Muxtar respublikada da iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri qadınların sosial-iqtisadi həyatda rolunun, iqtisadi fəallığının artırılmasıdır. Hazırda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışır və uğurları ilə bu sahəyə töhfə verirlər. Onların işgüzar fəallığının daha da artırılması üçün stimullaşdırıcı və təşviqedici tədbirlər görülür. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün treninqlərin təşkili, biznes sahələri yaratması üçün güzəştli kreditlərin verilməsi, evdar qadınların sahibkarlığa cəlb olunması bu tədbirlərdəndir.
Bu sahədə aparılan islahatların nəticəsidir ki, hazırda muxtar respublikamızda kənd təsərrüfatından tutmuş özəl tibb müəssisələrinədək, un məmulatı sexlərindən dərman bitkilərinin istehsalına kimi xeyli sayda kiçik və böyük sahibkarlıq subyektləri fəaliyyət göstərir. Muxtar respublikada təsisçisi və sahibkarı qadın olan bir sıra sahibkarlıq subyektlərinə ilkin biznesə başlamaları və fəaliyyətlərinin genişləndirilməsi üçün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən göstərilən maliyyə dəstəyinin də mühüm rolu vardır. 2022-ci ilin ötən dövrü ərzində bu məqsədlə Fond tərəfindən 8 qadın sahibkara 115 min manat məbləğində güzəştli şərtlərlə kreditlər verilib.
Qadınların sahibkarlıq fəaliyyətinə marağının artmasının nəticəsidir ki, 2000-ci ildən bu günə qədər Sahibkarlığın İnkişafı Fondu tərəfindən yüngül və yeyinti sənayesi, xidmət sektorunun müxtəlif sahələri üzrə fəaliyyət göstərən 108 qadın sahibkara 2 milyon 919 min 550 manat həcmində kredit verilib.
Bundan başqa, Fond sahibkarlığın inkişafına dövlət dəstəyinə dair təşkil etdiyi tədbirlər çərçivəsində qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə qadınların məşğulluğunun təmin edilməsi məqsədilə daha çox qadın əməyinə ehtiyac duyulan sahələrdə nümunəvi investisiya layihələri hazırlayır və nümunəvi layihələri sahibkarlara təqdim edir. Qadın sahibkarlar da öz növbəsində muxtar respublikanın əlverişli biznes mühitindən, sahibkarlıq fəaliyyəti üçün yaradılmış imkanlardan və dövlət dəstəyi mexanizmlərindən faydalanmaqla iqtisadiyyatımıza, məşğulluğun təmin olunmasına daha çox töhfə verirlər.