İstanbulda “Türkiyə - Türk dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı” keçirilib

 

Noyabrın 11-də İstanbulda postsovet məkanındakı türkdilli dövlətlərin müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş “Türkiyə - Türk dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı” keçirilib. Tədbirdə türkdilli ölkələrin nazirləri, iş adamları, startapçılar iştirak ediblər.

Tədbirdə muxtar respublikada fəaliyyət göstərən “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının idarə heyətinin sədri Vüqar Abbasov və “Ləzzət Qida Sənaye” MMC-nin direktor müavini Simral Axundov iştirak etmişlər.

Konfransda Özbəkistanın Baş nazirinin müavini, Türkiyənin ticarət naziri, Qazaxıstanın milli iqtisadiyyat naziri, Qırğız Respublikasının iqtisadiyyat və ticarət naziri, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının prezidenti, Türk Ticarət və Sənaye Palatasının prezidenti çıxış etmişlər.  Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Mehmet Muş arasında görüş keçirilmişdir. 

Tədbir çərçivəsində panel iclaslar keçirilib, türkdilli ölkələr arasında ticarət, kiçik və orta biznes, investisiya, tranzit daşımaları sahəsində əməkdaşlığın inkişafı barədə müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Rəsmi çıxışlardan sonra sahibkarlar arasında keçirilmiş ikili görüşlər (B2B) zamanı muxtar respublika təmsilçiləri bir sıra iş adamı və Türkiyənin rəsmi qurumlarının nümayəndələri ilə görüşmüşlər.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti