Soyuducu anbarlara məhsul qəbulu davam edir

 

İyul ayından etibarən Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması və satışı üzrə müasir soyuducu anbarlara meyvə və tərəvəzin qəbulu aparılır. Hazırda sоyuducu аnbаrlаr tərəfindən kartof məhsulunun 1-ci növü-40, 2-ci növü-25, qarışıq növü isə 30 qəpiyə tədarük edilir.

Muxtar respublikada ümumi tutumu 21 min 610 ton olan 48 soyuducu anbar mövcuddur ki, bu anbarlardan ümumi tutumu 13 min ton olan 31 soyuducu anbar meyvə-tərəvəz tədarükü təyinatlıdır. Bu anbarların yaradılması həm məhsulları qış dövründə istehlakçıya çatdırmağa, həm də ixracı artırmağa imkan verir. Eyni zamanda, anbarların hər biri yeni iş yerlərinin açılması ilə yanaşı, əhalinin meyvə-tərəvəz məhsullarına tələbatının bütün fəsillərdə yerli istehsal hesabına ödənilməsində mühüm rola malikdir.

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin laboratoriyası tərəfindən sоyuducu anbarlara tədarük olunan və istixana komplekslərində yetişdirilən məhsullardan 45 halda orta nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilib, 378 halda səyyar laboratoriya yoxlamaları aparılıb və göstəricilərin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.

Qeyd edək ki, muxtar respublikada yaradılmış soyuducu anbar təsərrüfatı payız-qış aylarında əhali istehlakında mühüm paya malik olan yerli meyvə və tərəvəz məhsullarının münasib qiymətlərlə satışa çıxarılmasına imkan verir. Bundan əlavə, soyuducu anbarlar, əsasən, muxtar respublikada yetişdirilən meyvə-tərəvəz hesabına doldurulduğundan aqrar sahənin inkişafına, istehsalçıların öz işini genişləndirməsinə stimul yaradır. Belə ki, soyuducu anbarlar muxtar respublikanın, demək olar ki, bütün rayonlarında olduğundan bu, meyvə-tərəvəz məhsullarının daşıma xərclərinin və müvafiq olaraq satış qiymətlərinin də aşağı salınmasına təsir edir.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti