Xalq-ordu birliyinin ən bariz nümunəsi Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi birlik idi

 

 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Naxçıvan şəhərindəki hərbi hissənin əsgər və zabitləri ilə görüş zamanı İqtisadiyyat Naziri Tapdıq Əliyev deyib. Əsgərlərlə görüşüb onlara bayram sovqatı təqdim edən İqtisadiyyat Nazirliyi və “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları  əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İqtisadiyyat naziri Tapdıq Əliyev görüş zamanı bildirib ki, həmrəyliyin ən bariz nümunəsi Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi birlik oldu. Birliyimiz sübut etdi ki, Azərbaycan xalqı güclüdür, həmrəydir, istənilən çətinliyin öhdəsindən gəlməyə qadirdir. Qəhrəman əsgərlərimizin şücaəti, fədakarlığı nəticəsində biz torpaqlarımızı işğaldan azad etdik. Əldə etdiyimiz bu tarixi zəfər, torpaqlarımızın azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, ordusuna, onun gücünə etibarını daha da möhkəmləndirdi. Dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz dövləti, onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olması ilə fəxr edir.

“Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Ceyhun Abdullayev əsgərlərə xoş arzularını çatdırıb, həmrəylik günü münasibətilə onları təbrik edib.

Əsgərlər adından çıxış edən İnam Mehdiyev göstərilən diqqətə görə minnətdarlıq edib.

Sonra gətirilən bayram sovqatı əsgərlərə təqdim edilib.