Cari ilin 8 ayı ərzində sənaye və kənd təsərrüfatı sahəsində mühüm tədbirlər həyata keçirilib

 

 

 

Muxtar respublikada sənaye məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etmək istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu cür tədbirlər Sənaye ili elan olunmuş 2022-ci ilin 8 ayı ərzində də  davam etdirilmişdir. Bəhs olunan dövrdə yerli xammala əsaslanan istehsal sahələrinin qurulması, keyfiyyətli və ixracyönümlü məhsul istehsalına nail olunması məqsədilə 117 istehsal və xidmət sahəsi istifadəyə verilmişdir.

Yeni duz istehsalı müəssisəsinin, enerji içkilərinin, karton tara və kağız paket, salfet, spirtli içki, yun iplik sahələri olmaqla ümumilikdə 73 sahənin yaradılması davam etdirilmişdir. Cari ilin 8 ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sənaye yönümlü 19 layihəyə 4 milyon 964 min manatı kredit verilmişdir.

İnnovativ və müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye məhsulu istehsalının genişləndirilməsi, bu sahədə sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədilə Şərur Sənaye Məhəlləsinin yaradılması istiqamətində işlər davam etdirilmişdir. Haliyədə sənaye məhəlləsində ayaqqabı, avropa qapıları, bərk və yumşaq mebel istehsalı sahələri fəaliyyət göstərir. Həmçinin corab istehsalı, məktəbli ləvazimatları, kağız kisə, karton tara, süd məhsullarının emalı və qablaşdırılması, meyvə-tərəvəzin konservləşdirilməsi və bitki yağı istehsalı sahəsinin qurulması istiqamətində işlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının mühüm sahələrindən sayılan kənd təsərrüfatının daha da inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olmuş, cari ilin 8 ayı ərzində süd emalı, heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq təsərrüfatları, istixana, soyuducu anbar olmaqla ümumilikdə 91 sahənin yaradılması və genişləndirilməsi başa çatdırılmış, həmçinin 41 kənd təsərrüfatı məhsulları istehsalı sahələrinin yaradılması davam etdirilmişdir. Ümumilikdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatı yönümlü 87 layihəyə 1 milyon 456 min manat güzəştli kredit verilmişdir.

 Kiçik sahibkarlığın baza potensialı hesab olunan ailə təsərrüfatlarının inkişaf etdirilməsi artıq muxtar respublikada həyata keçirilən ən mühüm iqtisadi tədbirlərdəndir. Muxtar respublikada istehsal olunan məhsulların tanıdılması məqsədilə qabaqcıl ailə təsərrüfatlarının məhsullarını əks etdirən “Ailə təsərrüfatları” kataloqunun  hazırlanması başa çatdırılmışdır. Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin ötən dövrü ərzində  74 ailə təsərrüfatına 1 milyon 95 min 600 manat dövlət maliyyə dəstəyi də göstərilmişdir.

Özəl sektora dövlət dəstəyinin gücləndirilməsi, iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 2022-ci ilin 8 ayı  ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sənaye, kənd təsərrüfatı və xidmət sahələri olmaqla 112 layihənin maliyyələşdirilməsinə 6 milyon 716 min manatdan çox güzəştli kreditlər ayrılmışdır.