İqtisadiyyat Nazirliyində ötən ilin yekunları müzakirə olunub

 

 

2021-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturunun və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.

İclası giriş sözü ilə açan nazir Tapdıq Əliyev sənayeləşmə sahəsindəki uğurlardan bəhs edərək vurğulayıb ki, keçən il muxtar respublikada iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixracqabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində tədbirlər görülüb, 120 istehsal və xidmət sahəsi istifadəyə verilib. 61 layihənin icrası isə davam etdirilir.Ümumilikdə, həyata keçirilən tədbirlərin nəticəsində bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir.

İclasda özəl sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gedişi də müzakirə olunub. Nazir bildirib ki, özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün sahibkarlığın güzəştli kreditləşdirilməsi davam etdirilib, ötən il 151 layihənin maliyyələşdirilməsinə 7 milyon 744 min 378 manat həcmində kredit verilib. Bu kreditlərin 191 min 500 manatı sənayenin, 3 milyon 325 min 878 manatı kənd təsərrüfatının inkişafına, 4 milyon 227 min manatı isə xidmət sahələrinin yaradılmasına yönəldilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 550-dən çoxyeni iş yerinin açılmasına imkan yaradılıb.

Ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci ildə 76 ailə təsərrüfatına 1 milyon 221 min 400 manat  dövlət maliyyə dəstəyi göstərilib, ailə təsərrüfatları 5000 ədəd 27 çeşiddə tara ilə təmin olunub. Nazirliyin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ailə təsərrüfatlarında hazırlanan 273 halda məhsullardan orta nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında analizlər aparılıb.

Bildirilib ki, 2021-ci ildə görülən işlər ixracyönümlü məhsulların istehsalının dəstəklənməsinə, investisiyaların cəlb edilməsinin stimullaşdırılmasına öz töhfəsini verib. 2021-ci ildə keçirilmiş 29 beynəlxalq əhəmiyyətli tədbirdə muxtar respublikadan 70 sahibkarlıq subyektinin 97 nümayəndəsinin Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Qətər, Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrdə iştirakı təmin edilib. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 137 hаldа mənşə sertifikatının verilib.

2021-ci ildə məhsullarımız daxili bazarda öz mövqeyini möhkəmləndirməklə yanaşı, Rusiya, İran, İraq, Türkiyə, Yəmən, BƏƏ, Gürcüstan, Estoniya, Latviya, Litva, Polşa, Çin, Əfqanıstan, Türkmənistan, Kanada, Qazaxıstan, Ukrayna kimi ölkələrə muxtar respublikadan vafli məmulatları, mebel dəstləri, mineral sular, tütün məmulatları, tikinti materialları, daş məhsulları, plastik inşaat məhsulları, qarğıdalı və digər kənd təsərrüfatı məhsulları ixrac edilib.

İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu qeyd edən nazir bildirib ki, 2021-ci ildə 4 layihə üzrə 23 milyon 661 min manat dəyərində investisiya təşviqi və təsdiqedici sənəd verilib.

İdxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və yerli məhsulların ixracının genişləndirilməsi iqtisadi siyasətin prioritetlərindən olduğunu vurğulayan Tapdıq Əliyev qeyd edib ki, ötən ildə 1436 tonu “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən olmaqla soyuducu anbarlara ümumilikdə 8713 ton meyvə-tərəvəz məhsulları tədarük olunub.

İstehlak bazarının davamlı təchizatını təmin etmək məqsədilə ötən ildə istiхana kоmplekslərində 154 min 705 kvadratmetr sahədə tərəvəz məhsulları yetişdirilib, 903 ton tərəvəz məhsulları istehsal olunaraq satışı həyata keçirilib.

Nazir müəyyən edilmiş tədbirlərin icrasının qısa müddətdə və keyfiyyətlə təmin olunması, müzakirə edilmiş məsələlərin ciddi nəzarətdə saxlanılmasına dair konkret tapşırıqlar verib. İclasda İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2022-ci il üçün İş Planı təsdiq olunub, cari məsələlər müzakirə edilib.

Sonra məruzə ətrafında çıxışlar olub.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti