Proqramda Naxçıvan şəhərində xalça istehsalı müəssisəsinin yaradılması ilə bağlı tapşırıq nəzərdə tutulmuş, ötən illərdən bu istiqamətdə işlərin icrasına başlanılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində 2021-ci ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının yaradılması başa çatdırılmışdır. Həmin ilin mayın 10-da Azərbaycan Respublikasının Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə filialın açılışı olmuşdur. Həmçinin Ali Məclis Sədrinin 2021-ci il 24 noyabr tarixli müvafiq Sərəncamı əsasında “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması istiqamətində işlərə başlanmışdır. Görülən işlər əhalinin məşğulluğunun təmin olunması sahəsində xalçaçılığın rolunu artırır və eyni zamanda bu sahədə yeni turizm məhsullarının ərsəyə gəlməsinə zəmin yaradır.
Qeyd olunanlarla yanaşı, sentyabrın 24-də Naxçıvan Biznes Mərkəzində Şərur Sənaye Məhəlləsində yaradılması nəzərdə tutulan istehsal sahələri ilə bağlı layihələrin, o cümlədən “yun iplik istehsalı” layihəsinin təqdimatı olmuşdur. Təqdimatda sahibkarlara layihənin üstünlükləri və bu istiqamətdə tətbiq edilməsi nəzərdə tutulan dövlət güzəştləri barədə ətraflı məlumatlar verilmişdir.
Proqramın icrası məqsədilə ötən il Naxçıvan Biznes Mərkəzinin Xalq Yaradıcılığı Emalatxanasında 9, Cəlilkənd buzxanasında 2, Dövlət Xalça Muzeyində 4, Naxçıvan Dövlət Universitetinin “Texnologiya Mərkəzi”nin “Toxuculuq” kabinəsində 46, Naxçıvan Müəllimlər İnstitutunun xalça emalatxanasında 5 xalça toxunmuşdur. Naxçıvan Biznes Mərkəzinin Xalq Yaradıcılığı Emalatxanasında və Cəlilkənd buzxanasında 23 xalçanın satışı həyata keçirilmişdir ki, bu da 2020-ci illə müqayisədə 9 xalça çoxdur. Həmçinin il ərzində “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial layihənin icrası da davam etdirilmişdir. Layihə çərçivəsində iplik və avadanlıqla təmin edilən 2 xalçaçı qadın tərəfindən milli ornamentlər əsasında xalçalar toxunmuşdur.