Naxçıvan Muxtar Respublikasında qış aylarında daxili bazarın keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə tam təminatında istixana kompleksləri əvəzsiz rol oynayır. Hazırda Naxçıvan şəhəri, Şərur, Babək, Culfa, Kəngərli, Ordubad rayonlarında olmaqla, regionun müxtəlif bölgələrində 156 kvadratmetr sahədə 36 istixana təsərrüfatı fəaliyyət göstərir.
Əhalinin qış aylarında faraş tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün müasir istixana komplekslərinin qurulması və mövcud sahələrin genişləndirilməsi istiqamətində Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 2000-2021-ci illər ərzində 32 layihənin maliyyələşdirilməsinə 4 milyon 739 min 600 manat, təkcə 2021-ci il ərzində isə 1 layihənin maliyyəşdirilməsinə 26 min manat güzəştli kredit verilib. ‘
Bu istiqamətdə işlər hazırda da davam etdirilir. Bundan əlavə, ötən il 5 istixana təsərrüfatının yaradılması və 5 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır.
İstehlak bazarının davamlı təchizatını təmin etmək məqsədilə ötən ildə istiхana kоmplekslərində 154 min kvadratmetr sahədə tərəvəz məhsulları yetişdirilib, 903 ton tərəvəz məhsulları istehsal olunaraq satışı həyata keçirilib.
2021-ci il ərzində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən istixanalarda yetişdirilən 96 halda məhsulun keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğunluğuna nəzarət edilmişdir.