Muxtar respublikada ailə təsərrüfatlarının inkişafı diqqətdə saxlanılır

 

 

Müasir dövrdə inkişaf etmiş ölkələrdə özəl sektorun əsası ailə təsərrüfatları və belə təsərrüfatların əsasını təşkil edən ailə biznesi üzərində qurulub. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemlərini həll etdiyindən, əhali gəlirlərinin artmasına müsbət təsir göstərdiyindən son illərdə muxtar respublikamızda da ailə təsərrüfatlarının inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilir. Belə ki, ailə təsərrüfatlarına dəstək məqsədilə “Ailə təsərrüfatı məhsulları” festivalları və yarmarkaları keçirilir, müvafiq dövlət qurumları tərəfindən ailələrdə istehsal olunan məhsulların qablaşdırılmasına, satışına köməklik edilir.

Naxçıvan Muxtar Respublikası Ailə Təsərrüfatları İctimai Birliyinin yaradılması, Sahibkarlığın İnkişafı Fondu tərəfindən ailə təsərrüfatlarına maliyyə dəstəyinin göstərilməsi, ticarət obyektlərində ailə təsərrüfatı məhsulları guşələrinin yaradılması belə təsərrüfat sahibləri qarşısında yeni imkanlar açıb. Həmçinin ailə təsərrüfatlarında istehsal edilən məhsulların keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması, sertifikatlaşdırılması və markalanması istiqamətində aidiyyəti təşkilatlar tərəfindən lazımi köməkliklər göstərilməsi, ailə təsərrüfatları məhsullarının tanıdılması məqsədilə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərgisalonunda ailələrdə istehsal olunmuş müxtəlif növ və çeşiddə məhsulların nümayişi hər bir təsərrüfat sahibi üçün mühüm dəstək sayılır. Təbii ki, yaradılmış şərait, göstərilən dövlət dəstəyi ailə təsərrüfatlarını daha yaxşı fəaliyyət göstərməyə, daxili bazarı keyfiyyətli məhsullarla təmin etməyə, rəqabətqabiliyyətli məhsul istehsal etməklə ixraca dəstək olmağa, dolayısı ilə muxtar respublikamızın təbliğinə yeni töhfələr verməyə çağırır.