Dünən Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Macarıstan biznes-forumu keçirilib.
İki ölkənin rəsmilərinin də iştirak etdiyi forum Azərbaycan və Macarıstan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətləri əhatə edib. Biznes forumda iqtisadi sahədə mövcud vəziyyət və əməkdaşlığın inkişaf imkanları, o cümlədən, ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Tədbirdə Azərbaycan və Macarıstan şirkətləri ilə yanaşı, muxtar respublikada fəaliyyət göstərən “Badamlı Mineral Sular” MMC-nin, “Ləzzət Qida Sənaye” MMC-nin, Babək “Sirab” ASC-nin nümayəndələri iştirak ediblər. Keçirilmiş ikili görüşlər zamanı muxtar respublikanın iş adamları ilə Macarıstan iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılıb.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti