“Sənaye ili” elan edilmiş 2022-ci ilin birinci yarımili ərzində ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 363 milyon 982 min manatdan artıq olmuşdur ki, bu da bir il öncəki göstəricidən 2,2 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2942 manatı ötmüşdür. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,2 faizlə sənaye sahəsi tutmuş və maddi istehsalın payı 57,9 faiz təşkil etmişdir.
2022-ci ilin 6 ayı ərzində sənaye məhsulu istehsalının həcmi 2,1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,4 faiz, kənd təsərrüfatı məhsulu 3,7 faiz, nəqliyyat sektorunda yük daşınması 1,7 faiz, informasiya və rabitə xidmətləri 2,6 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 1,5 faiz artmışdır.
Hazırda muxtar respublikada sənaye məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etmək istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu sahədə idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın qorunmasına və yerli istehsalın stimullaşdırılmasına diqqət getdikcə artırılır.
Cari ilin ilk yarısında sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 8 milyon 500 min 500 manat kredit verilmişdir ki, bunun da 4 milyon 903 min manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşmüşdür.
İnnovativ və müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye məhsulu istehsalının genişləndirilməsi, bu sahədə sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədilə Şərur Sənaye Məhəlləsinin yaradılması istiqamətində işlər davam etdirilmişdir.
Haliyədə sənaye məhəlləsində ayaqqabı, avropa qapıları, bərk və yumşaq mebel istehsalı sahələri fəaliyyət göstərir. Həmçinin corab istehsalı, məktəbli ləvazimatları, kağız kisə, karton tara, süd məhsullarının emalı və qablaşdırılması, meyvə-tərəvəzin konservləşdirilməsi və bitki yağı istehsalı sahəsinin qurulması istiqamətində işlər davam etdirilir.
Cari ilin birinci yarımilində muxtar respublikada xidmət sahəsinin inkişaf etdirilməsi, əhalinin asudə vaxtlarını daha səmərəli keçirməsi, həmçinin muxtar respublikaya turistlərin cəlb olunması istiqamətində işlər davam etdirilmiş, bu istiqamətdə 5 layihənin maliyyələşdirilməsinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 273 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının mühüm sahələrindən sayılan kənd təsərrüfatının daha da inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olmuş, cari ilin birinci yarımili ərzində süd emalı, heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq təsərrüfatları, istixana, soyuducu anbar olmaqla ümumilikdə 68 sahənin yaradılması və genişləndirilməsi başa çatdırılmış, həmçinin 34 kənd təsərrüfatı məhsulları istehsalı sahələrinin yaradılması davam etdirilmişdir. Ümumilikdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatı yönümlü 60 layihəyə 1 milyon 36 min 300 manat güzəştli kredit verilmişdir.
Kiçik sahibkarlığın baza potensialı hesab olunan ailə təsərrüfatlarının inkişaf etdirilməsi artıq muxtar respublikada həyata keçirilən ən mühüm iqtisadi tədbirlərdəndir. Muxtar respublikada istehsal olunan məhsulların tanıdılması məqsədilə qabaqcıl ailə təsərrüfatlarının məhsullarını əks etdirən “Ailə təsərrüfatları” kataloqunun hazırlanması başa çatdırılmışdır. Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin ötən dövrü ərzində 50 ailə təsərrüfatına 766 min 300 manat dövlət maliyyə dəstəyi də göstərilmişdir.
Özəl sektora dövlət dəstəyinin gücləndirilməsi, iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 2022-ci ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sənaye, kənd təsərrüfatı və xidmət sahələri olmaqla 80 layihənin maliyyələşdirilməsinə 6 milyon 212 min 300 manatdan çox güzəştli kreditlər ayrılmışdır.
Muxtar respublikada özəl sektorun şaxələndirilməsi, sənayenin inkişafı, Naxçıvan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə intensiv tədbirlər həyata keçirilir, nüfuzlu beynəlxalq sərgilərdə yerli şirkətlərin iştirakı təmin olunur. Belə ki, cari ilin 6 ayında 12 beynəlxalq sərgidə sahibkarların iştirakı təmin edilmiş, ümumilikdə 19 beynəlxalq tədbirdə 47 sahibkarlıq subyektinin 71 nümayəndəsi iştirak etmişdir.
2022-ci ilin 6 ayı ərzində Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən verilmiş 95 hаldа mənşə sertifikatları muxtar respublikada istehsal edilən məhsulların beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin etməklə müəssisələrin xarici ölkələrə məhsul ixracını asanlaşdırmışdır.
Aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlərdir. Bu məqsədlə cari ilin ötən dövrü ərzində dəyəri 5 milyon 523 min 471 manat olan layihə üzrə investisiya təşviqi və 11 təsdiqedici sənəd verilmişdir.
Dахili bаzаrda qiymətlərə və məhsulların keyfiyyətinə dövlət nəzarətinin həyata keçirilməsi də əsas məsələlərdən biri kimi qarşıya vəzifə qoyulmuş, cari ilin ilk yarsında 835 halda istehsal, ticarət və xidmət obyektlərində qiymət və keyfiyyətə nəzarət həyata keçirilmiş, 1108 halda ərzaq məhsullarından nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında təhlil edilmiş, əhali tərəfindən daha çox istifadə olunan 10 min 853 adda ərzaq və qeyri-ərzaq məhsullarının orta bazar qiymətlərinə nəzarət edilmiş və süni qiymət artımına yol verilməmişdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti