2020-ci ilin “İxrac” ili elan olunması ticarət əlaqələrinin genişlənməsinə, yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılmasına və beləliklə ixrac potensialının genişlənməsinə böyük stimul verib. Bununla bağlı növbəti tədbir 08-11 dekabr tarixlərində Uludağ Avtomobil İxracatçıları Birliyi tərəfindən təşkil olunan “Autoexpo Turkiye 2020” adlı ilk beynəlxalq onlayn avtomobil sərgisi olub.
Onlayn sərgidə muxtar respublikadan “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Səxavət Hümbətovun iştirakı təmin olunub. Zavodun direktoru 3 gün davam edən onlayn sərgidə bir sıra şirkətlərin nümayəndələri ilə perspektiv əməkdaşlıq imkanları haqqında qarşılıqlı müzakirələr aparıb.
Qeyd edək ki, 55 nüfuzlu avtomobil və ehtiyat hissə istehsalçı şirkətlərinin məhsul nümayişini həyata keçirdiyi və dünyanın 63 ölkəsindən 300-dən çox ziyarətçinin iştirak etdiyi sərginin əsas məqsədi bu sahədə qabaqcıl şirkətlərlə təcrübə mübadiləsi, avtomobil sənayesində yeniliklərin nümayişi, beynəlxalq tərəfdaşlıq imkanlarının artırılması, onlayn ikitərəfli (B2B) görüşlərin keçirilməsi olub.
Sahibkarların bu cür beynəlxalq tədbirlərdə iştirakı iqtisadi əlaqələri genişləndirməklə məhsul ixracının artırılmasına təkan verir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti