Qədim xalçaçılıq sənəti qorunur, yaşadılır

 

“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” milli xalçaçılıq ənənələrinin qorunması, inkişaf etdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsində müstəsna rola malikdir.

Dövlət proqramının icrası istiqamətində toxunan xalçalar əllə xalçatoxuma sənəti sahəsində unudulmaqda olan ənənələrin, bədii və texniki iş üsullarının, xalça çeşnilərinin bərpası və inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Bu tədbirlərin digər mütərəqqi əhəmiyyəti isə ondan ibarətdir ki, toxunan hər yeni xalça ənənəvi üsul və çeşnilərin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Proqramın icrası məqsədilə cari ilin 6 ayı ərzində “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xalq Yaradıcılığı Emalatxanasında 9 ədəd xalça toxunmuş, 3 ədəd xalçanın satışı həyata keçirilmişdir. Hal-hazırda Xalq Yaradıcılığı Emalatxanasında 1 ədəd və “Cəlilkənd Buzxanası”nda isə 2 ədəd xalçanın toxunuşu davam etdirilir.

Əmək bazarının tələbinə uyğun milli və xalq tətbiqi sənəti növləri üzrə “Naxçıvan Biznes Mərkəzi” MMC-nin Xalq Yaradıcılığı Emalatxanasında mütəmadi olaraq müdavimlər yetişdirilir. Cari ilin fevral-mart ayları ərzində 7 müdavimin iştirakı ilə xalçaçı kursu keçirilmiş və kursu bitirənlərə sertifikatlar təqdim olunmuşdur.

Sahibkarlıq subyektləri ilə mərkəz arasında əlaqələrin genişlənməsi, muxtar respublikada istehsal olunan məhsulların, sənətkarların əl işlərinin və xalçaların ixracının təşviqi məqsədilə cari ilin fevral ayının 5-də Naxçıvan Biznes Mərkəzinin yeni internet səhifəsi yaradılmışdır. www.nbm.nakhchivan.az domen adı ilə fəaliyyət göstərən internet səhifəsinin xalçaçılıq bölməsində xalçaçı sənətkarın toxuduğu 16 ədəd xalçanın məlumatları yerləşdirilmişdir. 3 dildə fəaliyyət göstərən sayt mağazalarla tanış olmağa və online alış-verişə də şərait yaratmışdır. 

Xalçatoxuma sahələri yaratmaq, onları xamalla təmin etmək işin bir tərəfidirsə, digər mühüm bir istiqamət isə kadr hazırlığıdır. Xalça sənətinin inkişafına təsir göstərən başlıca amillərdən biri də bu sahədə təhsil imkanlarının genişləndirilməsidir. İstər xalça sənəti üzrə peşə təhsilinin dəstəklənməsi, istərsə də ali təhsil müəssisələrində tələbələrin xalçaçılığa olan marağının artırılması istiqamətində görülən işlər bədii və texniki iş üsullarının öyrənilməsi və təbliği baxımından böyük əhəmiyyətə malikdir. Əllə xalçatoxuma sahəsində təhsilin dəstəklənməsi xalçaçılıq texnologiyası, semantikası və estetikası barədə ənənəvi təsəvvürlərin və adətlərin qorunub saxlanılmasına şərait yaradır. Cari ilin 6 ayı ərzində peşə məktəbləri ilə tanışlıq üçün təşkil olunmuş “Açıq qapı” günlərinə ümumilikdə 40 təhsil müəssisəsindən 150 şagird cəlb olunmuşdur. Eyni zamanda Naxçıvan Şəhər Peşə Liseyində 5, Şərur Texniki Peşə və Sürücülük Məktəbində 3, Ordubad Texniki Peşə və Sürücülük Məktəbində isə 4 nəfərin müraciəti qeydiyyata alınmışdır. Naxçıvan, Şərur, Ordubad və Culfa rayon Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinin “Xalçaçılıq” dərnəyində isə 104 uşaq xalçaçılığın sirlərini öyrənmişdir. Eyni zamanda Naxçıvan Regional Peşə Tədris Mərkəzində aprelin 1-də “Xalçaçı” kursu təşkil olunmuş, hazırda isə 11 nəfər müdavim kursu davam etdirməkdədir.

Dövlət proqramının icrasına uyğun olaraq ali təhsil müəssisələrində də bu istiqamətdə işlər davam etdirilmişdir. Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi 2-ci kurs ixtisasına 2021-ci ildə ilk dəfə salınan “Naxçıvan xalçaçılıq məktəbi” fənninin səmərəli tədrisi, tələbələrin bu fənni mənimsəməsi və bu fənnə yaradıcı yanaşması üçün İncəsənət fakültəsində təşkil olunan Xalçaçılıq dərnəyinin fəaliyyəti davam etdirilmiş, Təsviri incəsənət kafedrasının müdirinin “Naxçıvan və Qarabağ xalçalarının oxşar motivləri” adlı məqaləsi Rusya Federasiyasının Penza şəhərində keçirilən “World Science: problems and innovations” – “Dünya elmi: Problemlər və innovasiyalar” adlı Beynəlxalq Elmi-Praktik Konfransda təqdim olunmuşdur.

Qədim xalçaçılıq sənətinin qorunub yeni nəsillərə çatdırılması sahəsində mühüm xidmətləri olmuş böyük vətənpərvər, xalçaçı rəssam Kamil Əliyevin 100 illik yubleyi ilə əlaqədar “Azərbaycan xalça rəssamlığı sənətində Kamil Əliyev dəsti-xətti”, “Kamil Əliyev yaradıcılığının bədii xüsusiyyətləri”, “Azərbaycan Xalq rəssamı Kamil Əliyevin xalça çeşnilərində milli naxış elementləri”, “Böyük düha Heydər Əliyevin bədii obrazı xalq rəssamı Kamil Əliyevin yaradıcılığında” və “Kamil Əliyev yaradıcılığında görkəmli şəxsiyyətlərin obrazı” adlı elmi məqalələr toplusu çap olunmuşdur.

Həmçinin 2022-ci ilin 6 ayı ərzində Texnologiya Mərkəzinin “Toxuculuq” kabinəsində 21 ədəd müxtəlif ölçülü xalça, keçə üzərində 2 ədəd Naxçıvan milli mədəniyyətinə aid naxış nümunəsi və 2 ədəd xarı bülbül toxunmuşdur.

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının əməkdaşlarının xalçaçılıq sahəsində araşdırmaları davam etdirilmiş, “Naxçıvan xalçaçılıq məktəbi” adlı fənnin proqramı yenilənmiş, “Maddi-mənəvi mədəniyyət nümunələrimizdən olan xalçalarımız” adlı məqalə impakt faktorlu jurnalda nəşr olunmuşdur.

Naxçıvan Müəllimlər İnstitutunda fəaliyyət göstərən “Xalça” dərnəyinin üzvləri tərəfindən toxunulan xalçaların və Naxçıvan Xalçaçılıq Məktəbi dərslərində tələbələr tərəfindən hazırlanan dekorativ əl işlərinin sərgisi keçirilmiş, ümumilikdə, cari ilin 6 ayı ərzində İnstitutun xalça dərnəyində 21 ədəd xalça toxunmuşdur.  Dövlət proqramı çərçivəsində təhsil müəssisələrində aparılan işlər şagird və tələbələrin, eləcə də xalçaçılıq peşəsinə marağı olan gənclərin yaradıcı fəallığına təkan verir.

Naxçıvan xalçaçılıq məktəbinin elmi cəhətdən və sistemli şəkildə araşdırılması, yeni elmi nəşrlərin hazırlanması, xalçaçılıq sahəsində unudulmaqda olan ənənələrin bərpası diqqətdə saxlanılmışdır. 2022-ci ilin 6 ayı ərzində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitu­tunda Naxçıvan xalçalarının sənətkarlıq xüsusiyyətləri elmi cəhətdən və sistemli şəkildə araşdırıla­raq tədqiq edilmişdir. Tədqiqat nəticəsində, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologi­ya İnstitutunda “Naxçıvan xalçalarında türkdilli xalqların xalçalarının oxşar motivləri” mövzusunda seminar keçirilmiş, tədqiqat zamanı 3 elmi və  2 qəzet məqaləsi nəşr edilmiş, 3 məqalə isə hazırlanaraq nəşrə təqdim edilmişdir.

Dövlət proqramının icrasına uyğun olaraq 2022-ci ilin 6 ayı ərzində əllə toxunmuş xalçaların reyestri sisteminə ümumilikdə 668 ədəd xalça daxil edilmişdir.

Turizm sektorunun inkişafına təkan verən başlıca amillərdən biri ənənəvi sənətkarlıq sahələrinin özünəməxsusluğunun qorunması və bu fəaliyyətin nəticəsi olan məhsulların müxtəlif üsullarla nümayiş edilməsidir. Həmin məhsullar içərisində əllə toxunan xalçalar xüsusi yer tutur. 2022-ci ilin 6 ayı ərzində Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində, eləcə də sosial şəbəkələrdəki səhifələrində xalçaçılıq irsinin təbliği məqsədilə 14 məlumat paylaşılmış, həmin məlumatlar eyni zamanda Azərbaycanın digər bölgələrində yerləşən turizm informasiya mərkəzlərinə, Azərbaycanda və 20-yə yaxın xarici ölkədə fəaliyyət göstərən turoperatorlara, eləcə də mehmanxanaların elektron poçt ünvanlarına göndərilmişdir.

Turistlərin Naxçıvan xalçaçılıq məktəbinə aid nümunələrlə daha yaxından tanış olması məqsədilə Naxçıvan Turizm İnformasiya Mərkəzinin və bir sıra otellərin foyelərində Naxçıvan xalçaları nümayiş olunmaqdadır.

Dövlət proqramına uyğun olaraq xalçaçılığın inkişafına hesablanmış tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

 Naxçıvan Muxtar Respublikası

 İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ŞƏRQİN SƏHƏRİ QƏZETİ

22 İYUL 2022-Cİ İL