Muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər bütün bölmələrdə olduğu kimi, sahibkarlıq sektorunda da yüksək inkişaf göstəricilərinin qeydə alınmasına səbəb olmuşdur. Dövlətin sahibkarlara maliyyə dəstəyinin gücləndirməsi və sahibkarlığa başlamaq istəyənlərə əlverişli imkanların yaradılması bu sahədə inkişaf meyillərinin müşahidə olunması ilə nəticələnmişdir. Bu tendensiya həm sahibkarlıqla məşğul olmaq istəyənlərin sayının, həm də həyata keçirilən investisiya layihələrinin miqyasının genişlənməsini stimullaşdırmışdır.
Bütün rayonlarda olduğu kimi Babək rayonunda da fəaliyyət göstərən sahibkarlıq subyektləri güzəştli kreditlərlə təmin olunur, müasir standartlara cavab verən, ixracyönümlü, rəqabət qabiliyyətli istehsal və emal müəssisələri yaradılır, müasir texnologiyaların tətbiqi ilə əlaqədar layihələr həyata keçirilir.
Babək rayonunda sahibkarlığa dövlət dəstəyi bu ilin 6 ayı ərzində də gücləndirilmiş və güzəştli kreditlərlə əhatə olunan sahibkarların sayı daha da artmışdır. Sahibkarlığın İnkişafı Fondu tərəfindən yeni layihələrin reallaşdırılmasına 1 milyon 670 min manat kredit ayrılmışdır. Kredit qoyuluşları sənaye, kənd təsərrüfatı sahələri üzrə olmaqla, ümumilikdə, 12 layihəni əhatə etmişdir.
Verilən kreditlər yeni sənaye müəssisələrinin yaradılmasında mühüm rol oynamış, cari ilin 6 ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən Babək rayonunda sənaye sahəsinin inkişafının stimullaşdırılması üçün 2 layihənin maliyyələşdirilməsinə 1 milyon 515 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Bəhs olunan dövrdə 2-si özəl investisiya, 1-i dövlət maliyyə dəstəyi olmaqla, 3 sənaye sahəsinin yaradılması başa çatdırılmış, yaradılan bu istehsal sahələrində, ümumilikdə, 13 nəfər üçün yeni iş yeri açılmışdır.
Sahibkarlığın İnkişafı Fondunun güzəştli krediti hesabına Babək rayonunun Sirab kəndində Babək “Sirab” ASC tərəfindən yeni istehsal xəttinin yaradılması istiqamətində işlər davam etdirilməkdədir.
Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələr digər sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsini də əhatə etmiş, Babək rayonu üzrə kənd təsərrüfatı yönümlü 10 layihənin maliyyələşdirilməsinə 155 min manat yönəldilmişdir.
Kənd təsərrüfatında innovativ yenilikləri tətbiq etməklə cari ilin 6 ayı ərzində dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 7 heyvandarlıq, 1 istixana təsərrüfatının yaradılması, 1 süd emalı müəssisəsinin fəaliyyətinin bərpası, 3 heyvandarlıq, 1 arıçılıq, 1 gülçülük istixana təsərrüfatının genişləndirilməsi, ümumilikdə 14 layihə üzrə işlər başa çatdırılmışdır. Həmçinin 3 heyvandarlıq, 2 arıçılıq təsərrüfatının, 1 soyuducu anbarın yaradılması, 1 alma sirkəsi istehsalı sahəsinin, 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi olmaqla, ümumilikdə 8 layihə üzrə işlər davam etdirilmişdir.
Son illərdə Babək rayonunda xidmət sektoru da sürətlə inkişaf edir. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, cari ilin 6 ayı ərzində özəl investisiya qoyuluşu hesabına Babək rayonunun Nehrəm qəsəbəsində fiziki şəxs Yadulla Mehdiyev və Faiq Həsənov tərəfindən avtomobil təmiri sahəsinin yaradılması başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti
ŞƏRQİN SƏHƏRİ QƏZETİ
09 İYUL 2022-Cİ İL