Naxçıvan Dövlət Universitetində tələbələrlə görüş keçirilib

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetində “İqtisadiyyat” fakültəsinin tələbələri ilə görüşü olub.

 “İqtisadi təhlil və proqnozlaşdırma” şöbəsinin əməkdaşı Aqibət Əliyev çıxış edərək görüşün Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il iyunun 25-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq təşkil edildiyini bildirib.

İqtisadiyyat Nazirliyinin “Dövlət əmlakının idarə olunması,  özəlləşdirilməsi və cəmiyyətlərlə iş” şöbəsinin əməkdaşı Əhəd Məmmədov dövlət əmlakının idarə edilməsinin səmərəliliyinin artırılması, dövlət əmlakının qorunub saxlanılması və istifadəsi üzərində dövlət nəzarətinin təkmilləşdirilməsi yolu ilə dövlət müəssisələrinin rəqabət qabiliyyətini yüksəltməsi, dövlət əmlakının icarəyə verilməsi qaydaları haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin “Sənaye” şöbəsinin müdiri Elnur Mahmudov  çıxış edərək muxtar respublikada özəl sektorun innovativ  və yüksək texnologiyalara əsaslanın inkişafının təmin edilməsində, rayonlarda sənaye sahəsinin  inkişafı və məşğulluğun təmin olunmasında Şərur Sənaye məhəlləsinin əhəmiyyəti barədə geniş məlumat verilib.

Sonra mövzu ətrafında müzakirələr olub, tələbələri maraqlandıran suallar cavablandırılıb.