Şərur rayonunda yeni istehsal sahələri yaradılması uğurla davam etdirilir

 

Bu gün muxtar respublikamızın elə bir bölgəsini tapmaq olmaz ki, orada digər sahələrlə yanaşı, sahibkarlıq da diqqət və qayğı ilə əhatə olunmasın. Bunun da nəticəsində daxili bazar qorunur, əhalinin müxtəlif məhsullara olan təlabatı yerli istehsal hesabına ödənilir, yeni iş yerləri açılır. Bu da, öz növbəsində, məşğulluq probleminin aradan qaldırılmasını təmin edir. Özəl bölmənin, sahibkarlıq fəaliyyətinin inkişafı daxili bazarın yüksək keyfiyyətli yerli məhsullarla təmin edilməsinə əlverişli şərait yaratmaqla bərabər, xaricdən idxal olunan və mənşəyi məlum olmayan keyfiyyətsiz məhsulların muxtar respublikamıza gətirilməsinin qarşısını alır. Bundan başqa, yerli məhsulların xarici bazarlara çıxarılmasına geniş imkanlar açır, nəticə etibarı  ilə əlavə maliyyə vəsaitinin muxtar respublikamıza daxil olmasına şərait yaradır.

Bu işlər Şərur rayonunda da uğurla davam etdirilir, yeni istehsal sahələri yaradılır. Cari ilin əvvəlindən etibarən Sahibkarlığın İnkişafı Fondu tərəfindən muxtar respublikanın bölgələrində özəl bölmə təmsilçilərinin müxtəlif layihələrinin maliyyələşdirilməsi davam etdirilmişdir. 2022-ci ilin ötən dövrü ərzində fond tərəfindən Şərur rayonunda yeni layihələrin reallaşdırılmasına 515 min 300 manat həcmində güzəştli kredit verilmişdir. Aparılan kreditləşmədə əsas məqsəd sənaye sahəsində yeni layihələrin dəstəklənməsi, aqrar sektorun, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi olmuşdur. Ayrılmış kreditlər sənaye və kənd təsərrüfatı sahələri üzrə olmaqla, ümumilikdə, 35 layihəni əhatə etmişdir. 

Şərur rayonunda yeni sənaye müəssisələrinin yaradılması istiqamətində işlər 2022-ci ilin ötən dövrü ərzində də davam etdirilmiş,  dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına Şərur rayonunun Qarxun kəndində fiziki şəxs Tağı Tağıyev tərəfindən çörək istehsalı sahəsinin, Şərur rayonunun Qarxun kəndində fiziki şəxs Ramal Bağırov tərəfindən ayaqqabı istehsalı sahəsinin, Şərur Sənaye Məhəlləsinində fiziki şəxs Orxan Məmmədov və fiziki şəxs Bəxtiyar Səfərov tərəfindən mebel istehsalı sahələrinin, Şərur rayonunun Düdəngə kəndində fiziki şəxs Nağı Rəhimov tərəfindən dondurma istehsalı sahəsinin yaradılması başa çatdırılmışdır. Belə ki, bu müəssisələrdə, ümumilikdə, 24 nəfər üçün yeni iş yerləri yaradılmışdır.

Həmçinin qeyd olunan dövrdə dövlət maliyyə dəstəyi hesabına Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin, “Araz-3” MMC tərəfindən bitki yağı istehsalı zavodunun, “Şərur-3” MMC tərəfindən karton tara və kağız paket istehsalı sahəsinin və Şərur rayonunun Cəlilkənd kəndində fiziki şəxs Bilal Qasımov tərəfindən meyvə araqları istehsalı sahəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilmişdir.

Bəhs olunan dövrdə Şərur rayonunda sənaye sahəsinin inkişafının stimullaşdırılması üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3 layihənin maliyyələşdirilməsinə 32 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.

Əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün Şərur rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər görülür. Muxtar respublikada aqrar sektorun əsas hərəkətverici qüvvələrindən biri bu sahəyə göstərilən dövlət dəstəyidir. Həm istehsal, həm də emal prosesinə verilən dəstək yeni təsərrüfatların və emal müəssisələrinin yaradılması baxımından stimullaşdırcı xarakter daşıyır. Cari ilin ötən dövrü ərzində  Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 32 layihənin maliyyələşdirilməsinə 483 min 300 manat məbləğində dövlət maliyyə dəstəyi göstərilmişdir. Verilən vəsaitin 343 min 800 manatı heyvandarlığın, 50 min manatı soyuducu anbarın,  38 min 500 manatı quşçuluğun, 31 min manatı arıçılığın, 20 min manatı bağçılığın payına düşmüşdür. 

Şərur rayonunda yerli xammal ehtiyatlarından səmərəli istifadə etməklə yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılması məqsədilə müxtəlif istiqamətli layihələrin hazırlanması davam etdirilmişdir. Cari ilin ötən dövrü ərzində rayonda 8 heyvandarlıq, 1 bağçılıq, ümumi sahəsi 2715 kvadratmetr olan 2 istixana təsərrüfatının, ümumi tutumu 410 ton olan 2 soyuducu anbarın yaradılması, 10 heyvandarlıq, 1 arıçılıq, ümumi sahəsi 4650 kvadratmetr olan 4 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. Həmçinin dövlət maliyyə dəstəyi hesabına 7 heyvandarlıq, 1 quşçuluq təsərrüfatının, ümumi tutumu 150 ton olan 1 soyuducu anbarın yaradılması, 6 heyvandarlıq, 2 arıçılıq təsərrüfatının genişləndirilməsi üzrə işlər davam etdirilmişdir.

Şərur rayonunda istifadəyə verilən yeni müəssisələr özəl bölmənin inkişafına təkan vermiş, yerli istehsalın həcmi artmışdır.

Naxçıvan Muxtar Respublikası

 İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ŞƏRURUN SƏSİ QƏZETİ 07 OKTYABR 2022-Cİ İL