Sənaye muxtar respublika iqtisadiyyatının lokomotividir

Son illərdə aparılan məqsədyönlü tədbirlər, iqtisadiyyatın bütün sahələrinin, xüsusilə sənayenin davamlı inkişafına yönəlmiş inkişaf strategiyasının düzgün seçilməsi, dövlət proqramlarının vaxtında və uğurlu icrası muxtar respublikada ümumi daxili məhsulun və onun adambaşına düşən hissəsinin ilbəil artımına səbəb olmuşdur. Sahibkarlığın inkişafı üçün yaradılan hərtərəfli şərait, maliyyə resurslarına sərbəst çıxış imkanları, bu sahədə qanunvericilik bazasının gücləndirilməsi, əlverişli investisiya və biznes mühitinin formalaşmasının nəticəsidir ki, hər il rəqabətədavamlı məhsul istehsal edən müəssisələr istifadəyə verilir, yeni iş yerləri yaradılır, ixracyönümlü məhsul istehsalı artır, ixrac bazarlarının coğrafiyası genişlənir. Muxtar respublikada sosial-infrastruktur obyektlərinin tikilərək istifadəyə verilməsi, kommunal xidmət sahəsində keyfiyyətin yüksəldilməsi, sənaye zonalarının yaradılması sahibkarlığın inkişafına əlavə stimul verməklə yanaşı, regionun investisiya cazibədarlığının yüksəlməsinə də səbəb olmuşdur.

Muxtar respublikada iqtisadi fəaliyyət sahələrinin əsas mərkəzi Naxçıvan şəhəridir. Bu mənada, Naxçıvan şəhərini muxtar respublikanın sənaye mərkəzi adlandırmaq olar. Ötən dövrdə Naxçıvan şəhərində genişmiqyaslı infrastruktur layihələri gerçəkləşmiş, iqtisadiyyatın bütün sahələri inkişaf etmiş, yeni təsərrüfat sistemi formalaşmışdır.

Hazırda Naxçıvan şəhərində 100-dən artıq ixtisaslaşmış sənaye müəssisəsi fəaliyyət göstərir. Onlar arasında plastmas qablardan tutmuş avtomobillərə, polietilen torbalardan tutmuş mebellərə, quş ətindən tutmuş şirniyyat məhsullarına qədər çox geniş profildə məhsullar istehsal edən müəssisələri qeyd etmək mümkündür.

Bu müəssisələrdən muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasında, əhalinin keyfiyyətli qida məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayan “Ləzzət Qida Sənaye”, “Gəmiqaya Qida Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Gəmiqaya Meyvə Məhsulları”, “Cahan TEA”, “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin, “Müasir Məkan”, “Hilal” ət və ət məhsulları müəssisələrinin, tikinti sektorunda aparıcı mövqeyə malik olan “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Cahan Sənaye Kompleksi”, “Gəmiqaya Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin, ölkəmizin maşınqayırma sənayesində özünəməxsus yeri olan Naxçıvan Avtomobil Zavodunun, mebel, kimya, yüngül metallurgiya, energetika sənaye sahələri üzrə ixtisaslaşmış digər müəssisələrin adlarını sadalaya bilərik. Bu istiqamətdə atılan addımların davamı olaraq ötən il Naxçıvan şəhərində yeni istehsal sahələri istifadəyə verilmişdir. Bu istehsal sahələrindən “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyətinin plastik məmulatlar istehsalı sahəsi və digər istehsal və xidmət sahələri bu gün iqtisadiyyatımızın möhkəmlənməsində özünəməxsus paya malikdirlər.

Hazırda muxtar respublikamızda, həmçinin Naxçıvan şəhərində sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri sistemli və ardıcıl olaraq davam etdirilir. Muxtar respublikanın 2022-ci il üzrə muxtar respublikanın makroiqtisadi proqnoz göstəricilərində ÜDM-in sahə strukturunda sənayenin ümumi payı 27,4 faiz planlaşdırılmışdır. 2021-ci ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3 milyard manatdan artıq təşkil edərək əvvəlki illə müqayisədə 2,4 faiz artmışdır.

Sənayeləşmə siyasətinə uyğun olaraq daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarını genişləndirən yüzlərlə müasir sənaye müəssisələri, sənaye məhəllələri, o cümlədən yeni istehsal sahələri yaradılır. 2021-ci ildə muxtar respublikada 142 sənaye müəssisəsi açılmış, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilmişdir. Bu müəssisələr arasında “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni çeşiddə plastmas kapsul və qapaq istehsalı sahəsi, Duzdağda açılan yenişaxta, “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsalat korpusunda 7 müxtəlif təyinatlı müəssisə və “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyətinin polietilen məmulatlar istehsalı sahəsi yerli tələbatın ödənilməsi ilə bərabər, ixrac potensialının güclənməsinə, yeni iş yerlərinin açılmasına öz töhfəsini vermişdir. 2021-ci ildə yeni  sənaye sahələrinin yaradılması və fəaliyyətlərinin stimullaşdırılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 6 layihənin maliyyələşdirilməsinə 191 min 500manat kredit ayrılmışdır. Həmin sənaye obyektlərinın açılışlarında Ali Məclis Sədrinin iştirakı, tapşırıq və tövsiyələrini verməsi muxtar respublika sənayesinin inkişafına ən yüksək səviyyədə diqqət və qayğının göstəricisidir.

Naxçıvan Muxtar Respublikasının güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə olunması məqsədilə “2022-ci ilin Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan edilməsinə dair Tədbirlər Planı”ın hazırlanmış və aidiyyəti qurumların qarşısına mühüm vəzifələr qoyulmuşdur.Muxtar respublika iqtisadiyyatında sənaye sektorunun inkişafı prioritet sayılır. Bu da ondan irəli gəlir ki, ümumi daxili məhsul istehsalında sənaye sektoru inkişafını diktə edir. Bu da özəl sektorun aparıcı sahəsi olan sənayenin və ona məxsus bir çox sahələrdə müvafiq məhsul istehsalının yaradılmasını və inkişafını zərurətə çevirir. Bu istiqamətdə ötən il İqtisadiyyat Nazirliyi tərəfindən bir sıra işlər görülmüş, mütəmadi olaraq daxili bazar təhlil edilmiş, tələbatı idxal hesabına ödənilən məhsullar müəyyən edilmiş, bu sahələr üzrə layihələr hazırlanaraq sahibkarlıq subyektləri ilə təqdimatı  keçirilmişdir.

2021-ci ildə aparılan təhlillərin nəticəsi olaraq idxalı əvəzləyəcək məhsulların istehsalının artırılması məqsədilə salfetka, araq, mebel istehsalı sahəsinin genişləndirilməsi, sirkə, çaxır, süd məhsullarının emalı, göbələk, meyvə qurusu istehsalı, müxtəlif yeyinti məhsullarının qablaşdırılması, həmçinin bu sahələrin xammal bazasını təşkil edən kənd təsərrüfatı sahələrinin, o cümlədən damazlıq ana arı yetişdirmə, eləcə də maldarlıq, bağçılıq, heyvandarlıq təsərrüfatlarının yaradılması və genişləndirilməsi məqsədəuyğun hesab edilmişdir. Bu məqsədilə Ali Məclis Sədrinin fevralın 4-də sahibkarlarla keçirdiyi görüşündə prioritet layihələr üzrə 13 sahibkara güzəştli kreditlərin verilməsi bu sahələrin inkişafına stimul olmuşdur.

Göründüyü kimi, sənayeləşdirmə siyasətinin uğurla həyata keçirilməsi nəticəsində yeni sənaye müəssisələrinin, sənaye məhəlləsinin, ixrac yönümlü sənaye məhsulları istehsal edən emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması özəl sektorun inkişafını daha da gücləndirəcək, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə, muxtar respublika iqtisadiyyatının dayanıqlı inkişafına böyük töhfələr verəcəkdir.

Çinarə Balayeva

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi

NUH YURDU QƏZETİ 

22 FEVRAL 2022-Cİ İL