Son illər muxtar respublikada özəl sektorun inkişafı sahəsində həyata keçirilən davamlı islahatlarla əlaqədar ən qədim tətbiqi sənət növlərindən biri olan xalçaçılığa diqqət artmışdır. Xalçaçılıq tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olmuşdur. Hər bir xalça toxunduğu yerin təbiəti, onu toxuyan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Bu mənada xalçaçılığın inkişafı tarixi, mədəni və maddi irsin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018- ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması və davamlı inkişafıdır. Proqramın icrasına uyğun olaraq 2021-ci ildə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xalq Yaradıcılığı Emalatxanasında 9, Cəlilkənd buzxanasında 2 xalça toxunmuş, 23 xalçanın satışı həyata keçirilmişdir.
Xalçaçılıq sahəsini inkişaf etdirmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması da davam etdirilmişdir. Muxtar respublikada xalçaçılığın inkişafı, öz növbəsində, yeni iş yerlərinin də yaradılmasına səbəb olur. Ötən ildə xalçaçılıq sənətini inkişaf etdirmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması da davam etdirilmiş, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan şəhərində xalça istehsalı müəssisəsinin, yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin yaradılması başa çatdırılmışdır.
Bu tədbirlərin davamı ötən il Şərur Sənaye Məhəlləsində yaradılması nəzərdə tutulan istehsal sahələri üzrə layihələrin təqdimatı ilə bağlı “Naxçıvan Biznes Mərkəzi” MMC-də sahibkarların iştirakı ilə keçirilmiş görüşdə “iplik istehsalı” layihəsinin təqdimatı keçirilib, layihənin üstünlükləri və tətbiq ediləcək güzəştlər haqqında ətraflı məlumatlar verilmişdir.
Həmçinin ötən il Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə yaradılmış “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikada xalçaçılıq sahəsi üzrə fəaliyyət göstərən müəssisələrin yerli xammalla təchizatına, idxaldan asılılığın aradan qaldırılmasına və rentabelli fəaliyyət göstərməsinə imkan yaradacaqdır.
Həyata keçirilən tədbirlər nəticəsində xalçaçılıq sənətinə marağın artması bu sahədə peşə təhsilinin və müvafiq kursların təşkili ilə bağlı tədbirlərin geniş vüsət almasına yol açmışdır. Dövlət proqramında əllə xalçatoxuma sahəsində peşə təhsilinin dəstəklənməsi barədə tapşırıqlar verilmişdir. 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə məktəblərində təşkil olunan “Xalçaçı” kursları üzrə 45 müdavim təhsilini başa vurmuşdur. Kursu müvəffəqiyyətlə bitirənlərə “Xalçaçı” ixtisası üzrə sertifatlar təqdim olunmuşdur. Həmçinin 2021-ci ildə Naxçıvan Şəhər Peşə Liseyində “Xalçaçı” kursunun müdavimlərinin 40-dək əl işindən ibarət sərgi təşkil olunmuşdur.
2021-ci ildə ümumtəhsil məktəblərinin şagirdlərinə də xalçaçılığın sirlərinin öyrədilməsi diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq və Ordubad rayon Uşaq-Gənclər Yaradaıcılıq Mərkəzlərində xalçaçılıq dərnəkləri yaradılmışdır. Naxçıvan Regional Peşə Tədris Mərkəzində 12 nəfər müdavimdən ibarət “Xalçaçı” kursu təşkil olunmuş, 10 nəfər müdavim kursu bitirmişdir.
Dövlət proqramının icrasına uyğun olaraq yaradılmış əllə toxunmuş xalçaların reyestri sisteminə daxil etmək üçün 2021-ci ildə 23 xalçanın pasportlaşdırılması ilə bağlı işlər həyata keçirilmiş, reyestrə 33 ədəd xalça haqqında məlumat daxil edilmişdir.
Turizm sektorunun inkişafına təkan verən başlıca amillərdən biri ənənəvi sənətkarlıq sahələrinin özünəməxsusluğunun qorunması və bu fəaliyyətin nəticəsi olan məhsulların müxtəlif üsullarla nümayiş edilməsidir. Muxtar respublikamızda istehsal olunan sənətkarlıq nümunələrində ənənəvi cəhətlərin qorunması bu nümunələrin turizm məhsulu kimi təqdim edilməsinə imkan yaradır. Həmin məhsullar içərisində əllə toxunan xalçalar xüsusi yer tutur. Muxtar respublikada fəaliyyət göstərən xalçaçılıq emalatxanalarının turizm obyekti kimi mədəni turizm marşrutlarına daxil edilməsi və Turizm İnformasiya Mərkəzi vasitəsilə xalçaçılıq irsinin təbliği istiqamətində 2021-ci ildə Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında xalçaçılıq irsinin təbliği məqsədilə məlumatlar paylaşılıb, bu məlumatlar Azərbaycanda və 20-ə yaxın xarici ölkədə fəaliyyət göstərən turoperatorların və mehmanxanaların elektron poçt ünvanlarına göndərilmişdir.
Naxçıvan xalçaçılıq məktəbinin elmi cəhətdən və sistemli şəkildə araşdırılması, yeni elmi nəşrlərin hazırlanması, xalçaçılıq sahəsində unudulmaqda olan ənənələrin bərpası diqqətdə saxlanılmışdır. Ötən il AMEA-nın Naxçıvan Bölməsinin “Xalçanın əllə toxunması və texniki iş üsulları”, “Naxçıvan xalçaları: Dünəni və bu günü”, “İpliklərin təbii boyalarla boyanması”, “Naxçıvanda toxuculuq və xalçaçılığın ticarət əlaqələrinin genişlənməsinə təsiri”, “Kamil Əliyev yaradıcılığında Nəsimi obrazı” başlıqlı məqalələri çap olunmuşdur.
Naxçıvan xalçaçılıq məktəbinə aid yeni nəşrlərin tədris planına salınması və tədrisinin təşkili istiqamətində Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində “Texnologiya Mərkəzi” açılımış, 2021-ci ildə “Texnologiya Mərkəzi”nin “Toxuculuq” kabinəsində 46 ədəd müxtəlif ölçülü xalça, 18 ədəd kilim nümunəsi, 5 ədəd palaz və milli ornamentlərlə toxunan 2 ədəd örtük nümunəsi toxunmuşdur.
Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi II kurslarının “Xalça və tikmələr”dən ibarət sərgisi təşkil olunmuşdur. Altmışa yaxın xalça və tikmə nümunələrinin nümayiş edildiyi sərgidə əsasən, Naxçıvanın xovlu və xovsuz xalça nümunələrindən vərni, şəddə, çeçim, kilim, duz torbası və eləcə də tikmə xalçalarda işlədilən ornamentlər öz əksini tapmışdır.
Xalqımızın istedad və bacarığını, tükənməz sənət imkanlarını göstərən xalçaçılıq əbədiyaşar sənətdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Naxçıvan xalçaları, sadəcə xalça deyil, bunlar həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli nümunələrdir. Ona görə də bu nümunələrin öyrənilməsi, tədqiqat işlərinin davam etdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır”.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti
Şərqin səhəri qəzeti
05 fevral 2022-ci il