Sahibkarlığın inkişafının stimullaşdırılması, öz növbəsində, yeni istehsal sahələrinin yaradılması və müxtəlif iş yerlərinin açılması yolu ilə əhali məşğulluğunun təmin olunmasına gətirib çıxarır. 2021-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən mikro, kiçik və orta sahibkarlara, ümumilikdə, 7 milyon 744 min 378 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Bu dövrdə muxtar respublikada dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 157 layihə üzrə işlər başa çatdırılmış, yeni yaradılan istehsal sahələrində 660 iş yeri açılmışdır. Məhsullarımızın xarici ölkələrdə təbliği və təşviqi məqsədilə 250 ədəd Naxçıvan məhsulları ixrac kataloqu çap edilmişdir.
Muxtar respublikada dövlət maliyyə dəstəyi hesabına 72 heyvandarlıq, 2 quşçuluq, 1 tingçilik, 4 bağçılıq təsərrüfatının yaradılması, 15 heyvandarlıq, 1 quşçuluq, 1 bağçılıq, 1 limonçuluq təsərrüfatının genişləndirilməsi və 1 üzümçülük təsərrüfatının fəaliyyətinin stimullaşdırılması başa çatdırılmışdır. Ötən il 76 ailə təsərrüfatına 1 milyon 221 min 400 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir ki, bu da 2020-ci illə müqayisədə 617 min 800 manat çoxdur. Bakı şəhərinə və respublikanın digər bölgələrinə 425 min 315 manat həcmində ailə təsərrüfatı məhsulları göndərilmişdir.