Ötən il muxtar respublikada sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradılıb

 

 

 

 

Bu gün ölkəmizdə həyata keçirilən layihələrin uğur qazanmasında sahibkarların böyük rolu var. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası ilə əlaqədar özəl sektor qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi bir sıra istiqamətlərdə rəqabətqabiliyyətli istehsal və xidmət sahələrinin yaradılmasına imkan verib.

Bu inkişaf strategiyasının muxtar respublikada uğurla davam etdirilməsi müasir və güclü infrastrukturun qurulmasına, özəl sektorun inkişafına, bu istiqamətdə bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsinə, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılmasına, yeni müəssisələrin qurulmasına, iş yerlərinin açılmasına zəmin yaradıb. Dövlət qayğısı sayəsində sahibkarlığın inkişafı istiqamətində ardıcıl və sistemli tədbirlər görülüb, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi formalaşdırılıb.