Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunduğu biznes forumda Avropa İttifaqı ölkələrinin və Azərbaycan şirkətlərinin nümayəndələri ölkəmizdə və Avropa İttifaqı ölkələrində bizneslə məşğul olmaq imkanları ilə tanış olunub.
Forum ticarət əlaqələrinin inkişafında, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsində, həmçinin yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadığından foruma Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb. Nümayəndə heyətinin tərkibinə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının rəhbəri Vüqar Abbasov , “Ləzzət Qida Sənaye” MMC-nin direktoru Teymur Rzayev, həmçinin Babək “Sirab” ASC, “Müasir Məkan” ət və ət məhsulları müəssisəsi və “Dekor Qrup” MMC-nin nümayəndələri təmsil olunublar.
Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Peter Miçalko arasında ikitərəfli görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev muxtar respublikamızın sosial-iqtisadi inkişafı, biznes, investisiya mühiti barədə ətraflı məlumat verib və əməkdaşlıq imkanları barədə müzakirələr aparılıbdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti