Yeni istehsal sahələrinin yaradılması cari ilin ötən dövrü ərzində də davam etdirilmişdir

 

Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması, sənaye müəssisələrinin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi “Sənaye ili” elan edilmiş 2022-ci ilin ötən dövrü ərzində də davam etdirilmişdir. Şərur rayonunda da innovativ və müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye məhsulu istehsalının genişləndirilməsi, bu sahədə sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədilə Şərur Sənaye Məhəlləsinin yaradılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə özəl investisiya qoyuluşu hesabına Şərur Sənaye Məhəlləsində fiziki şəxs Orxan Məmmədov və Bəxtiyar Səfərov tərəfindən mebel istehsalı sahəsinin yaradılması başa çatdırılmışdır.

Həmçinin cari ilin ötən dövrü ərzində dövlət maliyyə dəstəyi hesabına Şərur rayonunun Qarxun kəndində fiziki şəxs Tağı Tağıyev tərəfindən çörək istehsalı sahəsinin genişləndirilməsi, fiziki şəxs Ramal Bağırov tərəfindən ayaqqabı istehsalı sahəsi yaradılmışdır. Bəhs olunan dövrdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən Şərur rayonunda sənayenin inkişafı məqsədilə çörək istehsalı, dondurma və meyvə arağı istehsalı sahələrinin yaradılmasına  32 min manat kredit verilmişdir.

Əhalinin məşğulluğunun təmin edilməsində mühüm yer tutan kənd təsərrüfatının inkişafı istiqamətində rayonda məqsədyönlü tədbirlər görülmüşdür. Bu məqsədlə cari ilin ötən dövrü ərzində 7 heyvandarlıq, ümumi sahəsi 1230 kvadratmetr olan 1 istixana təsərrüfatının yaradılması, 5 heyvandarlıq, ümumi sahəsi 2264 kvadratmetr olan 3 istixana təsərrüfatının genişləndirilməsi olmaqla ümumilikdə 16 layihə üzrə işlər başa çatdırılmışdır. Cari ilin ötən dövrü ərzində yaradılmasına başlanılan kənd təsərrüfatı yönümlü sahələr dövlət maliyyə dəstəyi göstərilmiş, Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatı yönümlü 16 layihəyə 247 min 800 manat kredit ayrılmışdır.

Həmçinin bitki yağı istehsalı, karton tara və kağız paket istehsalı, dondurma, meyvə arağı istehsalı sahələrinin, 4 heyvandarlıq, 1 bağçılıq təsərrüfatının, ümumi tutumu 150 ton olan 1 soyuducu anbarın yaradılması, 5 heyvandarlıq təsərrüfatının genişləndirilməsi olmaqla, ümumilikdə  16 layihə üzrə işlər davam etdirilmişdir. 

Şərur rayonunda ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsinə, ekoloji baxımdan saf, təmiz kənd təsərrüfatı məhsulları istehsalına da diqqət artırılmış, Fond tərəfindən bəhs olunan dövrdə 15 ailə təsərrüfatına 209 min 800 manat dövlət maliyyə dəstəyi göstərilmişdir. İyunun 4-ü və 5-i  Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Göycə” festivalına Şərur rayonu üzrə 70 ailə təsərrüfatı tərəfindən 6 çeşiddə müxtəlif növdə göycə məhsullarının çıxarılması da bu sahə ilə məşğul olan ailə təsərrüfatçılarının fəaliyyətinin genişləndirilməsinə, məhsullarının rəqabət qabiliyyətinin artırılmasına  şərait yaratmışdır.

 

Naxçıvan Muxtar Respublikası

 İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

15 iyun 2022-ci il ŞƏRURUN SƏSİ qəzeti