Muxtar respublikada sənaye məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etmək istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu sahədə idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın qorunmasına və yerli istehsalın stimullaşdırılmasına diqqət getdikcə artırılır.
Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Belə ki, muxtar respublikada sənayeləşmənin sürətləndirilməsi, müəssisələrin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın təşkili, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi məqsədi ilə 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilmiş, bununla bağlı Tədbirlər Planı təsdiq olunmuşdur. Bu sahədə sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədilə Şərur Sənaye Məhəlləsinin yaradılması istiqamətində işlər davam etdirilmişdir.
Haliyədə sənaye məhəlləsində ayaqqabı, avropa qapıları, bərk və yumşaq mebel istehsalı sahələri fəaliyyət göstərir. Həmçinin corab istehsalı, məktəbli ləvazimatları, kağız kisə, karton tara, süd məhsullarının emalı və qablaşdırılması, meyvə-tərəvəzin konservləşdirilməsi və bitki yağı istehsalı sahəsinin qurulması istiqamətində işlər davam etdirilir.
Ali Məclis Sədrinin müvafiq Sərəncamına əsasən “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması istiqamətində işlərə başlanılmış, yun iplik istehsalı sahəsinin yaradılması məqsədilə layihə hazırlanmışdır. Bu ilin aprel ayından etibarən yeni iplik müəssisəsinin layihəsi reallaşdırılır.
Cari ilin 7 ayı ərzində sənayenin inkişafı məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən sənaye yönümlü 17 layihənin maliyyələşdirilməsinə 4 milyon 933 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. Bu il Fond tərəfindən sənaye sahəsi üçün ayrılan kreditlər hesabına yeni salfet istehsalı sahəsinin yaradılması, Naxçıvan şərab müəsisəsinin fəaliyyətinin bərpa edilməsi, “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyəti və Babək “Sirab” ASC tərəfindən yeni avadanlıqların alınması və istehsal xəttinin quraşdırılması təmin ediləcəkdir.
Özəl sektora dövlət dəstəyinin gücləndirilməsi, iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 2022-ci ilin 7 ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sənaye, kənd təsərrüfatı və xidmət sahələri olmaqla 94 layihənin maliyyələşdirilməsinə 6 milyon 444 min 600 manat güzəştli kreditlər ayrılmışdır.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2022-ci ilin yanvar-iyul aylarında 682 milyon 400 min 400 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti