Naxçıvan, 8 fevral, AZƏRTAC
Muxtar respublikada xalq yaradıcılığının inkişaf etdirilməsinin daim diqqət mərkəzində olması, dövlətin bu sahəyə göstərdiyi qayğı yerli sənətkarlara yeni yaradıcılıq imkanları verib. Ötən dövrdə bu istiqamətdə bir çox işlər görülüb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, xalq yaradıcılığı və sənəti ilə məşğul olan şəxslərin iş şəraitinin öyrənilməsi, onlara lazımi köməkliklərin göstərilməsi, muxtar respublikanın bölgələrində xalq sənətinin müxtəlif sahələri ilə məşğul olan sənətkarların əl işlərindən ibarət satış-sərgilərin təşkil olunması məqsədilə müvafiq qurumlarla qarşılıqlı fəaliyyət təmin edilib.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə reklam və kommersiya fəaliyyətləri ilə əlaqədar köməklik göstərilməsi məqsədilə 2004-cü ildə İqtisadiyyat Nazirliyinin nəzdində Əl işlərinin, Sənət Əsərlərinin Sərgi-Satışı və Sahibkarların İnformasiya Mərkəzi yaradılıb. 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirən müəssisədə xalq yaradıcılığının inkişaf etdirilməsi, el sənətkarlarının fəaliyyətinin daha da stimullaşdırılması və əl işlərinin sərgi-satış üçün qəbul edilməsi istiqamətində davamlı iş aparılıb. Ötən il mərkəz tərəfindən sərgi-satış məqsədilə ümumi dəyəri 18 min 879 manat olan 923 adda iş satışa çıxarılıb. Bu müddətdə 469 adda 8575 manat dəyərində əl işlərinin satışı həyata keçirilib. Həmçinin “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən sənətkarlar tərəfindən hazırlanan 217 əl işi, rəsm əsərləri, xalçalar nümayiş olunur. Muxtar respublikada belə bir mərkəzin yaradılmasında məqsəd Naxçıvanda yaşayıb-yaradan çox sayda istedadlı sənətkarı bir araya gətirərək, onların əl işlərinin satışı və sərgilənməsi üçün vahid məkanın qurulmasıdır.
Mərkəzin sərgi salonu ilə yanaşı, bu gün muxtar respublikada istehsal olunan məhsulların, eləcə də el sənətkarlarının hazırladıqları əl işləri və sənət əsərlərinin daha geniş məkanda təbliğ edilməsi və onların satışının təşkili məqsədilə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən əl işlərinin satışı mağazası fəaliyyət göstərir. Bu gün həmin mağazada naxçıvanlı sənətkarlar tərəfindən hazırlanmış müxtəlif misgərlik, dulusçuluq, ağacoyma, rəsm əsərləri, toxunma geyimlər, kiçikölçülü xalçaçılıq məmulatları satılır. Naxçıvan şəhərinin müxtəlif yerlərində fəaliyyət göstərən bu mağazalardan hər bir kəs qonağı, yaxınları, əzizləri üçün hədiyyəlik olduqca maraqlı sənət nümunələri tapa bilərlər.
Bu əl işlərinin turistlərin ən çox maraq göstərdiyi obyektlərdə, o cümlədən “Saat Meydanı” turistik istirahət mərkəzində yerləşən hədiyyəlik – “Naxçıvan məhsulları” satış mağazasında, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində və Duzdağ Fizioterapiya Mərkəzində satış məntəqələrinin yaradılması Naxçıvanın tanıdılmasında əvəzsiz rola malikdir.
Naxçıvan bu gün turistlərin ən üz tutduğu məkanlardan birinə çevrilib. Hər bir turist istirahət etdiyi və ya səyahətdə olduğu məkandan gedərkən ailəsinə və yaxınlarına bu yurdun tarixinə, məişətinə, mədəniyyət və adət-ənənələrinə aid əl işlərindən ibarət bir yadigar aparmağa daha çox üstünlük verir. Bu da mühüm bir təbliğat nümunəsidir. Çünki ağac üzərində oyma işlərindən daşduz suvenirlərinə, misgərlik məmulatlarından kəlağayı və araqçına, türk-islam mədəniyyəti abidələrindən təbiət gözəlliklərinin təsvirinədək həkk olunmuş müxtəlif əl işlərində ölkəmizin tarixindən, mədəniyyətindən, məişətindən tutmuş milli dəyərlərinə, dünyaya baxış tərzinə, zövqünədək çox cizgilər yatır. Bununla bağlı xalq yaradıcılığının müxtəlif sahələri ilə məşğul olan naxçıvanlı sənətkarlar belə fürsəti yetərincə dəyərləndirirlər.
Muxtar respublikada müxtəlif sənətkarlıq sahələrinin inkişaf etdirilməsi daxili bazarı təmin etməklə yanaşı, yaxın gələcəkdə xarici bazarlarda da özünə alıcı kütləsi qazana bilər.