Muxtar respublika əhalisi 463 min nəfər təşkil edir ki, bunun da 65 faizi, yəni 299 min nəfəri kəndlərdə yaşayır. Kənd əhalisinin isə 66 faizi, yəni 197400 nəfəri iqtisadi cəhətdən fəal əhali hesab olunur. Kənd təsərrüfatında çalışanlar isə əsasən bir sıra ənənəvi sahələr hesab edilən heyvandarlıq, əkinçilik, bağçılıq, arıçılıq və bir sıra əl işləri ilə məşğul olurlar. Bununla yanaşı son illər dövlət tərəfindən aparılan ardıcıl tədbirlər sayəsində formalaşan ailə təsərrüfatları öz potensialları və maddi imkanları hesabına kommersiya fəaliyyəti ilə məşğul olurlar.
Prioritet sahələrin müəyyən edilməsi və yeni layihələrin hazırlanması zamanı muxtar respublika kəndlərinin potensialı nəzərə alınaraq, kənd təsərrüfatı və yeyinti sənayesində fəaliyyət göstərən müəssisələrin mövcud vəziyyəti və bu sektorların qarşılıqlı fəaliyyətinin təhlili istiqamətində araşdırmalar aparılır. Sənaye yönümlü layihələr hazırlanarkən, hər bir bölgənin iqtisadi potensialı, onun xammal bazası və əmək ehtiyatları araşdırılaraq kənd əhalisinin bu işlərə cəlb olunması istiqamətində əlaqələndirmə aparılır.Bu günlərdə Babək rayonu Sirab kəndində fəaliyyətini dayandırmış bir süd emalı müəssisəsi fəaliyyətini bərpa etdi. Bu layihənin məhz bu kənddə reallaşdırılması heyvandarlıq təsərrüfatlarına böyük bir dəstək hesab olunur. Belə ki müəssisənin fəaliyyəti təsərrüfat subyektləri tərəfindən əldə edilən süd məhsulu üçün yeni satış bazarı deməkdir.