Antiinhisar fəaliyyəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I b ö l m ə
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Qanunun məqsədləri
Qanun inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir.
Maddə 1-1. Antiinhisar qanunvericiliyi[1]
Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, "Təbii inhisarlar haqqında", "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativ-hüquqi aktlardan ibarətdir.[2]
Maddə 2. Qanunun tətbiq dairəsi
1. Bu Qanun Azərbaycan Respublikasının bütün ərazisində (Ələt azad iqtisadi zonası istisna olmaqla) fəaliyyət göstərir və bütün hüquqi və fiziki şəxslərə şamil edilir.[3]
1-1. Ələt azad iqtisadi zonasında inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.[4]
2. Qanun təsərrüfat subyektlərinin, icra hakimiyyəti və idarə etmə orqanlarının xarici ölkələrin fiziki və hüquqi şəxsləri ilə bağladıqları sazişlərin və müqavilələrin milli bazarda rəqabətin məhdudlaşdırılmasına gətirib çıxardığı hallarda da tətbiq edilir.
3. Qanun təsərrüfat subyektlərinin ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici, müəlliflik hüququ və əlaqəli hüquqlardan irəli kələn münasibətlərinə, onların bu hüquqlardan qəsdən rəqabəti məhdudlaşdırmaq məqsədilə istifadə etməsi hallar istisna olmaqla, şamil edilmir. [5]
Maddə 3. Antiinhisar siyasətini həyata keçirən Azərbaycan Respublikasının dövlət orqanları
İnhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən odunmuş digər səlahiyyətləri yerinə yetirə bilər.
Maddə 4. Əsas anlayışlar
Bu Qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakı kimi qəbul olunur:
icra hakimiyyəti və idarəetmə orqanları—Azərbaycan Respublikasının, şəhərlərin, rayonların və onlara daxil olan inzibati ərazi vahidlərinin icra hakimiyyətinə idarəetmə orqanları. İdarəetmə orqanlarına həmçinin idarəetmə funksiyalarını yerinə yetirərkən (dövlət sifarişlərinin yerləşdirilməsi, material ehtiyatları limitlərinin ayrılması və s.) ittifaqlar, assosiasiyalar, konsernlər, konsorsiumlar və müəssisələrin digər birlikləri də aiddir;
bazarın subyektləri — bazar münasibətlərinin iştirakçıları olan təsərrüfat subyektləri və idarəetmə orqanları:
rəqabət—bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ək, əlverişli şərtləri: uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onlar müstəqil fəaliyyətləri hər birinin bazarda əmtəə dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını. əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan malların istehsalını stimullaşdırır;
məhdudlaşdırıcı fəaliyyət vasitələri—təsərrüfat subyektlərinin bu və ya digər bazarda öz fəaliyyət sahəsini rəqiblərdən qorumaq və təcrid etmək, bununla da həmin bazarda rəqabəti məhdudlaşdırmaq üçün istifadə etdiyi vasitələr (ehtiyatların və satış kanallarının ələ keçirilməsi, təsərrüfat subyektlərinin qovuşması və birinin digərini öz tərkibinə daxil etməsi, bazarı bölmək məqsədilə sazişlər bağlanılması, qiymətlərlə manipulyasiya, rəqiblərin boykot edilməsi, patent inhisarçılığı və s.)
hökmran mövqe—təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur;
inhisarçılıq fəaliyyəti—inhisarçılığın bu və ya digər forması olub, təsərrüfat subyektlərinin, yaxud icra hakimiyyəti və idarəetmə orqanlarının rəqabətə yol verməməyə, onu məhdudlaşdIrmağa, yaxud arada qaldırmağa yönəldilmiş fəaliyyəti;
bazar maneələri—yeni rəqiblərin bazara daxil olmasına maneçilik (kiriş maneələri) və bazarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin buranı tərk etmək cəhdləri qarşısında maneələr qoymaq (çıxış maneələri);
üfqi sazişlər—istehsal silsiləsinin eyni səviyyəsində olan, yaxud eyni bazarda bir-biriləri ilə rəqabətə yol verməmək məqsədilə fəaliyyət göstərən təsərrüfat subyektlər arasında sazişlər;
şaquli sazişlər—istehsal silsiləsinin müxtəlif səviyyələrində olan təsərrüfat subyektləri arasında, yaxud təsərrüfat subyektləri ilə onların müştəriləri və mal göndərənləri arasında sazişlər;
təbii inhisar – istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti. [6]
II bölmə
İNHİSARÇILIQ FƏALİYYƏTİ
Maddə 5. Dövlət inhisarçılığı
İcra hakimiyyəti orqanlarının rəqabətin məhdudlaşdırılmasına, yaxud aradan qaldırılmasına, təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və gətirib çıxarabilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılar daxildir:
1) iqtisadiyyatın dövlət bölməsindən kənarda fəaliyyət göstərən təsərrüfat subyektləri üçün məhsul istehsalı və satışı üzrə direktiv tapşırıqların və məcburi dövlət sifarişlərinin müəyyən edilməsi;
2) müstəqil təsərrüfat subyektləri tərəfindən istehsal edilən və satılan malların qiymətləri üzərində əsassız olaraq nəzarətin həyata keçirilməsi;
3) idarəetmənin təşkilati strukturlarına rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran səlahiyyətlər verilməsi;
4) respublikanın bölgələri arasında məhsul əsassız qadağanların qoyulması;
5) fəaliyyətləri rəqabətin məhdudlaşdırılmasına səbəb olan müəssisələrin və digər təşkilati idarəetmə strukturlarının yaradılması;
6) əsassız olaraq ayrı-ayrı təsərrüfat subyektlərinə onları eyni bazarın başqa subyektlərinə nisbətən üstün vəziyyətə gətirib çıxaran vergi, kredit güzəştlərinin və başqa güzəştlərin verilməsi;
7) qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müəyyən növ əmtəələrin (xidmətlərin) istehsalının və ya müəyyən növ istehsal fəaliyyətinin qadağan edilməsi, yaxud məhdudlaşdırılması.
8) qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, xarici təsərrüfat subyektləri üçün əsassız olaraq aşağı (yüksək) gömrük rüsumlarının müəyyən edilməsi, yaxud onların gömrük vergisindən azad edilməsi;
9) istehsalı və satışı qanunvericilikdə qadağan olunmuş əmtəələrin ticarəti istisna olmaqla, ticarət və tədarük fəaliyyətin üzərində qadağan qoyulması, yaxud onun məhdudlaşdırılması,
10) təsərrüfat subyektlərinin xarici iqtisadi fəaliyyətinə əsassız məhdudiyyətlər qoyulması;
11) rəqabətin məhdudlaşdırılmasına yönəldiyi və istehlakçıların mənafeyinə toxunduğu hallarda qiymətlərin manipulyasiyası, (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması) məqsədilə müəyyən növ məhsul bazarına əmtəə müdaxiləsinin həyata keçirilməsi;
12) qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, tələb və təklif sahəsində informasiya şəbəkəsi üzərində nəzarət qoyulması.
Maddə 6. Sahə inhisarçılığı
Sahə idarəetmə orqanlarının təsərrüfat subyektlərinin və istehlakçıların mənafeyinə zidd olaraq rəqabətin məhdudlaşdırılmasına və ya aradan qaldırılmasına gətirib çıxaran və ya gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılar daxildir:
1) yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni maneələr yaradılması;
2) qeyri-dövlət təsərrüfat subyektlərinin maddi ehtiyatlarla əsassız olaraq mərkəzləşdirilmiş qaydada təchiz edilməsi kanallarının yaradılması;
3) malların bölüşdürülməsi tədarükü və satışı üzrə paralel strukturların yaradılmasına maneçilik törədilməsi;
4) təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması;
5) rəqabətin məhdudlaşdırılması ilə nəticələnən təşkilati idarəetmə strukturlarının, yaxud holdinq şirkətlərinin yaradılması;
6) sahə tabeliyində olan təsərrüfat subyektlərinin özəlləşdirilməsi prosesində səhm nəzarət paketlərinin əldə edilməsi;
7) kapitalın bir sahədən digər sahəyə sərbəst axını qarşısında əsassız maneələr qoyulması;
8) yeni məhsulun və texnologiyanın işlənib hazırlanması və ya yeni müəssisələrin yaradılması qüvvədə olan qanunvericiliyə zidd deyilsə, onların qarşısında əsassız maneələr qoyulması;
9) əmtəə əvəzedicilərinin istehsalına, malların idxalına əsassız nəzarət qoyulması;
10) azrentabelli və ya zərərlə işləyən təsərrüfat subyektlərinə ictimai mənafe ilə bağlı olmayan və sahədaxili rəqabətə ziyan vuran maliyyə güzəştlərinin və digər güzəştlərin verilməsi;
11) rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə tabeliyində olan təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradılması.
Maddə 7. Yerli inhisarçılıq
Yerli icra hakimiyyəti orqanlarının (rayon, şəhər və onlara daxil olan inzibati ərazi qurumlarının) təsərrüfat subyektlərinin və istehlakçıların mənafeyinə zidd olaraq rəqabətin məhdudlaşdırılmasına və ya aradan qaldırılmasına gətirib çıxaran və ya gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılar daxildir:
1) təsərrüfat subyektlərinin yerli bazara daxil olmasının məhdudlaşdırılması və kapital qoyuluşu üçün hüquqi, təşkilati və iqtisadi əngəllərin yaradılması;
2) rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən hallarda, yerli təsərrüfat subyektlərinə birtərəfli üstünlük yaratmaq məqsədilə dövlət büdcəsinin vəsaitindən, həmçinin büdcədənkənar dövlət fondlardan istifadə edilməsi; [7]
3) tabeliyində olan ərazidə bazar subyektlərinə münasibətdə sahibkarlıq fəaliyyətini məhdudlaşdırmaq məqsədilə vergitutma, özəlləşdirmə və torpaq məsələlərinin tənzimlənməsi sahəsində öz səlahiyyətlərindən istifadə edilməsi;
4) yerli bazarda hökmran vəziyyətə (mövqeyə) malik yerli təsərrüfat subyektlərinə və ya onların birliklərinə birtərəfli qaydada üstünlük verən vergi güzəştlərinin və digər güzəştlərin müəyyən edilməsi;
5) yerli bazarda hökmran mövqe tutmağa səbəb olan təşkilati-idarə qurumlarının, yaxud holdinq şirkətlərinin yaradılması;
6) əmtəə idxalı və ixracı üzrə məhdudiyyətlərin müəyyən edilməsi;
7) ayrı-ayrı təsərrüfat subyektləri üçün rəqabəti məhdudlaşdırılmasına gətirib çıxaran yerli sifarişdən sui-istifadə edilməsi.
Maddə 8. Təsərrüfat subyektlərinin inhisarçılığı
Bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılar daxildir:
1) xalq təsərrüfatının, əhalinin, ayrı-ayrı təsərrüfat subyektlərinin tələbatının ödənilmədiyi malların istehsalının əsassız olaraq məhdudlaşdırılması, yaxud dayandırılması;
2) süni qıtlıq yaratmaq, yaxud qiymətləri artırmaq məqsədi istehsalın həcminin dəyişdirilməsi və əmtəələrin dövriyyədən çıxarılması;
3) digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya bazarı tərk etməsinə əsassız maneələr yaradılması;
4) bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması);
5) məhsulun alternativ satıcıları və alıcıları olmadıqda təsərrüfat subyektləri arasında ayrı-seçkilik yaratmaq məqsədilə həmin məhsulu satmaqdan və ya almaqdan imtina edilməsi;
6) topdansatış və pərakəndə satış təsərrüfat subyektlərinin qapalı satış şəbəkələrinin yaradılması;
7) digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi;
8) kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi;
9) istifadə olunmamış istehsal qurğuları olduğu halda kontragentlə müqavilə bağlamaqdan əsassız imtina edilməsi;
10) kontragenti əvvəlcədən xəbərdar etmədən və onunla razılaşdırmadan qərarlaşmış təsərrüfat əlaqələrinin pozulması.
Maddə 9. Maliyyə-kredit inhisarçılığı
Maliyyə-kredit təşkilatlarının rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyəti aşağıdakılar hesab olunur:
1) maliyyə ehtiyatlarının çevikliyinin məhdudlaşdırılması, kapitalın bir fəaliyyət sahəsindən digərinə axması qarşısında süni əngəllər yaradılması;
2) kommersiya bankları arasında vahid faiz dərəcəsi siyasəti yeritmək haqqında sazişlər bağlanması;
3) mülkiyyət və təşkilati-hüquqi formalardan asılı olaraq təsərrüfat subyektlərinin bank krediti almasında əsassız ayrı-seçkilik yaradılması;
4) bank kreditləri almaq istəyənlərin qarşısında qanunvericilikdə nəzərdə tutulmayan şərtlərin qoyulması və bu şərtlərin sərtləşdirilməsi;
5) digər maliyyə-kredit təşkilatlarının maliyyə bazarına daxil olması (yaxud bazardan çıxması) üçün maneələr yaradılması;
6) kredit ehtiyatları bazarında süni qıtlıq yaratmaq, yaxud qıtlığı qoruyub saxlamaq, həmçinin kredit dərəcələrini yüksəltmək məqsədilə kredit verilməsinin azaldılması və ya dayandırılması.
Maddə 10. Bazar subyektlərinin üfqi və şaquli sazişləri nəticəsində yaranan inhisarçılıq
İcra hakimiyyəti və idarəetmə orqanları arasında, təsərrüfat subyektlərinin öz aralarında, yaxud icra hakimiyyəti, idarəetmə orqanları və təsərrüfat subyektləri arasında rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya səbəb ola bilən qeyri-qanuni üfqi və şaquli sazişlərə aşağıdakılar aiddir:
1) kartel sövdələşməsi, yəni eyni əmtəə (xidmət) bazarında rəqabət aparan, maliyyə və hüquqi baxımdan müstəqil olan iki və ya daha çox təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırmaq və (və ya) yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq məqsədilə bazarın ərazi prinsipinə, alğı satqının həcminə, malların çeşidinə və ya müştərilərə (sifarişçilərə) görə bölüşdürülməsi, malların (xidmətlərin) alınmasından və ya satılmasından imtina edilməsi, qiymətlərin (tariflərin) yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması, malların satışına və ya xidmətlərin göstərilməsinə güzəştlərin, endirimlərin və əlavələrin müəyyən edilməsi, yaxud rəqabəti məhdudlaşdıran digər vasitələrin tətbiqi barədə hər hansı bir formada könüllü sövdələşməsi;[8]
2) bir-birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni, yaxud alıcısı (sifarişçisi) olan bazar subyektləri arasında, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan və yaola bilən sazişlər;
3) təsərrüfat subyektlərinin bazardakı paylarının birləşdirilməsi onlara hökmran mövqe yaradarsa və ya bu mövqeyi gücləndirərsə, onların qovuşması və ya başqasının əlinə keçməsi ilə nəticələnən sazişlər;
4) bazar subyektlərinin rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə birgə müəssisə yaratmaq haqqında öz aralarında bağladıqları sazişlər;
5) xarici şirkətin Azərbaycan şirkətini əldə etməsi haqqında milli bazarda rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran sazişlər;
6) hər hansı bir malın alınmasını digər malın satılması üçün şərt kimi irəli sürən şərtli bağlaşmalar;
7) hər hansı malı satıcının rəqiblərindən deyil, məhz həmin satıcıdan almağa sövq edən şərtli bağlaşmalar;
8) rəqibləri bazardan sıxışdırıb çıxarmaq və bununla da bazara digər təsərrüfat subyektlərinin daxil olması üçün maneələr yaratmaq məqsədilə istehsal olunan məhsullara standartlar qoyulmasına gətirib çıxaran sazişlər.
Maddə 11. Təbii inhisarçılıq
1. Bu və ya digər malların istehsalı və xidmətlər sahəsində özlərinin təbii inhisar mövqeyindən sui-istifadə edərək ölkənin, təsərrüfat subyektlərinin mənafelərinə və istehlakçıların hüquqlarına ziyan vuran idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin fəaliyyəti üzərində antiinhisar nəzarəti xüsusi formada həyata keçirilir.
2. (Çıxarılıb) [9]
Maddə 12. Patent-lisenziya inhisarçılığı
Hər hansı mal bazarında rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə özlərinin patent və lisenziyalar üzərində inhisar hüququndan sui-istifadə edən idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin qeyri-qanuni fəaliyyətinə aşağıdakılar aiddir:
1) patent sahibinin ondan istifadə etməməsi və bu patentə lisenziya verməkdən əsassız imtina etməsi;
2) lisenziya alanın texniki siyasətinin məhdudlaşdırılması;
3) lisenziyalaşdırılmış texnologiyanın lisenziya alan tərəfindən mənimsənilməsinin məhdudlaşdırılması;
4) lisenziya alanın kommersiya fəaliyyətinin məhdudlaşdırılması;
5) lisenziya sahibi tərəfindən lisenziya satılarkən onun haqqının ödənilməsi rejiminin sərtləşdirilməsi.
Dövlət hakimiyyəti orqanlarının, habelə hər hansı təsərrüfat subyektlərinin (yer təki istifadəçilərinin) aşağıdakılara yönəldilən hərəkətləri qadağan edilir və ya qanunvericilikdə müəyyən edilmiş qaydada etibarsız sayılır: [11]
Bu maddənin birinci hissəsinin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır.
yerin təki haqqında qanunvericiliyə uyğun olaraq yerin təkindən istifadə hüququ almaq istəyən hüquqi və fiziki şəxslərin iştirak etmək üçün müsabiqəyə və ya hərraca buraxılışının həmin müsabiqənin (hərracın) şərtlərinə zidd olaraq məhdudlaşdırılması;
müsabiqə və ya hərrac qaliblərinə xüsusi razılıq verməkdən boyun qaçırılması;
müsabiqə və ya hərracın birbaşa danışıqlar ilə əvəz edilməsi;
yerin təkindən istifadə hakim mövqeyə malik təsərrüfat subyektləri ilə rəqabətə girə bilən strukturlar yarada bilən yer təki istifadəçilərinin ayrıseçkiliyə məruz qoyulması;
nəqliyyat və infrastruktur obyektlərindən istifadəyə imkan yaradılmasında yer təki istifadəçilərinin ayrıseçkiliyə məruz qoyulması.
İstifadəyə verilən yer təki sahələrinin ölçüləri, sahələrin sayı və çıxarılan faydalı qazıntı ehtiyatlarının miqdarı qanunvericilikdə müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər.
III b ö l m ə
ANTİİNHİSAR TƏNZİMLƏMƏ VASİTƏLƏRİ
Maddə 13. Təsərrüfat subyektlərinin və onların birliklərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi zamanı antiinhisar qanunvericiliyinə riayət edilməsinə dövlət nəzarəti[12]
1. Təsərrüfat subyektlərinin hökmran mövqelərindən sui-istifadə və ya rəqabəti məhdudlaşdıran hərəkətlərinin qarşısını almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı aşağıdakılara dövlət nəzarətini həyata keçirir:
təsərrüfat subyektlərinin birləşdirilməsinə və qovuşmasına (əgər bu, müvafiq əmtəə bazarında payı 35%-dən çox olan təsərrüfat subyektlərinin yaranması ilə nəticələnərsə);
aktivlərinin ümumi dəyəri minimum əmək haqqı məbləğinin 75 min mislindən artıq olan təsərrüfat subyektlərinin qovuşmasına və birləşməsinə;
aktivlərinin ümumi dəyəri minimum əmək haqqı məbləğinin 50 min mislindən artıq dövlət və bələdiyyə müəssisələrinin ləğv edilməsinə (məhkəmənin qərarı ilə müəssisələrin ləğv edilməsi halları istisna olunmaqla) və bölünməsinə (əgər bu, müvafiq əmtəə bazarında payı 35%-dən çox olan təsərrüfat subyektlərinin yaranması ilə nəticələnərsə). [13]
2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan hallarda təsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında həyata keçirilir. Belə təsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi haqqında qərar qəbul edən şəxslər və ya təsərrüfat subyektləri razılıq almaq üçün müvafiq icra hakimiyyəti orqanına vəsatət təqdim edir. Vəsatətə, təsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi ilə bağlı müvafiq müqavilə və (və ya) qərar və əsas məhsulun (xidmətlərin) müvafiq əmtəə bazarında satışının həcminə dair məlumat əlavə olunur.[14]
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu maddənin 1-ci bəndində nəzərdə tutulan hallarda təsərrüfat subyektlərinin yaradılmasına, yenidən təşkilinə və ləğv edilməsinə razılıq vermək üçün onlardan digər sənədlərin tələb olunmasına yol verilmir.
Müvafiq icra hakimiyyəti orqanı lazımi sənədləri aldıqdan sonra 15 gündən gec olmayaraq vəsatətlə müraciət edənə qəbul olunmuş qərar barədə yazılı məlumat verir.
3. Bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının razılığı alınmadıqda təsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi müvafiq icra hakimiyyəti orqanının iddiası üzrə məhkəmənin müvafiq qərarı ilə etibarsız hesab edilə bilər.
Maddə 13-1. Səhmlərin (payların) əldə olunması zamanı təsərrüfat subyektləri arasında bağlanılmış əqdlərin həyata keçirilməsində antiinhisar qanunvericiliyinə riayət edilməsinə dövlət nəzarəti [15]
1. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan istisnalarla, aşağıdakı hallarda təsərrüfat subyektləri arasında bağlanılmış əqdlər müvafiq icra hakimiyyəti orqanının razılığı alınmaqla həyata keçirilir:
bir təsərrüfat subyektinin nizamnamə kapitalını təşkil edən və səsvermə hüququna malik səhmlərin (payların) 20%-dən çoxunun digər təsərrüfat subyekti (təsərrüfat subyektlərinin birliyinin və ya bir-birinin əmlakına nəzarət edən şəxslər qrupu) tərəfindən əldə edildikdə. Bu məhdudiyyətlər təsərrüfat subyektinin yaradılması zamanı onun təsisçilərinə aid edilmir;
bir təsərrüfat subyektinin əsas istehsal vasitələrinin və ya qeyri-maddi aktivlərinin digər təsərrüfat subyektinin (təsərrüfat subyektlərinin birliyi və ya bir-birinin əmlakına nəzarət edən şəxslər qrupu) mülkiyyətinə və ya istifadəsinə verilməsi zamanı, əgər əqd predmetini təşkil edən əmlakın balans dəyəri, bu əmlakı özgəninkiləşdirən təsərrüfat subyektinin əsas istehsal vasitələrinin və qeyri-maddi aktivlərinin balans dəyərinin 10 faizindən çox olarsa;
bir təsərrüfat subyektinin sahibkarlıq fəaliyyəti aparmaq şərtlərini müəyyənləşdirməyə və ya onun ali idarəetmə orqanının funksiyalarını həyata keçirməyə imkan verən hüquqlarının digər təsərrüfat subyekti (təsərrüfat subyektlərinin birliyi və ya bir-birinin əmlakına nəzarət edən şəxslər qrupu) tərəfindən alındıqda. [16]
2. Bu maddənin birinci bəndində göstərilən əqdlərin həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının razılığı yalnız aşağıdakı hallarda tələb olunur:
bu maddənin birinci bəndində göstərilən təsərrüfat subyektlərinin aktivlərinin ümumi balans dəyəri minimum əmək haqqı məbləğinin 75 min mislindən çox olduqda;
təsərrüfat subyektlərinin birinin müvafiq əmtəə bazarında payı 35%-dən çox olduqda;
səhmləri əldə edən təsərrüfat subyekti həmin səhmləri özgəninkiləşdirən təsərrüfat subyektinin fəaliyyətinə nəzarət etdikdə.
3. Bu maddənin 1-ci bəndində göstərilən əqdlərin həyata keçirilməsinə razılıq almaq üçün müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanına vəsatət və bu Qanunun 13-cü maddəsinin ikinci bəndində göstərilən sənədləri və məlumatları təqdim etməlidirlər.
Maddə 14. İnhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması
Özlərinin hökmran mövqeyindən sui-istifadə edən təsərrüfat subyektləri inhisarçılıq fəaliyyəti göstərdikdə, öz hərəkətləri ilə rəqabətin məhdudlaşmasına və istehlakçıların mənafeyinin pozulmasına səbəb olduqda, onların məcburi qaydada bölüşdürülməsi isə texnoloji, ərazi və təşkilati səbəblərə görə mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı icra hakimiyyəti və idarəetmə orqanlarına: [17]
1) inhisarçı təsərrüfat subyektlərinin məhsullarının (xidmətlərinin) qiymətləri üzərində dövlət nəzarəti müəyyən olunması, bəzi hallarda bu və ya digər məhsulun (xidmətin) bazar qiymətinin yol verilən həddinin təsbit edilməsi;
2) təsərrüfat subyektlərinin gəlirlərindən tutulan vergilərə onların bazardakı payına uyğun olaraq mütərəqqi vergi dərəcələrinin tətbiq edilməsi;
3) (Çıxarılıb) [18]
4) hər hansı bir bazara kiriş maneələrini zəiflətmək məqsədilə istehsal olunan məhsullara eyniləşdirilmiş standartların tətbiq edilməsi;
5) sürətləndirilmiş amortizasiyanın normativ amortizasiya ilə əvəz edilməsi;
6) kredit verilməsi şərtlərinin sərtləşdirilməsi;
7) təsərrüfat subyektinin patent üzərində öz mövqeyindən sui-istifadə etməsi ilə əlaqədar olaraq yeni patentlərin nisbətən ucuz haqla məcburi lisenziyalaşdırılması;
8) bazar subyektlərindən birinin və ya hamısının birlikdə inhisarçılıq fəaliyyətini həyata keçirərkən onlar arasında bağlanan sazişlərin məhdudlaşdırıcı bəndlərinin ləğv edilməsi;
9) dövlət köməyinin bütün növlərinin dayandırılması;
10) barter əməliyyatlarının qadağan edilməsi;
11) idxal-ixrac əməliyyatları üçün verilən lisenziyaların ləğv edilməsi barədə müvafiq təkliflər verə bilər.
Maddə 15. İnhisarçılıq fəaliyyətinin aradan qaldırılması
Hökmran mövqe tutan təsərrüfat subyektləri inhisarçılıq fəaliyyəti göstərirlərsə və onların fəaliyyəti rəqabətin xeyli məhdudlaşdırılmasına səbəb olarsa, müvafiq icra hakimiyyəti orqanı təşkilati, texnoloji və ərazi şəraitinin imkan verdiyi halda onların məcburi bölünməsi haqqında qərar qəbul edə bilər. Bu halda müvafiq icra hakimiyyəti orqanı təsərrüfat subyektlərinin xüsusiyyətini nəzərə alaraq onların məcburi qaydada bölünməsi müddətlərini altı aydan az olmamaq şərti ilə müəyyənləşdirir. [19]
Maddə 16. Müvafiq icra hakimiyyəti orqanının məlumat əldə etmək hüququ
1. Müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır.
2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi müvafiq icra hakimiyyəti orqanını inhisarçı müəssisələrin dövlət reyestrinin aparılması üçün razılaşdırılmış proqram əsasında milli bazarda müəssisələrin hökmran mövqeyini müəyyən edən statistika məlumatları ilə təmin edir.
Maddə 16-1. İnhisarçıların informasiyanı açıqlamaq vəzifəsi
Əmtəə bazarında hökmran mövqe tutan xüsusi və ya müstəsna hüquqa və yaxud təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyaları şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlamalıdırlar.[21]
IV bölmə
YEKUN MÜDDƏALARI
Maddə 17. Bu Qanunun pozulmasının nəticələri
1. Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, icra hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri:
bu Qanunun pozulmasına yol verilməklə əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödəməyə; [22]
Müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərinə əsasən pozuntunu dayandırmağa, ilkin vəziyyəti bərpa etməyə, müqaviləni dəyişdirməyə və ya pozmağa və göstərişdə nəzərdə tutulan digər hərəkətləri yerinə yetirməyə; [23]
vurulmuş zərəri ödəməyə;
cəriməni ödəməyə borcludurlar.
2. Vurulmuş zərər məhkəmə tərəfindən tutulur. [24]
Maddə 18. Qanunun pozulmasına görə məsuliyyət [25]
Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri aşağıda nəzərdə tutulan məsuliyyəti daşıyırlar.
1. Təsərrüfat subyektləri:
müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hər gecikdirilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min manatdan çox olmamaq şərti ilə;[26]
müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə — beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar.[27]
Cərimənin miqdarı müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyəti nəzərə alınır.
2. Bu Qanunda nəzərdə tutulan şəxslər qanunla nəzərdə tutulmuş inhisarçılıq hərəkətlərinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti daşıyırlar. [28]
3. Bu maddənin 1-ci bəndində maliyyə sanksiyası şəklində tutulan cərimələr müvafiq icra hakimiyyəti orqanı bu barədə qərar qəbul etdikdən sonra 30 gün ərzində mübahisəsiz qaydada dövlət büdcəsinə tutulur.
Təsərrüfat subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir.[29]
4. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılma qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [30]
Maddə 19. Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin məsuliyyəti [31]
Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri dövlət və kommersiya sirri sayılan məlumatların saxlanılmasına, habelə xidməti vəzifələrini düzgün icra etməmə nəticəsində təsərrüfat subyektlərinə və dövlətə vurduğu ziyana görə qanunvericilikdə müəyyən edilmiş məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY.
Bakı şəhəri, 4 mart 1993-cü il.
№ 526.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 10 oktyabr 1997-ci il tarixli 381-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 17) ilə 1-1-ci maddə əlavə edilmişdir.
[2] 3 dekabr 2002-ci il tarixli 387-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 5) ilə 1-1-ci maddədə “bu Qanundan” sözlərindən sonra “, "Təbii inhisarlar haqqında", "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının qanunlarından” sözləri əlavə edilmişdir.
[3] 28 dekabr 2018-ci il tarixli 1408-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 25) ilə 2-ci maddənin 1-ci hissəsində “bütün ərazisində” sözlərindən sonra “(Ələt azad iqtisadi zonası istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[4] 28 dekabr 2018-ci il tarixli 1408-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 25) ilə 2-ci maddəyə yeni məzmunda 1-1-ci hissə əlavə edilmişdir.
[5] 30 sentyabr 2010-cu il tarixli 1083-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 noyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 939) ilə 2-ci maddəsinin 3-cü bəndində “ticarət nişanları və müəlliflik hüquqlarından” sözləri “faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici, müəlliflik hüququ və əlaqəli hüquqlardan” sözləri ilə əvəz edilmişdir.
[6] 3 dekabr 2002-ci il tarixli 387-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 5) ilə 4-cü maddənin axırıncı abzası yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
təbii inhisar—hazırkı şəraitdə rəqabətin mümkün və ya məqsədəuyğun olmadığı sahədə inhisarçılıq fəaliyyət növləri.
[7]9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 7-ci maddənin 2-ci yarımbəndində "bələdiyyə mülkiyyəti obyektlərindən, yerli büdcənin" sözləri "dövlət büdcəsinin" sözləri ilə əvəz edilmiş və "büdcədənkənar" sözündən sonra "dövlət" sözü əlavə edilmişdir.
[8] 5 aprel 2016-cı il tarixli 183-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 aprel 2016-cı il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 637) ilə 10-cu maddəsinin 1-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1) bazarda rəqabət aparan subyektlərdən biri hökmran mövqedə olarsa, onlar arasında bağlanan və məhdudlaşdırma vasitələri ilə bazarın inhisarlaşmasını doğuran sazişlər:
bazarın ərazi prinsipinə, alqı-satqının həcminə, malların çeşidinə və ya müştərilərə (sifarişçilərə) görə bölüşdürülməsi,
təsbit edilmiş qiymətlərin (tariflərin), güzəştlərin, əlavələrin (əlavə haqların, qiymətlərin) müəyyən edilməsi,
rəqibin bazara girməsinin məhdudlaşdırılması, baykot edilməsi və onunla işgüzar əlaqələrdən imtina edilməsi,
təklifin həcmini süni şəkildə dəyişdirmək məqsədilə istehsal kvotasının razılaşdırılması,
hərraclarda və sövdələşmələrdə qiymətlərin yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması,
bazar qiymətlərinin blokadası, qiymət ayrı-seçkiliyi qoyulması,
bir şəxsin eyni növ məhsul istehsal edən və satan iki və daha çox bazar subyektində eyni zamanda rəhbər vəzifə tutması;
[9] 3 dekabr 2002-ci il tarixli 387-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 5) ilə 11-ci maddənin 2-ci bəndi çıxarılmışdır.
əvvəlki redaksiyada deyilirdi:
2. Təbii inhisarçıların siyahısını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisi müəyyən edir.
[10] 23 mart 2001-ci il tarixli 103-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 360) ilə 12-1-ci maddə əlavə edilmişdir.
[11]1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348) ilə birinci hissəsinin birinci abzasından "və ya qanunvericilikdə müəyyən edilmiş qaydada etibarsız sayılır" sözləri çıxarılmışdır, ikinci hissə üçüncü hissə hesab edilmişdir və yeni məzmunda ikinci hissə əlavə edilmişdir.
[12] 10 oktyabr 1997-ci il tarixli 381-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 17) ilə 13-cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyasında deyilirdi:
Maddə 13. İnhisarçılıq fəaliyyətinin qarşısının alınması
1)İdarəetmə orqanlarının və təsərrüfat subyektlərinin inhisarçılıq fəaliyyətinin, qarşısını almaq üçün aşağıdakı hallarda antiinhisar siyasətini həyata keçirən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı ilkin dövlət nəzarətini həyata keçirir:
yeni idarəetmə orqanlarının yaradılması, birləşdirilməsi, yenidən qurulması nəticəsində onların fəaliyyəti rəqabətin məhdudlaşdırılmasına səbəb olarsa və ya ola bilərsə;
təsərrüfat subyektlərinin yaradılması, qovuşması, yenidən qurulması, ləğv edilməsi bazarda hökmran mövqe tutan yeni təsərrüfat subyektinin meydana kəlməsinə gətirib çıxararsa;
idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin kommersiya fəaliyyətinin birləşdirilməsi haqqında sazişlər rəqabətin məhdudlaşdırılmasına gətirib çıxararsa və ya gətirib çıxara bilərsə;
nəzarət paketinin alqı (satqı) əməliyyatı iştirakçılarından biri bazarda hökmran mövqe tutarsa, yaxud bu əməliyyatlarda iştirak edən təsərrüfat subyektlərinin bazardakı paylarının cəmi 35 faizə çatarsa;
icra hakimiyyət, idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyət göstərmək haqqında sazişləri rəqabətin, təsərrüfat subyektlərinin müstəqilliyinin məhdudlaşdırılmasına və istehlakçıların mənafelərinin pozulmasına səbəb olarsa və ya ola bilərsə.
2. Bu maddənin 1-ci bəndində göstərilən bütün hallarda Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının razılığı lazımdır. Bu məqsədlə idarəetmə orqanları və təsərrüfat subyektləri Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına razılıq üçün vəsatət və birləşmə nəticəsində yeni yaradılmış və birləşən təsərrüfat subyektlərinin ayrılıqda hər birinin əsas fəaliyyət növləri və müvafiq bazardakı payı haqqında məlumat verir. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı vəsatəti aldığı gündən iki həftə müddətində öz qərarı haqqında iddiaçıya yazılı məlumat verir.
3. Bu maddə qovuşma, birləşdirilmə, yenidən təşkil olunma nəticəsində bazarda xüsusi çəkisi 35 faizə, yaxud qanunvericilikdə müəyyən olunmuş digər həddə çatmayan təsərrüfat subyektlərinə şamil edilmir.
[13]3 dekabr 2002-ci il tarixli 387-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 5) ilə 13-cü maddənin 1-ci bəndinin dördüncü abzasında "artıq və bələdiyyə müəssisələrinin" sözləri "artıq dövlət və bələdiyyə müəssisələrinin" sözləri ilə əvəz edilmişdir.
[14] 1 fevral 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29) 13-cü maddəsinin 2-ci bəndinin 3-cü cümləsində "dövlət qeydiyyatı üçün qanunvericiliyə uyğun təqdim olunan sənədlər" sözləri "təsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi ilə bağlı müvafiq müqavilə və (və ya) qərar" sözləri ilə əvəz edilmişdir.
[15]10 oktyabr 1997-ci il tarixli 381-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 17) ilə 13-1-ci maddə əlavə edilmişdir.
[16]3 dekabr 2002-ci il tarixli 387-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 5) ilə 13-1-ci maddənin adında "səhmlərin" sözündən sonra "(payların)" sözü, 1-ci bəndinin birinci, ikinci, üçüncü abzasında mötərizə içərisində "təsərrüfat subyektləri birliyi" sözlərindən sonra "və ya bir-birinin əmlakına nəzarət edən şəxslər qrupu" sözləri əlavə edilmişdir.
[17]10 oktyabr 1997-ci il tarixli 381-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 17) ilə 14-cü maddədə “Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.
[18] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 14-cü maddənin üçüncü bəndi çıxarılmışdır.
əvvəlki redaksiyada deyilirdi:
3) təbii inhisarçı olaraq bazarda öz müstəqil mövqeyindən sui-istifadə edən təsərrüfat subyektləri üçün aksiz vergilərinin sərtləşdirilmiş dərəcələrinin tətbiq edilməsi;
[19]10 oktyabr 1997-ci il tarixli 381-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 17) ilə 15-ci maddədə “Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı” və “antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.
[20] 10 oktyabr 1997-ci il tarixli 381-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 17) ilə 16-cı maddədə “Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.
[21] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 16-1-ci maddə əlavə edilmişdir.
[22]10 oktyabr 1997-ci il tarixli 381-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 17) ilə 17-ci maddənin 1-ci bəndinin birinci abzasından sonra yeni abzas əlavə edilmişdir.
[23]10 oktyabr 1997-ci il tarixli 381-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 17) ilə 17-ci maddədə “Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.
[24]5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683) ilə 17-ci maddənin 2-ci bəndindən "və ya arbitraj məhkəməsi" sözləri çıxarılmışdır.
əvvəlki redaksiyada deyilirdi:
2. Vurulmuş zərər məhkəmə və ya arbitraj məhkəməsi tərəfindən tutulur.
[25]10 oktyabr 1997-ci il tarixli 381-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 17) ilə 18-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyasında deyilirdi:
Maddə 18. Antiinhisar qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Antiinhisar qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki-hüquqi və inzibati məsuliyyət daşıyırlar.
[26] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 18-ci maddəsinin 1-ci bəndinin ikinci abzasında “şərti maliyyə vahidi məbləğinin 50 mislinədək, lakin şərti maliyyə vahidi məbləğinin 20 min mislindən” sözləri “əlli beş manatadək, lakin iyirmi iki min manatdan” sözləri ilə əvəz edilmişdir.
[27] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 18-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasında “şərti maliyyə vahidi məbləğinin 5 min mislinədək” sözləri isə “beş min beş yüz manatadək” sözləri ilə əvəz edilmişdir.
[28]5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676) ilə 18-ci maddənin 3-cü bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
3. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan şəxslər eyni hərəkətləri il ərzində iki dəfə (inzibati təsir tədbirləri tətbiq edildikdən sonra) təkrar etdikdə qanunvericilikdə müəyyən edilmiş qaydada cinayət məsuliyyəti daşıyırlar.
[29]03 aprel 2015-ci il tarixli 1250-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 aprel 2015-ci il, № 091, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 369) ilə 18-ci maddəsinin 3-cü hissəsinin ikinci abzası yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyasında deyilirdi:
Təsərrüfat subyektləri cəriməni vaxtında ödəmədikdə və ya qismən ödədikdə müvafiq icra hakimiyyəti orqanı cərimənin, həmçinin hər gecikdirilmiş günə görə cərimənin ümumi məbləğinin, yaxud ödənilməmiş hissəsinin 1%-i məbləğində penyanın ödənilməsi üçün məhkəməyə müraciət edə bilər.
[30]30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 18-ci maddənin 2-ci bəndi çıxarılmış, 3-cü, 4-cü və 5-ci bəndləri müvafiq olaraq 2-ci, 3-cü və 4-cü bəndlər hesab edilmişdir.
əvvəlki 2-ci bəndinin əvvəlki redaksiyasında deyilirdi:
2. Təsərrüfat subyektlərinin rəhbərləri və icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri:
müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə xəbərdarlıq və ya minimum əmək haqqı məbləğinin 200 mislinədək;
bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrinin tələblərinə əməl etmədikdə və sənədləri təqdim etmədikdə —xəbərdarlıq və ya minimum əmək haqqı məbləğinin 150 mislinədək inzibati qaydada cərimə olunurlar.
[31]10 oktyabr 1997-ci il tarixli 381-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 17) ilə 19-cu maddə əlavə edilmişdir.