Biznes Mərkəzində “Ailə təsərrüfatları kataloqu”nun təqdimatı olub

 

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən birgə hazırlanan “Ailə təsərrüfatları kataloqu”nun təqdimat mərasimində muxtar respublikada iaşə xidməti göstərən kafe-restoranların nümayəndələri iştirak edib. Tədbirdə çıxış edənlər ailə təsərrüfatlarına göstərilən dövlət dəstəyindən, kataloqda yerləşdirilən ailə təsərrüfatçılarının tam təbii və keyfiyyətlə hazırladıqları məhsullardan ətraflı bəhs ediblər.Qeyd olunub ki, mayın 19-da “Naxçıvan Saray” MMC-nin açılışı mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən ailə təsərrüfatları məhsullarının kataloqunun hazırlanması və xidmət sahələri ilə ailə təsərrüfatçıları arasında əlaqələrin gücləndirilməsi üzrə tapşırıq verilib. Verilən tapşırığa əsasən  “Ailə təsərrüfatları kataloqu” hazırlanıb. Kataloqdakı məhsulların hər biri laboratoriya şəraitində yoxlanılır, gigiyenik qaydalara və standartlara uyğunluğu daim nəzarətdə saxlanılır.

Diqqətə çatdırılıb ki, kataloqda istehlakçılara təklif edilən ailə təsərrüfatı məhsulları ayrı-ayrı 11 bölmədə yerləşdirilib. Süd və süd məhsulları, mürəbbə və cemlər, arıçılıq məhsulları, kompot və şirələr, turşular və sirkələr, spirtli içkilər, meyvə quruları və müalicəvi bitkilər, şirniyyat və doşablar, ət məhsulları, qovurmalar və digər məhsulların bölmələrində muxtar respublikada fəaliyyət göstərən 75-dən çox ailə təsərrüfatçıları və onların istehsal etdikləri məhsullar barədə məlumatlar verilib. Həmçinin burada hər bir təsərrüfat sahibinin ünvanı və əlaqə nömrələri də öz əksini tapıb. Bu da istehlakçının istehsalçı ilə daha rahat əlaqə yaratmasına və istədiyi məhsullardan əldə etməsinə imkan verəcək.

Qeyd olunub ki, hazırda muxtar respublika üzrə ailə təsərrüfatları inkişaf etdirilir, bu sahəyə daim dövlət dəstəyi göstərilir. Öz təsərrüfatını inkişaf etdirərək genişləndirən 400-dən artıq ailə təsərrüfatında müxtəlif çeşiddə məhsullar istehsal olunaraq festival və yarmarkalarda satışa çıxarılır, həmçinin xarici ölkələrə də ixrac olunur. Məhz elə kataloqun hazırlanmasında da əsas məqsəd muxtar respublikada fəaliyyət göstərən ailə təsərrüfatçılarının tanıdılması, istehsal edilən məhsulların təbliği və yerli sahibkarlarla əlaqələndirilərək həmin məhsullarının satışına dəstək olmaqdan ibarətdir.