Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümünü qeyd olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasından 97 il ötür. Naxçıvanın qədim və zəngin dövlətçilik tarixi vardır. 5-7 minillik şəhərsalma mədəniyyətinə malik olan Naxçıvanda yeddinci əsrdə müstəqil idarəçilik formalaşmış, onuncu əsrdə Naxçıvan Şahlığı feodal dövləti yaranmışdır. Naxçıvan şəhəri XII əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuş, bu torpaqda XVIII əsrdə Naxçıvan xanlığı, 1918-ci ildə Araz-Türk Respublikası fəaliyyət göstərmişdir. Naxçıvana muxtariyyət statusunun verilməsi isə çoxəsrlik dövlətçilik tariximizdə mühüm mərhələ təşkil edir. 1920-ci ildə Azərbaycanın Zəngəzur mahalı Ermənistana verildikdən sonra ölkənin əsas ərazisindən təcrid olunan Naxçıvanın muxtariyyət məsələsi zərurətə çevrilmişdi. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, qardaş Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanmışdır. Bu müqavilələrin imzalanmasından 3 il sonra - 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılmışdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.
Ali Məclisin Sədri deyib: Ötən dövrdə Naxçıvanın muxtariyyət tarixi geniş tədqiq olunmuş, yubileyləri qeyd edilmiş, muxtariyyətin hüquqi və siyasi bazası formalaşmış, Naxçıvan böyük inkişaf yolu keçmişdir. Təbii ki, muxtar respublikanın inkişafı və muxtariyyətinin qorunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Əgər 1924-1969-cu illərin Naxçıvanı ağır siyasi, sosial-iqtisadi və mədəni problemlər dövrü kimi səciyyələnirsə, 1969-1987-ci illərdə Ümummilli Liderimizin qayğısı ilə Naxçıvan Muxtar Respublikası qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət mərkəzinə çevrilmişdir. 1990-1993-cü illərdə xalqımızın böyük oğlunun Naxçıvanda siyasi fəaliyyət göstərməsi muxtar respublikanı işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən qorumuş, həmin dövrdə Naxçıvanda bütövlükdə Azərbaycanın xilasına hesablanmış tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının muxtariyyət, dövlətçilik statusu daimidir, əbədidir”, - deyən Ulu Öndər ölkəmizə ikinci rəhbərliyi dövründə də Naxçıvanın inkişafını və muxtariyyətinin möhkəmləndirilməsini diqqətdə saxlamışdır. Dahi şəxsiyyətin quruculuq xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasında dinamik inkişafı təmin etmiş, enerji, informasiya, ərzaq və müdafiə təhlükəsizliyi təmin olunmuşdur. Bu gün Naxçıvan Muxtar Respublikası milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı kimi ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Ötən dövrdə muxtar respublikada 166 ümumtəhsil məktəbi, 374 mədəniyyət müəssisəsi, 202 səhiyyə müəssisəsi, 55 idman obyekti, 288 hərbi obyekt tikilərək istifadəyə verilmiş, 98 mindən artıq yeni iş yeri açılmışdır.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında 1995-ci illə müqayisədə ümumi daxili məhsul istehsalı 66, onun hər bir nəfərə düşən həcmi 48, əhali gəlirləri 61, sənaye məhsulu 114, informasiya və rabitə xidmətləri 132, nəqliyyat sektorunda yük daşınması 26, kənd təsərrüfatının ümumi məhsulu 14, xarici ticarət dövriyyəsi isə 27 dəfə artmışdır. Bu dövrdə yaşıllıqların sahəsi genişlənərək ümumi ərazinin 20 faizinə çatmış, kənd təsərrüfatına yararlı torpaqların sahəsi artaraq 177 min hektardan artıq olmuşdur. Hazırda muxtar respublikada 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi 88 faiz təşkil edir. Naxçıvan Muxtar Respublikasında inkişafın nəticəsi olaraq yaşayış məntəqələri böyümüş, şəhər, qəsəbə və kəndlərin sayı artmışdır. Hazırda muxtar respublikada 217 səhiyyə, 492 mədəniyyət, 442 sənaye müəssisəsi fəaliyyət göstərir, 34 mindən artıq hüquqi və fiziki şəxs sahibkarlıqla məşğul olur. Naxçıvanda inkişafı xarakterizə edən ən mühüm amillərdən biri enerji təhlükəsizliyinin təmin olunmasıdır. Bu gün muxtar respublikanın elə bir yaşayış məntəqəsi yoxdur ki, ora təbii qaz verilməsin. Muxtar respublikada 10 elektrik stansiyası vardır ki, onun da 8-i alternativ və bərpaolunan enerji mənbələri hesabına fəaliyyət göstərir. Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində ardıcıl tədbirlər görülmüş, Naxçıvan şəhərində, rayon mərkəzlərində və ətraf kəndlərdə müasir içməli su və kanalizasiya sistemləri qurulmuş, əhali 24 saat dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilmişdir. Əhalinin həyat şəraiti, məskunlaşması və rifahı da yaxşılaşmış, muxtariyyətin əvvəlindən bu günə muxtar respublika əhalisi 5 dəfə artaraq 462 min nəfərə çatmışdır. Artan iqtisadi imkanlar muxtar respublikada elmin, təhsilin və mədəniyyətin inkişafına da öz təsirini göstərmişdir. Bu gün muxtar respublikada 3 ali, 4 orta ixtisas təhsili müəssisəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, 212 ümumtəhsil məktəbi, Heydər Əliyev adına Hərbi Lisey, 5 peşə məktəbi, 36 məktəbdənkənar, 22 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Görülən tədbirlər nəticəsində təhsilin səviyyəsi artmışdır. Əgər 1995-ci ildə orta məktəbi bitirən məzunlardan 11 faizi və ya 401 nəfəri tələbə adını qazanmışdırsa, 2020-ci ildə bu göstərici müvafiq olaraq 67 faiz və ya 1955 nəfər təşkil etmişdir.
“Naxçıvanın tarixi, etnoqrafiyası, mədəniyyəti və təbii sərvətləri ciddi tədqiqat predmetinə çevrilmiş, minlərlə kitab nəşr olunmuş, naxçıvanşünaslıq zənginləşdirilmiş, abidələrimiz bərpa edilmiş, milli dəyərlərimizin qorunub yaşadılmasına diqqət artırılmışdır”, - deyən Ali Məclisin Sədri bildirib ki, artıq Naxçıvanın Azərbaycan dövlətçilik tarixindəki rolu, nail olduğu müasir inkişaf elmi tədqiqatların və araşdırmaların mövzusudur. 97 illik muxtariyyət tarixinin, təbii ki, ən mühüm nailiyyəti Naxçıvanın ərazisinin qorunub saxlanmasıdır. Muxtariyyət statusu çoxşaxəli inkişafla yanaşı, həm də Naxçıvanda böyük müdafiə potensialının formalaşdırılmasına əsas vermişdir. Bir sözlə, Naxçıvan Muxtar Respublikası bütün sahələrdə uğurlu yol keçmişdir. Bunun nəticəsini təkcə rəqəmlərdə yox, eyni zamanda real həyatda, insanların rahat yaşayışında, sabitlikdə, yüksək rifahda, yaşayış məntəqələrimizin dəyişən simasında, tikilən infrastruktur obyektlərində, insanların firavanlığının, həyat şəraitinin yaxşılaşmasında, ordu quruculuğunda görürük. Aparılan quruculuq işlərinə, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına öz töhfələrini verənlərin əməyi isə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar dövlət mükafatları və fəxri adlarla təltif olunur.
Ali Məclisin Sədri bu tarixi gündə şəhidlərimizin xatirəsini yad edib, Naxçıvanda sabitliyin və sərhədlərin qorunmasında, inkişafın təmin edilməsində əməyi olanlara təşəkkürünü bildirib, təltif olunanları və mükafat alanları, onların timsalında bütün muxtar respublika əhalisini təbrik edib, çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Bu gün Naxçıvan, sözün əsl mənasında, inamla, uğurla inkişaf edir... Bu uğurların təməlində Ulu Öndərin siyasəti dayanır. Biz, onun davamçıları bu siyasətə sadiqik”.
Sonra Naxçıvan Dövlət Televiziyasının Naxçıvan Muxtar Respublikasının yaranmasının 97 illiyi münasibətilə hazırladığı filmə baxış olub.
Tədbirdə Naxçıvan Muxtar Respublika mükafatlarının, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olub. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin "İnvestisiyaların təşviqi və ixraca dəstək" çöbəsinin müdiri Orxan Abdinov da olub.