NUHÇIXAN xəbər verir ki, oktyabrın 30-da Naxçıvanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Dövlət müəssisə və şirkətlərinin fəaliyyətində maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsi” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.
Naxçıvan Biznes Mərkəzində davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə çıxış edərək bildirib ki, gələn il 100 illiyini əlamətdar hadisə kimi qeyd edəcəyimiz Naxçıvan Muxtar Respublikasında bu ildən yeni idarəetmə sistemi tətbiq edilir. Muxtar respublikanın sosial-iqtisadi inkişafını hədəfləyən yeni layihələr icra olunur. Bu məqsədlə Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub və icrasına başlanılıb. Dövlət Proqramında kənd təsərrüfatı, tikinti, iqtisadiyyat, energetika və digər sahələrdə mühüm layihələr həyata keçiriləcək. Ötən illərdən yarım qalmış işlər müasir innovativ yeniliklər tətbiq olunmaqla tamamlanacaq. Bu işlərin yerinə yetirilməsində hər bir təşkilatın üzərinə mühüm vəzifələr düşür.
Fuad Nəcəfli qeyd edib ki, Səlahiyyətli Nümayəndəlik Azərbaycan Respublikası Hesablama Palatası ilə geniş əməkdaşlıq edir. Muxtar respublikada bu ilin dövlət büdcəsindən səmərəli istifadə olunması və növbəti ilin büdcə layihələri üçün atılan müvafiq addımlarda qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Hesablama Palatasının imkanlarından istifadə olunur. İlk olaraq artıq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində bu istiqamətdə işlərə başlanılıb.
Səlahiyyətli nümayəndə Azərbaycan Respublikası Hesablama Palatasının təşkilatçılığı ilə təşkil olunan tədbiri də bu mənada əhəmiyyətli hesab edib və bu cür tədbirlərin bundan sonra təşkil olunmasının faydalı olacağını bildirib.
Sonra tədbirdə Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan bəhs edən qısa film nümayiş etdirilib.
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək Prezident İlham Əliyevin maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı verdiyi tapşırıqların şəffaflıq və hesabatlılığın artırılmasındakı əhəmiyyətindən bəhs edib. Vüqar Gülməmmədov dayanıqlı inkişafın təmin olunmasında mühüm rolu olan şəffaflıq və hesabatlılığın son illərdə müxtəlif sahələrdə, o cümlədən dövlət maliyyəsinin idarəedilməsinin gücləndirilməsi üçün hazırlanan sənədlərin əsas hədəflərindən biri olaraq qəbul edildiyini vurğulayıb, həmçinin Hesablama Palatası tərəfindən Naxçıvanda maliyyə hesabatlılığının təmin edilməsinə töhfə verilməsinin maliyyə intizamının yüksəldilməsinə də səbəb olacağını qeyd edib.
Vurğulanıb ki, hüquqi bazanın təkmil olmaması maliyyə intizamı baxımdan bir sıra problemlər ilə nəticələnir. Dəstək vermək istədiyimiz sahələrdən biri də məhz Naxçıvan Muxtar Respublikasının büdcəsinin hüquqi tənzimlənməsi ilə bağlıdır. Hesab edirik ki, bu istiqamətdə Hesablama Palatasının təkliflərini ən yaxın aylarda təqdim edə bilərik. Hesablama Palatası tərəfindən 2023-cü ildə aparılmış auditlər də problemlərin bir hissəsinin hüquqi baza ilə bağlı olduğunu göstərsə də, audit olunan qurumların hər birində daxili nəzarət elementlərinin zəif olduğu xüsusi qeyd olunmalıdır. Hesabat ili ərzində 9 audit keçirmişik. Bu auditlərin 7-nin nəticələri artıq rəsmiləşib. Bəziləri barədə mətbuatda açıqlamalar vermişik.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.