Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması istiqamətində həyata keçirilən tədbirlər “Sənaye ili” elan edilmiş 2022-ci ilin ilk rübündə də davam etdirilmişdir. Bu məqsədilə car ilin yanvar-mart ayları ərzində 43 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, yeni duz istehsalı müəssisəsinin, enerji içkilərinin istehsalı, salfet, spirtli içki istehsalı, yun iplik istehsalı, kiçik kənd təsərrüfatı alətləri istehsalı sahələrinin yaradılması istiqamətində işlər davam etdirilmişdir.
Yeni isehsal sahələrinin yaradılmasında sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin mühüm rolu olmuşdur. Belə ki, cari ilin yanvar-mart aylarında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 32 layihənin maliyyələşdirilməsinə 5 milyon 320 min manat güzəştli kreditlər ayrılmışdır. Bu kreditlərin 4 milyon 605 min manatı sənayenin, 515 min manatı kənd təsərrüfatının inkişafına yönəldilmişdir. Ailə təsərrüfatlarının çoxsahəli fəaliyyətinin yaxşılaşdırılması məqsədilə 12 ailə təsərrüfatına 249 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.
Yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilmiş, cari ilin yanvar-mart aylarında 8-i sərgi olmaqla ümumilikdə, 11 beynəlxalq əhəmiyyətli tədbirdə 23 sahibkarlıq subyektinin 43 nümayəndəsinin iştirakı təmin edilmişdir.