Xarici ticarət əlaqələrinin həcmi genişləndirilir

 

Bu gün beynəlxalq aləmdə ən çox diqqət edilən məsələlərdən biri xarici əməkdaşlıqda ticarət əlaqələrinin həcminin genişləndirilməsidir. Belə ki, həmin əlaqələr bir ölkənin dünya bazarındakı yerinin müəyyənləşdirilməsindən tutmuş qlobal iqtisadi məkana inteqrasiyasına qədər böyük rol oynayır. Eyni zamanda xarici iqtisadi əməkdaşlıq dostluq əlaqələrinin nəticəsi kimi də diqqət çəkir. Buna görə də müasir dövrdə dünya ölkələri öz əhalisinin ümumi rifah halını yüksəltmək üçün beynəlxalq əmək bölgüsünün üstünlüklərindən maksimum yararlanmağa, bunun üçün xarici iqtisadi əlaqələrin yaradılmasına çalışırlar.

Bu gün dövlətimizin apardığı məqsədyönlü iqtisadi siyasətin bir hissəsi olmaqla ticarətin, xüsusilə xarici ticarətin tənzimlənməsi, daxili bazarın qorunması, gömrük prosedurlarının sadələşdirilməsi, xarici iqtisadi əlaqələrin genişləndirilməsi, bütövlükdə, ölkəmizdə olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da ticarət dövriyyəsinin artmasına, o cümlədən xarici ticarətin genişlənməsinə şərait yaradıb.