Aprelin 8-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib. Nazirliyin strukturlarının və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclası İqtisadiyyat naziri Tapdıq Əliyev açaraq muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin “Sənaye ili” elan edilmiş 2022-ci ilin birinci rübündə uğurla davam etdirildiyini vurğulayıb.
Daha sonra 2022-ci ilin birinci rübü ərzində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında Nazirliyin Sənaye şöbəsinin müdiri Elnur Mahmudovun, sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər haqqında sahibkarlığın inkişafı şöbəsinin müdiri Xudakərim Məmmədovun,daxili bazarın qorunması, süni qiymət artımı və razılaşdırılmış qiymətlərin tətbiqinin qarşısının alınması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında daxili bazarda istehlak malları üzrə qiymətlərə nəzarət, monitorinq və təhlil şöbəsinin müdiri Nicat Həşimovun, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti və qarşıda duran vəzifələr haqqında Cəmiyyətin direktoru Şahin Səfərovun məruzələri dinlənilib.
Sonda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə icrası üçün Nazirliyin struktur bölmələrinə muxtar respublikada istehsal olunan məhsulların mayadəyərinin təhlil edilməsi, rəqabətqabiliyyətinin artırılması üçün kalkulyasiyaların düzgün tərtib olunmasına metodiki köməkliklərin göstərilməsi, daxili bazarda satışı həyata keçirilən məhsulların qiymətlərinə nəzarətin gücləndirilməsi, idxalı əvəzedən məhsulların istehsalının həyata keçirilməsi məqsədilə müvafiq layihələrin hazırlanması, sənaye məhəlləsində yaradılması davam edən sahələrin başa çatdırılması, məhəlləyə yeni sahələr üzrə sahibkarlıq subyektlərinin cəlb edilməsi, ailə təsərrüfatlarına və sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsinin davam etdirilməsi, verilmiş kreditlərin vaxtında geri qaytarılması, fermerlərə keyfiyyətli toxumluq kartofun gətirilməsinə lazımi köməkliyin göstərilməsi, rayonların xammal və iqtisadi potensialı nəzərə alınmaqla təhlillərin aparılması və nəticələr üzrə təkliflərin hazırlanması, həmçinin tabeli qurumların fəaliyyətlərinin səmərəli təşkili kimi konkret tapşırıqlar verib, cari məsələlər müzakirə edilib.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti