Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat Nazirliklərinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək rayonunun Uzunoba kəndində torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.
Tədbiri Babək Rayon İcra Hakmiyyətinin əməkdaşı Budaq Yusifov açaraq rayonda aqrar sahənin inkişafı istiqamətində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov qarğıdalı və günəbaxan bitkilərinin əkilib-becərilmə texnologiyasından danışaraq bildirib ki, torpaqların münbitliyinin artırılması, mineral və üzvü gübrələrdən səmərəli istifadə kənd təsərrüfatında yağlı bitkilər hesab edilən qarğıdalı və günəbaxan sahələrindən bol məhsul götürməyə imkan verir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Xudakərim Məmmədov çıxş edərək bildirib ki, qarğıdalı əkini sahələrinin ildən-ilə artması belə deməyə əsas verir ki, torpaq mülkiyyətçiləri buna böyük maraq göstərirlər. Bu maraq isə ondan irəli gəlir ki, əvvəlki dövrlərdən fərqli olaraq indi torpaq mülkiyyətçiləri üçün hərtərəfli şərait yaradılıb, onlar lazımi texnika və avadanlıqlarla təmin olunurlar. Bundan əlavə, tədarük məntəqələrində qarğıdalı dəninin nağd pulla alınması əkinçilər üçün çox əlverişlidir. Digər tərəfdən dövlət tərəfindən aqrar sektora göstərilən dövlət dəstəyinin nəticəsidir ki, hər il muxtar respublikada yeni heyvandarlıq təsərrüfatları yaradılır . Bu təsərrüfatların yemə olan ehtiyacında qarğıdalı dəni çox mühüm rol oynayır. Buna görə də, qarğıdalı dəninə tələbat ildən-ilə daha da artır.
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb, maarifləndirici bukletlər təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti