayan hüquqi şəxslər və onlar tərəfindən təsis edilən maliyyə-sənaye qrupunun baş şirkəti və ya qrupu formalaşdıran əsas və törəmə müəssisələr maliyyə-sənaye qrupunun iştirakçıları hesab olunurlar.

2.   Maliyyə-sənaye qrupunun tərkibinə ictimai və dini təşkilatlar istisna olmaqla, istənilən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər daxil ola bilər.

3.   Maliyyə-sənaye qrupunun tərkibində istehsal və xidmət sahəsində fəaliyyət göstərən müəssisələrlə yanaşı, mütləq maliyyə-kredit təşkilatları da iştirak etməlidirlər.

4.   Dövlət və bələdiyyə müəssisələri maliyyə-sənaye qrupunda onların əmlakının mülkiyyətçisi tərəfindən müəyyən edilmiş qayda və şərtlərlə iştirak edə bilərlər.

5.   Dövlət və yerli özünüidarə orqanları maliyyə-sənaye qrupunun iştirakçıları ola bilməzlər.

6.   Törəmə müəssisələr maliyyə-sənaye qrupunun tərkibinə yalnız onları təsis edən əsas müəssisələrlə birlikdə daxil ola bilərlər.

7.   Maliyyə-sənaye qrupunun iştirakçısı olan müəssisə və təşkilatlar digər maliyyə-sənaye qruplarına daxil ola bilməzlər.

Maddə 4.     Maliyyə-sənaye qruplarının yaradılması formaları

Maliyyə-sənaye qrupları aşağıdakı formalarda yaradıla bilər:

qrup iştirakçıları arasında bağlanılmış müqavilə əsasında;

Azərbaycan Respublikasının müvafiq dövlət icra hakimiyyəti orqanının qərarı əsasında;

hökumətlərarası sazişlər əsasında.

Maddə 5.     Transmilli maliyyə-sənaye qrupları

1.   Tərkibində xarici hüquqi şəxslərin iştirak etdiyi maliyyə-sənaye qrupu bu Qanuna müvafiq surətdə transmilli maliyyə-sənaye qrupu hesab olunur.

2.   Hökumətlərarası saziş əsasında yaradılan maliyyə-sənaye qrupları dövlətlərarası (beynəlxalq) maliyyə-sənaye qrupu statusuna malik olur. Dövlətlərarası (beynəlxalq) transmilli maliyyə-sənaye qruplarının təşkili, fəaliyyəti və ləğvi xüsusiyyətləri göstərilən sazişlərlə müəyyən edilir.

3.   Transmilli maliyyə-sənaye qrupunun iştirakçıları üçün milli rejim hökumətlərarası sazişlə qarşılıqlı əsasda müəyyən edilir.

Maddə 6.     Maliyyə-sənaye qruplarının fəaliyyətinə dövlət yardımı

Dövlət maliyyə-sənaye qruplarının fəaliyyətinə yardım göstərmək məqsədilə onlar üçün müxtəlif növ güzəştlər tətbiq edə bilər.

II fəsil

 Malİyyə-sənaye qruplarının dövlət qeydİyyatı

Maddə 7.     Maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə

1.   Maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə aşağıdakıları müəyyən etməlidir:

maliyyə-sənaye qrupunun adını;

müəyyən təşkilati-hüquqi formaya malik olan və maliyyə-sənaye qrupunun işlərini həyata keçirməyə müvəkkil edilmiş hüquqi şəxs kimi qrupun baş şirkətinin təsis edilməsinin qayda və şərtlərini;

maliyyə-sənaye qrupu iştirakçılarının tərkibində dəyişikliklərin edilməsi qaydalarını;

aktivlərin birləşdirilməsinin qayda və şərtlərini;

nizamnamə fondunu və qrup iştirakçılarının hər birinin bu fonddakı payını;

qrup iştirakçılarının birləşməsinin məqsədini;

mənfəətin qrup iştirakçıları arasında bölüşdürülməsi qaydalarını;

qrup işirakçılarının öhdəliklərini və məsuliyyətini;

müqavilənin fəaliyyət müddətini.

2.   Maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilənin digər şərtləri qrup iştirakçıları tərəfindən maliyyə-sənaye qrupunun məqsəd və vəzifələrindən asılı olaraq Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə müəyyən edilir.

Maddə 8.     Maliyyə-sənaye qrupunun təşkilati layihəsi

1.   Maliyyə-sənaye qrupunun təşkilati layihəsi — qrupun baş şirkəti tərəfindən müvafiq dövlət icra hakimiyyəti orqanına təqdim edilən, özündə maliyyə-sənaye qrupunun məqsəd və vəzifələrinə, investisiya layihələri və proqramlarına dair məlumatları birləşdirən və maliyyə-sənaye qrupunun qeydiyyatı haqqında qərarın qəbul edilməsi üçün zəruri sənədlər toplusudur.

2.   Maliyyə-sənaye qrupunun təşkilati layihəsinə bu maddənin 1-ci bəndində göstərilən tələblərdən başqa digər tələblər Azərbaycan Respublikasının müvafiq dövlət icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 9.     Maliyyə-sənaye qruplarının dövlət qeydiyyatı qaydaları

1.   Maliyyə-sənaye qruplarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. [1]

2.   Maliyyə-sənaye qrupunu təşkil edən hüquqi şəxslərin məcmusu müvafiq dövlət icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra maliyyə-sənaye qrupu statusu qazanır. [2]

3.   Maliyyə-sənaye qrupunun baş şirkəti dövlət qeydiyyatından keçmək üçün müvafiq dövlət icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim edir:

maliyyə-sənaye qrupunun yaradılmasına dair ərizə;

maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə;

təşkilati layihə;

antiinhisar siyasətini həyata keçirən dövlət icra hakimiyyəti orqanının rəyi;

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər sənədlər. [3]

4.   Maliyyə-sənaye qrupunun baş şirkəti istisna olmaqla, heç bir hüquqi şəxsin adında “maliyyə-sənaye qrupu” sözbirləşməsindən istifadə edilə bilməz.

5.   Maliyyə-sənaye qrupunun yaradılması haqqında müqavilənin şərtlərində və ya qrup iştirakçılarının tərkibində edilən dəyişikliklərin dövlət qeydiyyatını antiinhisar siyasətini həyata keçirən dövlət icra hakimiyyəti orqanının rəyi əsasında müvafiq dövlət icra hakimiyyəti orqanı aparır.

6.   Maliyyə-sənaye qruplarının qeydiyyata alınması zamanı yaranan mübahisələr qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilir. [4]

Maddə 10.  (Çıxarılıib) [5]  

III fəsil

 Malİyyə-sənaye qrupunun İdarə edİlməsİ

Maddə 11.  Maliyyə-sənaye qrupunun direktorlar şurası

1.   Maliyyə-sənaye qrupunun ali idarəetmə orqanı qrupun bütün iştirakçılarının nümayəndələrinin daxil olduğu direktorlar şurasıdır.

2.   Maliyyə-sənaye qrupunun iştirakçıları tərəfindən direktorlar şurasının tərkibinə nümayəndənin daxil edilməsi həmin iştirakçıların səlahiyyətli idarəetmə orqanının qərarı ilə həyata keçirilir.

3.   Direktorlar şurasının səlahiyyətləri maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə ilə müəyyən edilir.

Maddə 12.  Maliyyə-sənaye qrupunun baş şirkəti

1.   Maliyyə-sənaye qrupunun baş şirkəti qrupun bütün iştirakçıları tərəfindən təsis edilən və onun fəaliyyətini təmin edən müvəkkil hüquqi şəxsdir.

2.   Maliyyə-sənaye qrupunun baş şirkəti, bir qayda olaraq, investisiya təsisatı hesab olunur. O, səhmdar cəmiyyəti, assosiasiya, ittifaq formasında yaradıla bilər.

3.   Baş şirkətin adı “maliyyə-sənaye qrupunun baş şirkəti” sözbirləşməsindən ibarət olmalıdır. Maliyyə-sənaye qrupunun müvafiq dövlət reyestrinə daxil edilməsi, bu qrupun baş şirkətinin adında həmin sözbirləşməsindən istifadə üçün əsas hesab olunur.

4.   Baş şirkətin nizamnaməsi onun fəaliyyətinin məqsəd və vəzifələrini müəyyən etməklə, maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilənin şərtlərinə uyğun olmalıdır.

5.   Maliyyə-sənaye qrupunun baş şirkəti bu Qanunla, həmçinin təsis müqaviləsi ilə müəyyənləşdirilən aşağıdakı vəzifələri yerinə yetirir:

maliyyə-sənaye qrupunun yaradılması və fəaliyyəti ilə bağlı münasibətlərdə qrupun bütün iştirakçılarının adından çıxış edir;

maliyyə-sənaye qrupunun müəyyənləşdirilmiş (toplu) balansını tərtib edir, uçotu və hesabatını aparır.

Maliyyə-sənaye qrupunun baş şirkətinin digər vəzifələri onun nizamnaməsi və maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə ilə müəyyən edilir.

IV fəsil

 Malİyyə-sənaye qrupunun fəalİyyətİ

Maddə 13.  Maliyyə-sənaye qrupunun son məhsulu

Maliyyə-sənaye qrupunun fəaliyyəti ilə yaradılan və baş şirkətin balansında əks etdirilən mallar (xidmətlər və işlər) maliyyə-sənaye qrupunun son məhsuludur.

Maddə 14.  Maliyyə-sənaye qrupunda uçot və hesabat

1.   Maliyyə-sənaye qrupunda uçot və hesabat “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Maliyyə-sənaye qrupunda həmçinin ümumiləşdirilmiş balans, uçot və hesabat aparıla bilər.

2.   Maliyyə-sənaye qrupunun ümumiləşdirilmiş uçotu, hesabatı və balansının tərtib edilməsi qaydalarını Azərbaycan Respublikasının müvafiq dövlət icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 15.  Maliyyə-sənaye qrupu iştirakçılarının məsuliyyəti

1.   Baş şirkətin maliyyə-sənaye qrupunun fəaliyyəti nəticəsində yaranmış olan öhdəliklərinə görə maliyyə-sənaye qrupunun iştirakçıları öz aktivləri nisbətində birgə məsuliyyət daşıyırlar.

2.   İştirakçılar tərəfindən öhdəliklərin birgə yerinə yetirilməsi xüsusiyyətləri maliyyə-sənaye qruplarının yaradılması haqqında müqavilə ilə müəyyən edilir.

V fəsil

 Malİyyə-sənaye qruplarında nəzarət və hesabat

Maddə 16.  Maliyyə-sənaye qrupunun illik hesabatı

1.   Maliyyə ilinin bitdiyi 90 gündən gec olmayaraq, maliyyə-sənaye qrupunun baş şirkəti bütün qrup iştirakçılarına və müvəkkil dövlət icra hakimiyyəti orqanına qrupun fəaliyyəti haqqında Azərbaycan Respublikasının müvafiq dövlət icra hakimiyyəti orqanının müəyyən etdiyi formada hesabatı təqdim edir, həmçinin onu mətbuatda dərc edir.

2.   Hesabat auditorlar tərəfindən maliyyə-sənaye qrupunun fəaliyyətinin yoxlanılması nəticələrinə görə tərtib edilir.

3.   Auditor yoxlaması maliyyə-sənaye qrupunun baş şirkətinin vəsaiti hesabına aparılır.

Maddə 17.  Maliyyə-sənaye qrupunun fəaliyyətinə nəzarət

1.   Müvəkkil dövlət icra hakimiyyəti orqanı maliyyə-sənaye qrupunun fəaliyyətinə dair ildə bir dəfə auditor rəyi verilmiş hesabat tələb etmək hüququ vardır.

2.   Müvəkkil dövlət icra hakimiyyəti orqanının təşəbbüsü ilə aparılan yoxlamalar həmin orqanın öz vəsaiti hesabına həyata keçirilir.

3.   Maliyyə-sənaye qrupunun illik və ya cari hesabatının nəticələri əsasında müvəkkil dövlət icra hakimiyyəti orqanı təqdim edilmiş sənədlərdə qeyri-dəqiq məlumatlar verilməsini, zəruri sənədlərin təqdim edilməməsini, maliyyə-sənaye qrupunun fəaliyyətinin onun yaradılması haqqında müqaviləyə və təşkilati layihəyə uyğun gəlməməsini, baş şirkətin fəaliyyətinin onun nizamnaməsi ilə ziddiyyət təşkil etməsini, qrup iştirakçılarının onlar üçün nəzərdə tutulmuş hüquqlardan sui-istifadə edilməsini və Azərbaycan Respublikası qanunvericiliyinin pozulması hallarını aşkar etdikdə müvafiq tədbirlər görməlidir. Yol verilən nöqsan və qanun pozuntularının xarakterindən asılı olaraq müvəkkil dövlət icra hakimiyyəti orqanı:

maliyyə-sənaye qrupunda aşkar edilmiş nöqsanların aradan qaldırılmasını tələb edir və bunun üçün vaxt müəyyən edir;

qanun pozuntusuna yol vermiş şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür.

Müvəkkil dövlət icra hakimiyyəti orqanı görülən hər bir tədbir barədə Azərbaycan Respublikasının müvafiq dövlət icra hakimiyyəti orqanına məlumat verir.

4.   Müvəkkil dövlət icra hakimiyyəti orqanının müraciəti əsasında Azərbaycan Respublikasının müvafiq dövlət icra hakimiyyəti orqanı uyğun qərar qəbul edir.

VI fəsil

 Malİyyə-sənaye qrupunun ləğv edİlməsİ

Maddə 18. Ləğvetmənin əsasları [6]

Maliyyə-sənaye qrupları Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş

əsaslarla ləğv edilir.

 

Maddə 19.  Maliyyə-sənaye qrupunun ləğv edilməsi

1.   Maliyyə-sənaye qrupunun ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, maliyyə-sənaye qrupunun mövcudluğuna son qoyulmuş sayılır. [7]

2.   Maliyyə-sənaye qrupunun ləğv edilməsi qrup iştirakçılarının həmin anadək yaranmış olan öhdəliklərinə xitam verilməsinə əsas deyildir.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 23 aprel 1996-cı il

№ 69-IQ

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 1.       23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 241)
  2. 2.       10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 9-cu maddənin 1-ci bəndində "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" Azərbaycan Respublikası Qanununa" sözlərindən əvvəl "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və" sözləri əlavə edilmişdir. 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 9-cu maddənin 1-ci bəndində "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" sözləri "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" sözləri ilə əvəz edilmişdir. 
[2] 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 9-cu maddənin 2-ci bəndində "onun qeydiyyatı haqqında qərar çıxarıldıqdan" sözləri "dövlət qeydiyyatına alındıqdan" sözləri ilə əvəz edilmişdir. 
[3] 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 9-cu maddənin 3-cü bəndinə  altıncı abzas əlavə edilmişdir. 
[4]10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 6-cı bənddə "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" Azərbaycan Respublikası Qanununda" sözləri "qanunvericilikdə" sözü ilə əvəz edilmişdir. 
[5] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 10-cu maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Maddə 10.Maliyyə-sənaye qruplarının dövlət reyestri 

Maliyyə-sənaye qruplarının dövlət reyestri müvafiq dövlət icra hakimiyyəti orqanı tərəfindən yaradılmış və maliyyə-sənaye qruplarının dövlət qeydiyyatı haqqında rəsmi məlumatlarıözündəəks etdirən vahid məlumatlar bankıdır. 
[6] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 18-ci maddənin mətni yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Maddə 18.Ləğvetmənin əsasları

Maliyyə-sənaye qrupu aşağıdakı hallarda ləğv edilir:maliyyə-sənaye qrupunun iştirakçıları onun ləğv edilməsi haqqında qərar qəbul etdikdə;maliyyə-sənaye qrupunun yaradılması və fəaliyyəti zamanı Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına yol verildiyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edildikdə;maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilənin müddəti başa çatdıqda (əgər müqavilənin vaxtı iştirakçılar tərəfindən uzadılmayıbsa);maliyyə-sənaye qrupunun fəaliyyəti onun yaradılmasına dair müqavilənin şərtlərinə və təşkilati layihəyə uyğun gəlmədiyi halda, Azərbaycan Respublikasının müvafiq dövlət icra hakimiyyəti orqanı maliyyə-sənaye qrupunun qeydiyyatı haqqında şəhadətnamənin qüvvədən düşməsinə dair qərar qəbul etdikdə;maliyyə-sənaye qrupu iflas elan olunduqda. 
[7]23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 19-cu maddənin 1-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:1. Maliyyə-sənaye qrupunun qeydiyyatı haqqında şəhadətnaməyə xitam verildiyi və o, dövlət reyestrindən çıxarıldığı andan maliyyə-sənaye qrupu ləğv edilmiş hesab edilir.