Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018- ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması və davamlı inkişafıdır. Proqramın icrası məqsədilə ötən il Naxçıvan Biznes Mərkəzinin Xalq Yaradıcılığı Emalatxanasında 9, Cəlilkənd buzxanasında 2, Dövlət Xalça Muzeyində 4, Naxçıvan Dövlət Universitetinin “Texnologiya Mərkəzi”nin “Toxuculuq” kabinəsində 46, Naxçıvan Müəllimlər İnstitutunun xalça emalatxanasında 5 xalça toxunmuşdur. Naxçıvan Biznes Mərkəzinin Xalq Yaradıcılığı Emalatxanasında və Cəlilkənd buzxanasında 23 xalçanın satışı həyata keçirilmişdir ki, bu da 2020-ci illə müqayisədə 9 xalça çoxdur. Həmçinin il ərzində “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial layihənin icrası da davam etdirilmişdir. Layihə çərçivəsində iplik və avadanlıqla təmin edilən 2 xalçaçı qadın tərəfindən milli ornamentlər əsasında xalçalar toxunmuşdur.
2021-ci ildə əllə toxunmuş xalçaların reyestri sisteminə daxil edilmək üçün 23 yeni xalçanın pasportlaşdırılması ilə bağlı iş aparılmış, reyestrə 33 ədəd xalça haqqında məlumat daxil edilmişdir.