Sənaye istehsalı iqtisadi tərəqqinin əsas aparıcı qüvvəsi hesab edildiyi üçün muxtar respublikada bu sahənin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır. Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün bildiyiniz kimi, 2022-ci il Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan edilmişdir.Bu, muxtar respublikada rəqabətədavamlı və ixracyönümlü sənaye məhsulu istehsalının artmasına, istehsal olunmuş məhsullarda keyfiyyət və kəmiyyət dəyişikliyinə, sahibkarlığın inkişafına, müxtəlif yeni istehsal müəssisələrinin yaradılmasına öz töhfəsini verəcək.
Bu gün muxtar respublika iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədilə verdiyi qərarlar bu sektorun ildən-ilə böyüməsini, istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırır, mütərəqqi texnoloji yeniliklərin, innovativ üsulların tətbiqi imkanlarını genişləndirir. Bu isə, öz növbəsində, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də bolluq yaradılmasına və rifahın yaxşılaşdırılmasına, həmçinin aqrar sahənin ixrac potensialının artırılmasına gətirib çıxarır. Subsidiyaların ayrılması, güzəştli şərtlərlə gübrələrin verilməsi ilə bərabər, sahibkarlar və ailə təsərrüfatçıları üçün güzəştli kredit imkanları da diqqət mərkəzinə çəkilib.
Kənd təsərrüfatının inkişafından danışarkən onu da mütləq vurğulamaq lazımdır ki, indiyədək muxtar respublikada bu sahənin inkişafı üçün bir çox Dövlət proqramları qəbul edilərək uğurla icra olunmuşdur. Hazırda icrası davam etdirilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” və “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” birbaşa və yaxud əsas etibarilə muxtar respublikada kənd təsərrüfatının inkişafını nəzərdə tutur.