İqtisadiyyat Nazirliyi və “Naxçıvan Qaziləri” İctimai birliyi arasında görüş keçirilib

 

Oktyabrın 24-də Vətən müharibəsi iştirakçılarının problem və qayğılarını operativ şəkildə həll etmək məqsədilə İqtisadiyyat Nazirliyi və “Naxçıvan Qaziləri” İctimai birliyi arasında görüş keçirilib. Görüşdə İqtisadiyyat naziri Tapdıq Əliyev, nazirliyin aparatının məsul əməkdaşları iştirak ediblər.

Görüş iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin müqəddəs və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Görüşdə iqtisadiyyat naziri Tapdıq Əliyev “Naxçıvan Qaziləri” İctimai birliyinin nümayəndələrini salamlayaraq 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin Ali Baş Komandan İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, Müzəffər Azərbaycan ordusunun qəhrəmanlığı və xalqın birliyi sayəsində əldə olunduğunu fəxr hissi ilə vurğulayıb.

“Naxçıvan Qaziləri” İctimai birliyinin sədri Ceyhun Bayramov göstərilən diqqətə görə Tapdıq Əliyevə minnətdarlıq edib.

Görüşdə nazir qazilərin təkliflərini dinləyib, mövzu ətrafında müzakirələr aparılıb.

Sonda iqtisadiyyat naziri Tapdıq Əliyev Vətən müharibəsində iştirak etməklə, xidməti vəzifələrini layiqincə icra edən şəxslərə bir daha dərin təşəkkürünü bildirib və onlara hədiyyələr təqdim olunub.