Naxçıvanda bitki yağları istehsal ediləcək

 

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin əməkdaşları Kəngərli Rayon İcra Hakimiyyəti ilə birgə rayonun Qıvraq qəsəbəsində seminar-müşavirə keçirib. Ailə təsərrüfatçılarının iştirak etdiyi tədbirdə qarğıdalı və günəbaxan əkinlərinin əhəmiyyətindən və iqtisadi səmərəsindən söhbət açılıb.  

Kəngərli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ağa Seyidov bildirib ki, Kəngərli rayonu qarğıdalı və günəbaxan bitkilərinin əkilib becərilməsi üçün əlverişli torpaq-iqlim şəraitinə malik olduğu üçün rayonda bu bitkilərin məhsuldarlığının yüksəldilməsinə diqqət xeyli artırılıb. İqtisadi səmərəliliyini nəzərə alaraq bu il də rayonda bu cür yağlı bitkilərin əkinlərinin genişləndirilməsi də nəzərdə tutulur.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov və İqtisadiyyat Nazirliyinin şöbə müdiri Xudakərim Məmmədov çıxış edərək bildiriblər ki, 2022-ci ildə muxtar respublikamızda yerli xammal hesabına qarğıdalı və günəbaxan yağı da istehsal ediləcək. Bunun üçün xammal ehtiyatının yaradılması da qarşıda duran əsas məsələlərdəndir. Diqqətə çatdırılıb ki, sahələrdən bol məhsul götürmək üçün keyfiyyətli toxum tədarük edilməli, dərmanlanmalı, əkin optimal müddətlərdə həyata keçirilməlidir.

Tədbirdə digər çıxış edənlər qarğıdalı və günəbaxan sahələrində xəstəlik və ziyanvericilərə qarşı mübarizə məqsədilə aparılacaq tədbirlərdən, son illər muxtar respublikamıza gətirilən yeni texnikaların və texnoloji avadanlıqların məhsuldarlığın artırılmasındakı rolundan bəhs ediblər. 

Tədbirdə ailə təsərrüfatçılarını maraqlandıran suallar cavablandırılıb, qarğıdalının və günəbaxanın əkini və iqtisadi səmərəsi barədə hazırlanan məlumat kitabçaları təsərrüfatçılara paylanılıb.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti