Özünüməşğulluq proqramının icrası istiqamətində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 31 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. Bu ailələrin üzvlərindən 18 nəfərin hər birinə 2 baş iribuynuzlu, 4 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 4 nəfərə otbiçən aqreqat, 3 nəfərin hər birinə 10 yeşik arı ailəsi və ləvazimatları, 1 nəfərə inkubator və quş tükü təmizləyən aparat, 1 nəfərə isə bərbər-manikürçü avadanlıqları və ləvazimatları verilib. Eyni zamanda təsərrüfatını nümunəvi inkişaf etdirən bir nəfər həvəsləndirmə tədbirlərinə cəlb olunub və ona arpa-buğda qıran aqreqat verilib.
Sosial qayğıya ehtiyacı olan 6 ailə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında bağlanmış memorandum çərçivəsində müvafiq aktivlərlə təmin olunub. Bu ailələrin üzvlərindən 1 nəfərinə kiçik dəmirçi sexi üzrə avadanlıqlar, 5 nəfərinə isə dərzi avadanlıqları və ləvazimatları verilib. Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən isə 10 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluq proqramına cəlb olunması təmin edilib. Bu ailələrin üzvlərindən 4 nəfərin hər birinə 2 baş iribuynuzlu, 5 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 1 nəfərə isə 10 yeşik arı ailəsi verilib. 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyinin direktoru Heydər Quliyev, sahibkar Namiq Novruzov çıxış ediblər. Sonra yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub, vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.