Hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüş

 

14 aprel 2021-ci ildə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən 2020-2021-ci tədris ili üçün İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış və ali təhsil müəssisələri ilə qarşılıqlı təsdiq olunmuş tədris planına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş tələbələrlə növbəti görüş keçirilib.

Görüşü giriş sözü ilə “İqtisadiyyat və idarəetmə” fakultəsinin dekan müavini Rauf Rəhimov açaraq Sərəncamın icrasından irəli gələn bu cür görüşlərin tələbələrin gələcəkdə peşə hazırlığına dəstək və onların mütəxəssis kimi formalaşmasına böyük stimul verdiyini vurğulayıb.

İqtisadiyyat Nazirliyinin “Dövlət əmlakının özəlləşdirilməsi və cəömiyyətlərlə iş” şöbəsinin əməkdaşı Vüqar Abbasov dövlət əmlakının idarə edilməsinin səmərəliliyinin artırılması, dövlət əmlakının qorunub saxlanılması və istifadəsi üzərində dövlət nəzarətinin təkmilləşdirilməsi yolu ilə dövlət müəssisələrinin rəqabət qabiliyyətini yüksəltməsi, dövlət əmlakının icarəyə verilməsi qaydaları haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

Daha sonar Nazirliyin “İnvestisiyaların təşviqi və ixraca dəstək” şöbəsinin müdiri Orxan Abdinov muxtar respublikada istehsal olunan ixrac potensialına malik məhsullar, onların ixrac bazarları, rəqabətqabiliyyətli məhsulların güzəştli ticarət rejimi çərçivəsində ixrac perspektivləri, bu sahədə qarşıya qoyulmuş vəzifələr haqqında geniş məlumat verib.

          Sonda tələbələri maraqlandıran suallar ətrafında diskusiya aparılıb. Diskusiyalarda fəal iştirak edən tələbələr mükafatlandırılıb.