Muxtar respublika 2021-ci ili uğurla başa vurub

 

 

 

Muxtar respublikada 2021-ci ildə iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilmiş, yüksək nəticələr qazanılmış, dövlət proqramlarının və iqtisadi layihələrin icrası uğurla davam etdirilmişdir.

Son illər iqtisadiyyatın davamlı inkişafında sənayenin rolu getdikcə artır. Muxtar respublika sənayesinin yüksək sürətlə inkişaf etməsi, əsasən, 17 il əvvəl qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın reallaşması məqsədilə buradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə olunması ilə bağlıdır. Bundan əlavə, ayrı-ayrı sahələrin inkişafını nəzərdə tutan digər proqramların da uğurla həyata keçirilməsi və geniş iqtisadi islahatlar ümumi tərəqqiyə və əsaslı yüksəlişə təkan vermişdir.

2004-2020-ci illərdə muxtar respublika iqtisadiyyatı 12,5 dəfə, cari ilin 11 ayında isə 1,4 faiz artmışdır. 2020-ci ildə sənayedə əlavə dəyərin illik artım tempi 2,5 faiz, bu ilin 11 ayında isə 1,2 faiz artmışdır. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 11 ayında sənayenin ÜDM-də xüsusi çəkisi 27,5 faizə yüksəlmişdir.