NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gündən Naxçıvan şəhərindəki mərkəzi bazarda kənd təsərrüfatı məhsullarının satışı yarmarkası başlayıb.
Hər il olduğu kimi, bu il də Yeni il bayramı ərəfəsində Naxçıvan şəhərinin Xətai məhəlləsindəki mərkəzi bazarda təşkil olunan kənd təsərrüfatı məhsullarının satışı yarmarkasında əhalinin bütün növ ərzaq məhsullarına tələbatının ödənilməsi üçün ucuz qiymətə pərakəndə ticarət xidmətləri təşkil olunub.
Dekabrın 25-dən 31-dək təşkil olunan yarmarkaya yerli məhsulların istehsalı üzrə ixtisaslaşmış 286 ailə təsərrüfatı, 25 sənaye, 6 topdansatış müəssisəsi qatılıb. Sahibkarlar və ailə təsərrüfatları tərəfindən alıcılara 180 min manatlıq məhsul təqdim edilir. Hər gün səhər saat 8-dən başlayan yarmarkada alıcıların rahat alış-veriş etmələri üçün lazımi şərait yaradılıb. Yarmarkada muxtar respublikanın bütün bölgələrindən ailə təsərrüfatlarının istehsalı olan müxtəlifçeşiddə məhsullar bazar qiymətlərindən 10-25 faiz aşağı qiymətlərlə almaq mümkündür.
Alıcılar nəfis qablaşdırılmış yüksəkkeyfiyyətli quru meyvələrdən, pendir, turşu, cem, alma, armud, yerkökü, turp, qovurma, kartof və digər məhsullardan həvəslə alırlar. Həmərsin, keçi pendiri, qoz-fındıq ləpəsinə də maraq böyükdür. Yarmarkada çaşır turşusu 25 manat, şor-kərənin 1 kiloqramı 10 manat, farel balığı 6-7 manat, kartof 80 qəpik, soğan 1 manat. Cəviz ləpəsi 13-15 manat, fındıq qabıqlı 6, ləpəsi 16 mant, fısdıq 6 manata satılır. Qarşıdan bayram günləri gəlir. Bu günlərdə süfrələrimizi daha zəngin edir, qonaqları qarşılayıb, yeni ilə xoş əhvalla addımlayırıq. Süfrələrimizin bol məhsulunu isə bayram yarmarkalarından əldə edə bilərik. Bayramın əvəzolunmaz nemətləri sırasında olan hinduşka əti isə 7 manatdan alıcılara təklif edilir.