Muxtar respublikanın arıçılıq məhsulları Arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkasında nümayiş olunur

 

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 1-dən etibarən Bakı şəhərində ənənəvi Arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq bütün  məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb. Bu  il keçirilən yarmarkada növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edir. Hər arıçı yarmarkaya maksimum 400 kiloqram  bal və 30 ədəd arı şanı satışa çıxarıb.

 Naxçıvan balının dadı, ətri və özəllikləri, bal nümunələrini təqdim etmək üçün Naxçıvan Muxtar Respublikası Arıçılar İctimai Birliyinin sədri  Etibar Məmmədov və “Naxçıvan Arıçılıq” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Allahverdi Allahverdiyev sərgiyə qatılıblar. Arçılarımız tərəfindən sərgidə 230 kiloqram Naxçıvan balı, həmçinin arı südü, mum, vərəmum, çiçək tozu və digər arıçılıq məhsulları nümayiş olunur. Eyni zamanda ilk dəfə olaraq muxtar respublikada istehsal olunan arı yemi də sərgiyə çıxarılıb.

 Qeyd edək ki, oktyabrın əvvəlindən start götürən sərgi oktyabrın 20-dək davam edəcək.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti