Mayın 16-da Türkiyə Respublikasının Serhad İnkişaf Agentliyi, Sənaye və Texnologiyalar Nazirliyi və İqdir Universitetinin təşkilatçılığı ilə “Zəngəzur Dəhlizinin regionun inkişafında və iqtisadi artımında strateji rolu” mövzusunda konfrans keçirilmişdir.
Açılış mərasimində Serhat İnkişaf Agentliyinin Baş katibi Nurullah Karaca, Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulu Nuru Quliyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma, İnkişaf Agentliklərinin baş direktoru Barış Yeniceri, İğdır Valisi H. Engin Sarıibrahim çıxış edərək qonaqları salamlamış və Zəngəzur Dəhlizinin bölgənin iqtisadi inkişafına və təhlükəsizliyinə müsbət təsir edəcəyini bildirmişlər.
Daha sonra “Regionun inkişafı və iqtisadi artımında Zəngəzur Dəhlizinin potensialı” mövzusunda panel müzakirəsinə başlanılmışdır. “Zəngəzur Dəhlizinin beynəlxalq ticarətin inkişafına təsiri” mövzusunda keçirilən panel müzakirədə Türkiyə Respublikasının Ticarət Nazirliyinin nümayəndəsi, Qarabulaq Gömrük və Xarici Ticarət və Bölgə müdiri, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğunun ticarət müşaviri L.Kop, Şərqi Anadolu İxracatçılar Birliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak etmişlər.
Müzakirələrdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin İnvestisiyaların təşviqi və ixraca dəstək şöbəsinin müdiri Orxan Abdinov muxtar respublikanı təmsil etmiş, muxtar respublikanın son illərdə iqtisadi artımı, sənaye potensialı və ixrac imkanları haqqında məlumat vermişdir.
Müzakirənin sonunda Zəngəzur Dəhlizinin reallaşması və tam gücü ilə işləməsi üçün bölgədə ölkələr arasında ticarət əlaqələrinin artırılması, bunun üçün isə ilk növbədə ölkələrin qanunvericilik tələblərini və gömrük rəsmiləşdirmə proseduralarının sadələşdirilməsinin vacibliyi vurğulanmışdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti