Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində ötən il muxtar respublikada ərzaq məhsulları istehsal edən müəssisələr modernləşdirilib, bu sahədə yeni müəssisələrin yaradılması diqqət mərkəzində saxlanılıb, yeni anbarların qurulması, sahibkarlıq subyektlərinə dövlət maliyyə dəstəyinin göstərilməsi və digər tədbirlər həyata keçirilib.
Aqrar sektorun inkişafına xidmət edən mühüm tədbirlərdən biri də soyuducu anbarların yaradılmasıdır. Bu anbarlar bir tərəfdən istehsal olunan məhsulların satışı ilə əlaqədar meydana çıxan problemləri aradan qaldırmaqla meyvə-tərəvəz məhsullarının yetişdirilməsinə marağı artırırsa, digər tərəfdən əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatına imkan verir.
Qeyd edək ki, son illər muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sektor üzrə dinamik inkişafa nail olunub. Yeni emal müəssisələrinin yaradılması, məhsul istehsalçılarına dövlət maliyyə dəstəyinin göstərilməsi, məhsulun satışı üçün yarmarkaların keçirilməsi kənd təsərrüfatı sahəsində istehsalın həcminin ildən-ilə artmasına yol açıb.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti